BMT-nin Baş katibi Pan Gi Munun və Amerika prezidenti Barak Obamanın G-20 sammitindəki brifinqlərini izləyəndən sonra pessimist qənaətimi yazmışdım. Qeyd etmişdim ki, bütün günü terrora qarşı mübarizədən danışan bu liderlər Qarabağdakı terrorçu və işğalçıların adını belə çəkmədisə, deməli, onlardan ədalət ummağa dəyməz.
Budur, Ermənistan mediası “böyük diplomatik qələbə”dən yazır. Məsələ burasındadır ki, Dağlıq Qarabağ separatçılarının “xarici işlər naziri” Karen Mirzoyan Vaşinqtona səfər edib və Amerika konqresində görüşlər keçirib. Ermənilər təbii ki, toy-bayram edəcək. Mirzoyan elə hava limanındaca saxlanıb Azərbaycana təhvil verilməliydi, nəinki Konqresdə yuxarı başa çıxarılmalıydı. Fakt budur ki, həmin bu Karen dəftər-kitabla Azərbaycan vətəndaşıdır, ancaq bizim pasportu daşımır. Onda Amerikaya hansı pasportla gedib?
Təbii ki, pasportu Ermənistandan alıb. Maraqlıdır, sabah Donesk-Luqanskda, Dnestryanıda, yaxud Abxaziya, yaxud Cənubi Osetiyadakı separatçı rejimlərin “xarici işlər nazirləri” Vaşinqtona gedib Amerika Konqresində görüşlər keçirtmək istəsə, Ağ Ev onlara “yaşıl işıq” yandırarmı? Təbii ki, yox. Necə ki, bu illərdir bunu etməyiblər, hətta ABŞ BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü səsə qoyulanda digər iki həmsədr kimi bitərəf mövqedə dayanmışdı. O birilərini başa düşürük, Fransa “Ermənistanın bacısıyıq”, Rusiya da “ağasıyıq” deyir. Bəs, Amerika, ədalət gözlədiyimiz supergüc, “demokratiya beşiyi” niyə separatçı rejimlər arasında təsnifat aparıb ermənilərə, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq istəyənlərə niyə bu qədər fürsət tanıyır? Mirzoyan Amerikada pul yığıb qayıdacaq Qarabağa, diləndiyi pulları silah-sursata verib başımıza od ələyəcək, oğullarımızı şəhid edəcək. Demək, burada Amerika rəsmiləri də suçludur.
ABŞ separatçı rejimin hər “seçki” şousundan sonra “tanımırıq” deyir, ancaq tanımadığı separatçı rejimə 20 ildən çoxdur ki, yüz milyonlarla yardım edir. Adını da qoyurlar ki, minaların təmizlənməsi, yaxud sosial layihələrə ayrılır. Dövlət “tanımadığı”na necə yardım edə bilər, özü də üs-üstə 2 milyardlıq? Amerika kimi ciddi ölkənin rəsmiləri tanımadığı rejimin “xarici işlər naziri”ni necə olur ki, yüksək səviyyədə qəbul edir, Konqresdə ona tribuna verir?
Bu, ona bənzəyir ki, özünü “İslam dövləti” elan etmiş İŞİD-çilərə, başkəsənlərin “xarici işlər naziri”nə “gəl, çıx yuxarı başa” deyilir. Amerika rəsmiləri buna qol qoyarmı? Nə fərqi, İŞİD də özünü dövlət elan edib, “DQR” də? Üstəlik, Suriyadan qaçan xeyli terrorçu da Dağlıq Qarabağda əlinə silah alıb Azərbaycana qarşı döyüşür…
ABŞ-ın Azərbaycandakı səfirliyi bir daha bəyan edib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyün tanıyır. Tutaq ki, belədir, onda “tanımadığın”ı qəbul etmək, onun Amerikada telemarafon keçirib pul yığmasına imkan tanımağın adı nədir, cənablar?
Deyək ki, Adam Şif ermənipərəst konqresmendir, bəs…Allah qoymasa, Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədridir axı. Guya tərəfsiz olmalıdır ki, danışıqlarda müsbət nəticə əldə olunsun. Amma bu adam Amerikaya gedən cani ilə nəinki görüşüb, hətta Konqresdə “Dağlıq Qarabağın müstəqilliyi”nə (!) həsr olunan tədbirə qatılıb. Bu, artıq o deməkdir ki, Uorlik Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanıyır.
“ABŞ səfir Uorlikə tam inanır və etimad göstərir” – ABŞ-ın Bakıdakı səfirliyindən deyiblər. Mümkündür ki, Amerika Uorlikə inansın, amma artıq Azərbaycan ona inanmır, xüsusilə də Mirzoyana qucaq açandan sonra.
Amerikanlar deyə bilər ki, ABŞ Konqresində icarəyə verilən otaqlar olur və Amerikanın erməni icması da “sünnət toyu” adı altında otağı kirayələyiblər və Karen kirvəni ora çağırıblar. Üstəlik, 6-7 konqresmen də iştirak edib, onlar da Ermənistan-Amerika dostluq qrupunun üzvləridir, əksəriyyəti də seçiciləri ermənilər olan Kaliforniya ştatındandır və s.
Bunlar keçməz. Qoy ABŞ rəsmi şəkildə izahat versin ki, niyə separatçı Mirzoyana Amerika ərazisinə daxil olmağa viza verilib, Karenin hansı üstünlüyü burda öz sözünü deyib ki, Amerika kimi qos-qocaman dövlət müttəfiqlik və əməkdaşlıq münasibətlərinə, beynəlxalq prinsiplərə xələl gətirən addım atıb? Bildiyimizə görə, Azərbaycan tərəfi separatçıların niyyəti ilə bağlı ABŞ-a xəbərdarlıq edibmiş, bir aylıq çalışmaların nəticəsi olmayıb. Artıq izahata ehtiyac yoxdur, “no comment”. Ən yaxşısı budur ki, Uorlikin ayağı bir daha buralara dəyməsin…