“Tütün və tütün məmulatı haqqında” qanun layihəsi çoxdan hazırlanıb. Buna baxmayaraq, qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq edilməsi mexanizmi bizdə işləmir.
Bunu AzVision.az açıqlamasında Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.
“Bu mexanizm bizdə işlək deyil. Belə ki, harada siqaret çəkməz olmaz, hansı hallarda cərimə olunacaq, cəriməni kim edəcək və cərimə vəsaiti hara yığılacaq kimi məsələlər tam müəyyənləşməyib. Cərimənin tutulması mexanizmi və kimin o işə nəzarət edəcəyi məlum deyil. Bu hələki hökumət tərəfindən müəyyənləşməyib”.
Milli Məclisin üzvü qeyd edib ki, adıçəkilən qanun layihəsini parlamentin yaz sessiyasının gündəliyinə salmağı düşünürlər: “Qapalı məkanlarda siqaretin çəkilməsini qadağan edən qanunu qəbul edək. Bu qanun qəbul ediləndən sonra həm siqaret çəkilməsinə qarşı mübarizə, həm də maarifləndirmə işi güclənəcək. Həmçinin qapalı məkanlarda siqaret çəkilməsinə qarşı cərimə sanksiyaları daha da sərtləşəcək”.
Qeyd edək ki, ötən gün mətbuatda bu məsələ geniş müzakirəyə səbəb olub. Bildirilib ki, Azərbaycanda “Tütün və ya tütün məmulatı haqqında” Qanun ilə qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq ediləcək.
Bu barədə məsələ yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.
Yeni hazırlanmış Məcəlləyə əsasən qanunla qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər.
Qeyd edək ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsində qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur.
Həmçinin, yeni Məcəlləyə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat bəbləğində cərimə edilir.