xalid kazimli kose 1

Qambiyanın prezidenti Yəhya Cammenin ölkəsini islam respublikası elan etməsi ilə bu cür ölkələrin sayı beşə çatıb. Bunlar İran, Pakistan, Əfqanıstan, Mavritaniya və Qambiyadır.

Göründüyü kimi, onların arasında cəmi bir ərəb ölkəsi var. 20 civarında ərəb dövlətindən yalnız biri adının qarşısına “İslam Respublikası” ünvanını əlavə edib.

Əslində isə islam respublikalarının başında Səudiyyə Ərəbistanı krallığı gəlir. Sadəcə, bu ölkənin müstəbid rejimi mütləqiyyətdir, krallıqdır və guya ki, teokratik rejimə sahib deyil. Fakt isə odur ki, ölkənin qayda-qanunları şəriət ehkamlarına əsaslanır.

İndi o ölkələrə Qambiya da qoşulub. Ona görə ki, onun əhalisinin 90 faizi, yəni mütləq əksəriyyəti müsəlmandır. Əhali etiqadca müsəlmansa bu fakt mütləq dövlətin siyasi quruluşunda və adında inikas olunmalıdır – məntiq belədir.

Əslində, dünyada mövcud olan müsəlman ölkələrinin bir çoxu bu beşliyə qoşulmaq yönündə irəliləyirlər. Demək olar ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi bütün ölkələrdə “islam respublikası” bərqərar etmək, ölkənin islam qayda-qanunları ilə idarə olunmasına çalışan qüvvələr var.

Yaxın Şərqi qan gölündə boğan İŞİD-in əsas məqsədi yaxınlıqdakı və uzaqdakı bütün dövlətlərin siyasi quruluşunu dəyişərək, onları “islam respublikası” etmək, daha sonra vahid xilafətdə birləşdirməkdir.

İŞİD-in niyyəti baş tutsa bütün islam ölkələri vahid dövlətdə birləşərək xristian dünyasının qarşısında dayanmalı, daha sonra isə yerlimüsəlman icmaların köməyi ilə onları da islam dövləti etməlidir.

Qambiya da bu sıraya qoşularaq bu hərəkata öz töhfəsini verəndən sonra güman etmək olar ki, gələcəkdə yeni-yeni ölkələrdə teokratik rejimlər qurulacaq və onlar dövlətin idarə olunmasında dini qayda-qanunları əsas götürəcəklər.

Bu cür idarəetmə üsulunu seçmiş və seçmək istəyən ölkələrdə belə bir düşüncə var ki, ölkədəki mövcud problemlərin, naqisliklərin, çatışmazlıqların əsas səbəbi ölkə əhalisinin “dindən uzaq düşməsidir” və ölkə dünyəvi idarəetmə üsulundan imtina etsə, bu, bütün dərdlərin dərmanı ola bilər.

Təcrübə isə əksini göstərir. Monarxiyadan reokratiyaya ilk transfer edən İran İslam Respublikası öz problemlərinin çoxunu dünyəvi təhsilə böyük önəm verməsi ilə həll edir. Bu ölkənin elm və təhsil sahəsində nailiyyətləri göz qabağındadır.

İranda “kitab oxumaq lazımdır” deyəndə təkcə Qurani-Kərimi nəzərdə tutmurlar, kimya, biologiya, fizika kitablarını da oxuyurlar, tibb elminə də önəm verirlər, nüvə fizikasını da öyrənirlər.

Çox qəribədir ki, islam respublikalarının hamısı dünyaya, xüsusuilə də firavan xristian ölkələrinə ən çox miqrant ixrac edən ölkələrdir.

Sanmaq olar ki, bu ölkələr dinə-imana qayıdıblar, haqqın yolunu tapıblar, indən belə, yəni ölkə rəsmən dini ehkamlarla idarə olunduqdan sonra hər şey yaxşı olacaq, insanlar firavan, təhlükəsiz, rahat yaşayacaqlar. Amma olmur. Buna görə də yüz minlərlə insan öz ölkəsindən qaçıb Avropaya sığınır.

Daha bir paradoks isə öz ölkəsindəki zülmdən qaçıb xilas olan, əli işə, çörəyə çatan adamların sığındıqları ölkədə öz həyatlarını yenə dini ehkamlar əsasında qurmaları, dini ayinlərə riayət etmələridir. Düzdür, deyilənə görə, öz həyatlarının bir düzənə girməsi üçün, eləcə də əlavə problemlər yaşamamaqdan ötrü dinlərini dəyişənlər də var və bu trend eldən-ilə artır, ancaq faktdır ki, Avropanın göbəyində oturub din davası edənlər də az deyil.

Bəs əslində necədir, doğrudanmı ayrıca götürülmüş bir ölkədə şəriət qayda-qanunlarının bərqərarı insanları xoşbəxt edə bilər. Prinsipcə, bu mümkün deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hansı ölkədə dünyəvi dövlət modeli mövcuddursa, oradakı tərəqqi daha barizdir. Hətta hansı ölkə milli, dini müstəvidə daha az mühafizəkardırsa, orda inkişaf daha sürətlidir.

Ona görə də Qambiya prezidentinin öz ölkəsinin adını dəyiçməsi hələ o demək deyil ki, Qambiya xalqı avtomatik xoşbəxt olacaq. Bu adam 20 ildən artıqdır ki, Qambiyaya rəhbərlik edir və belə görünür ki, ölkəsinə rifah və əmin-amanlıq gətirə bilməyib. Sadəcə, bir müddət də “yeni islahatlar”la baş qatacaq.

Загрузка...