Siyasət çirkin sahədir deyənlərə haqq qazandırmamaq getdikcə çətinləşir. Əfsuslar olsun ki, illərdir bu çirkinliyin altını çəkən məmləkətlərdən biri də Azərbaycandır. Keçək mətləbə.
Neçə gündür separatçı Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” Karen Mirzoyan Vaşinqtondadır. Əlbəttə ki, ABŞ-a ağır cinayətlərdə adı keçməyən hər kəs turist kimi gedə bilər, hərgah Mirzoyanın özü cinayətkar, qanunsuz bir qurumu təmsil edir.
Hələ harasıdır, saxta nazir müstəqil “dövlətin“ təmsilçisi kimi Vaşinqtonda, Konqresdə partapart görüşlər keçirir, “məruzələrlə” çıxış edir. Fotodan göründüyü kimi, Amerika Konqresdəki təmasların birində ABŞ-ın, Ermənistanın bayrağı ilə yanaşı, “DQR”in böyük bir bayrağı da asılıb. Mirzoyanı görüşlərdə isə Dağlıq Qarabağın ABŞ və Kanadadakı “nümayəndəliyinin” rəhbəri Robert Avetisyan müşayiət edir.
Bütün bunlara, Qarabağ separatçılarına daima qucaq açan, onlara hər il maliyyə yardımı edən ABŞ dövlətinin ikili standart yanaşmasına bəlkə də dözmək olardı, əgər eyni isti münasibət tutaq ki, Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgənin separatçı liderlərinə qarşı da sərgilənsəydi. Amma tam əksinədir: sonunculara qarşı maliyyə sanksiyaları tətbiq olunub, onların və yaxınlarının Qərb ölkələrinə, ABŞ-a girişi yasaqlanıb, bank hesabları bağlanıb .
İndi bunun ardınca ABŞ-ın Azərbaycandakı səfirliyinin Mirzoyanın səfəri ilə bağlı yaydığı “Birləşmiş Ştatlar, həmçinin Ermənistan da daxil olmaqla, digər heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır” açıqlamasını necə səmimi sayasan? Tanımaq ayrı necə olur ki? Nə vaxtadək belə növbətçi və quru bəyanatlarla Azərbaycan xalqının başının altına yastıq qoyulacaq? Biz gördüyümüzə inanaq, yoxsa səfirdən eşitdiyimizə?
Tanımamaq Krım, Abxaziya, Cənubi Osetiya kimi olar. Axı saxta “DQR”-in bayraq adlandırılan əski parçasının ABŞ kimi nüfuzlu bir dövlətin parlamentində nə işi? Nədən postsovet məkanındakı başqa separatçı qurumlara da eyni lütfkarlıq göstərilmir, onların bayraqları da Konqresə gətirilmir? Ən önəmlisi, parlamentində Dağlıq Qarabağın separatçı liderinə və uydurma bayrağına yer ayıran bir dövlət Qarabağ məsələsində ədalətli münsifliyə necə iddiaçı ola bilər?
Amerikanın ikili standartına dair başqa bir maraqlı və ibrətamiz detal. Karen Mirzoyan Vaşinqtonda sərbəst şəkildə yüksək səviyyəli görüşlər keçirirkən ABŞ Dövlət Departamenti cəbhə xəttindəki gərginlikdən narahatlıq bildirən bəyanat yaydı, tərəfləri təxribatlardan çəkinməyə çağırdı. Olsun. Amma Mirzoyanın Vaşinqtonda “DQR-in xarici işlər naziri” qismində qəbul və təqdim edilib onunla görüşlər təşkil olunması, Konqresdə separatçı qurumun əskisinin asılması (ABŞ parlamentinin murdarlanması) elə ən böyük təxribat, həm də prezidentlərin görüşü ərəfəsi böyük təxribat deyilmi?
Görəsən, Krım, abxaz, osetin separatçılarına deyil, məhz Qarabağdakı erməni separatçılarına ABŞ-ın bu sevgi-rəğbətinin səbəbi nədir?..
Əslində qoyulan sualların cavabı bəllidir. Əminik, Azərbaycan türk-müsəlman dövləti, zəngin neft-qaz ölkəsi olmasaydı, Ermənistan kimi xristian dövləti olsaydı, o zaman erməni işğalçılarına və separatçılarına yanaşma işğalçı və separatçı ruslara yanaşmadan ciddi fəqrlənməyəcəkdi.
Ən qəribəsi də odur ki, işğalçı Ermənistan bölgədə Qərbin köklü maraqları əleyhinə mövcud olan ən güclü alyansın üzvüdür – Qərbin sanksiyalar tətbiq elədiyi Rusiyanın 1 nömrəli müttəfiqi, forpostudur, onun yanındadır. Bunu o, Krım məsələsində, ötən il BMT-də Ukraynaya dair səsvermə zamanı dönə-dönə nümayiş etdirib. Gəl ki, bütün bunlar Amerikanın işğalçı və separatçı ermənilərə hüsn-rəğbətini azaltmır. “Səni sevəcəyəm sən sevməsən də”?
Siyasətdəki erməni çirkinliyi də elə budur.