Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasından sonra Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun son 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılması yenidən müzakirə mövzusuna çevrilib.
2007-ci ildə barəsində məhkəmə hökmü çıxarılandan sonra gözlənilənlərin əksinə olaraq, H.Məmmədovu Qobustan Qapalı Həbsxanasına köçürmədilər. Məhkum cəzaların İcrası Məcəlləsinə zidd olaraq, bu günə kimi MTN-in İstintaq Təcridxanasında saxlanılır.
General-leytenant Mədət Quliyevin milli təhlükəsizlik nazirinin birini müavini təyin edilməsindən sonra MTN-in İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin hüquqlarının pozulması da üzə çıxıb. Vəkil Cavad Cavadovun Modern.az saytına verdiyi məlumata görə, M.Quliyevin təyinatından sonra təcridaxanalarda vəziyyət müsbətə doğru dəyişib. Eyni zamanda, məhkumların pozulmuş hüquqları bərpa olunmaqdadır.
Bu halda Hacı Məmmədov Qobustan həbsxanasına köçürülə bilərmi?
Pentensiar Xidmətin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, məhkumun yerdəyişməsi haqda məlumatın verilməsi qanunaziddir:
“Cəza İcra Məcəlləsinin 16-cı maddəsinə əsasən məhkumun yerdəyişməsi haqqında məlumat, hətta yaxın qohumları və ailə üzvlərinə yalnız onun öz razılığına əsasən verilə bilər”.
Məlumatda qeyd edilir ki, hər hansı cəzalandırılan və ya təqsirləndirilən şəxsin yeri onun vəkili yaxud yaxınları tərəfindən açıqlana bilər:
“Qanun hətta onlardan alınan cavabın təsdiqlənməsi üçün Pentensiar Xidmətə ünvanalanan sualın cavablandırılmasına icazə vermir”.
Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.