Telman İsmayılov adlı milyonçu vardı, Allah heç qoymasa bizim həmyerlimiz sayılır. Hardasa Göyçayda doğulub yanılmıramsa. (Heç dəqiqləşdirməyə ehtiyac duymadım). Moskvada bazar işlədirdi. Türkiyədə hotel açmışdı. Dünən isə rus saytlarında xəbər oxudum: İsmayılov iflasa uğradığını elan edib, bunu qeydə almaq üçün uyğun orqanlara üz tutub.
Elə həmin xəbərin yanında başqa informasiya vardı: informasiya texnologiyaları üzrə dünyanın varlı biznesmenləri mükafat təsis ediblər. Yuri Milner (mail.ru-nun şeflərindən biridir), Mark Zukerberq (Facebook), Sergey Brin (Google) və başqalarının maliyyələşdirdiyi mükafat tibb, biologiya sahəsində böyük uğurlara görə hər il verilir. Ödülün məbləği illik 3 milyon dollara yaxındır. Nobel ödülündən iki dəfə çox. Telman İsmayılovun Cenifer Lopezə ödədiyi qonorarın iki misli. Adam öz ad gününə Lopezi gətirmək üçün 1 milyon 400 min dollar vermişdi.
Bax, adamı düşündürən elə budur. Necə olur ki, dünyaya çıxan bir azərbaycanlı (milliyyətindən asılı olmayaraq) hansısa yaxşı, xeyirxah işləriylə deyil, hansısa tələbəni oxutması, bir alimə mükafat, təqaüd verməsi ilə deyil, düşük, səfeh və görməmiş ad günü tədbirləri ilə yadda qalır? İsmayılov vaxtilə milyarder idi, indi deyirlər milyonçuya düşüb. Bundan kimə nə? Dünyada inanmıram bu hadisəyə dilxor olan 3-4 adam tapıla. İsmayılovun ad günlərində pul səpələyən Ziya Məmmədovu, Allahşükür bəyi, Abbas Abbasovu və pula görə gələn manısları çıxmaq şərtiylə. Ən gülüncü odur ki, adam saat kolleksiyası yığırdı. Zamanın qədrini bilməyən birisi…
Əlbəttə, burda qazanılan pulun mənbəyi də görünür rol oynayır. Düzgün qazanan adamlar, dini terminlə desək, halal işləyənlər halal da yaşayırlar.
Söz müqayisədən düşmüşkən, dünən “Yeni Müsavat”da YAP deputatı Səyavuş Novruzovun müsahibəsində bir müqayisə oxudum. Xəzərdə neft özülündəki qəzanı Yaponiyada 2011-ci ildə olan zəlzələ və sunamiyə bənzədib, deyir neynəyək, təbii fəlakət hər yerdə var. Ancaq orda yoldaş Novruzov açıq şişirtməyə yol verib. Deyir Yaponiyada o zəlzələdə 30 min adam öldü, 11 bal gücündə fəlakət oldu. Əslində zəlzələ 9 bal olmuşdu, ölü sayı da 15 min nəfər idi. Yaponların itkisini iki dəfə artırmaq bir yapistə nə verir? Üstəlik, dalğa hündürlüyü 15-20 metrə çatan okean sunamisi ilə Xəzərdəki 5-6 metrlik fırtına dalğasını müqayisə eləmək təxminən yapon imperatoru Akihito ilə Salyanın icra başçısı Tahir müəllimi müqayisə eləmək kimi bir şeydir.
Ancaq Səyavuş müəllim yaponlarla müqayisəyə başlayıbsa, nə deyə bilərik? Dəstəkləyirik, davamını yazırıq. Örnək üçün, yoldaş Novruzov gərək Yaponiyanın baş naziri Naoto Kan-ın həmin zəlzələdən sonra vəzifəsindən istefa verdiyini də deyərdi. Naoto yoldaş yaxşı işləmədiyini, reytinqinin düşdüyünü görüb işdən getmişdi. Halbuki heç 1 il deyildi baş nazir olması! Yəni, Səyavuş müəllim bu dünyada cəmi 10 ay işləyən baş nazirlərin yaşadığını bilirmi? Hardan bilsin… Heç lazımı da deyil. Tələb eləyən olmayandan sonra, nəyinə gərəkdir? Bizdə əlli dənə fəlakət, yüz dənə uğursuzluq olsun, bir nəfər istefa verməz. Azərbaycanda dövlət xadiminin axırıncı istefası 1999-cu ildə qeydə alınıb. Adamlar kreslodan ya birbaşa qəbir evinə, ya da zindana gedirlər. Üçüncü yol yoxdur.
Sonda uca millətimizin nəzərinə çatdırım ki, Səyavuş müəllimin hazırkı köhnə-təzə deputatxanada yeni bir vəzifəsi vardır: o, yeni yaradılan “İctimai birliklər və dini qurumlar komitəsi”nin sədridir. Əla seçimdir. Təbrik edirəm. Bu saat o vəzifəyə ən layiqli yoldaş Səyavuş müəllimdir. Elə bil müflis olmuş Telman İsmayılovu “Cenifer Lopes adına sığorta fondu”na müdir qoyursan.