Köhnə-təzə deputatxanamız siftəsini vətəndaşlıq haqda qanuna dəyişiklik etməklə başlayır. Necə deyərlər, siftəni korlamaq istəmirlər. Yapistlər hakimiyyətə gələndən bəri Azərbaycanda əsas fəaliyyət istiqamətləri vətəndaşlığın bir institut, anlayış, dəyər olaraq məhvindən ibarət olmuşdur. Prinsipcə, avtoritar rejim üçün düzgün istiqamətdir – vətəndaş olmayandan sonra, vətəni istədiyin qədər çalıb-çaparsan. Kim mane olacaq? Üstəlik, “vətən daşı”, “vətəndaş mamırı” mövzularında şeir qayıran insanların təpəsindən oğul-uşaqlarına, nəvə-nəticələrinə, kötücə və yadıcalarına bəs edəcək qədər pul tökürsən, onlar da özləri üçün buğlana-buğlana yaşayırlar. Vətəndaşın canı cəhənnəmə. Özü-özünə gün ağlamayan vətəndaşa sən niyə gün ağlayasan? Üstəlik, ortada el üçün ağlayan gözün perspektivləri haqda Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş konkret diaqnoz vardır.
Uzun sözün qısası, deputatxana vətəndaşlıq haqda qanunda qalan son salamat yeri də dəyişəcək: indən belə terrorçular, xaricdə din oxumaq adıyla gedib hərbi təlim keçənlər, konstitusiya quruluşumuzu zorla dəyişdirmək istəyənlər və sairə – prinsipcə, orda hər birimizin adını yazmağa yerlər, qrafalar saxlanılsa daha məqsədəuyğundur – Azərbaycan Respublikasının vətəndaşlığından məhrum ediləcəkdir.
Məncə, bu, bir az gülünc qanun olacaq, bəlkə deputatxana kimi ciddi yer üçün də həddi aşmaqdır. İlk növbədə ona görə ki, tutalım (həm də adamı tutmaq mənasında) bir şəxs terrorçudur, bunu vətəndaşlıqdan çıxarıb neyləyəcəyik? “Başqa ölkəyə verəcəyik” deyirlərsə, o zaman təklif edirəm deputatxana üzvləri azərbaycanlı terrorçuları sevərək, qucaq açaraq vətəndaşlığa götürmək istəyən o sarsaq dövlətlərin adlarını indidən açıqlasın.
Ola bilər kimsə İŞİD-ə qoşulsun, sonra Bakıya gələndə şanlı polisimiz bunu tutub təzədən təyyarə ilə Raqqa şəhərinə atsın. Yaxud nardaranlıları İrana qovmaq mümkündür. Ağlıma ayrı mexanizm gəlmir.
Eyni zamanda bu əcaib dəyişikliyi hazırlayanlar Azərbaycanın da imzaladığı çox önəmli bir sənədi yaddan çıxarıblar. BMT İnsan Haqları Bəyannaməsinin 15-ci maddəsi məhz bu vətəndaşlıq məsələsinə həsr olunub: “Hər bir şəxs vətəndaşlıq hüququna malikdir. Heç kim özbaşına olaraq vətəndaşlıqdan və vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz”. Əlbəttə, bunun da çarəsi var – gərək Azərbaycan beynəlxalq hüququn üstünlüyü haqda qərarından imtina eləsin. Örnək üçün – bizim ayrı hardan öyrənəcəyimiz var ki – bugünlərdə Rusiya deputatxanası (Duma adlanır – guya çox ağıllı, fikir-düşüncəli məxluqlar toplaşıb orda) belə bir qanun qayırıbdır. Daha beynəlxalq konvensiya və qanunlar Rusiya ərazisində keçərli sayılmır. Əsas Putinin əmrləridir. Biz də elə bir qanun qayırsaq müxalifətçilərin Avropa Məhkəməsinə müraciət eləyib hökumətdən qəpik-quruş udması kimi zərərli praktikalara son qoyular. Nəyə lazımdır riyakarlıq? Biz gərək öz suveren yolumuzla iri addımlarla irəliləyək. Brejnev demişkən.
Çoxlu azərbaycanlını vətəndaşlıqdan çıxarmağın müsbət tərəflərindən biri də odur ki, qarşıdan gələn neftsiz, böhranlı günlərdə yemək istəyən ağızların sayı azalar. Gördün manat devalvasiya edir, 100 min vətəndaşı çıxart. Gördün hava soyudu, “otopleniyaya” qaz verməyin nə mənası var? İstilik sistemi olan bütün binaların sakinlərini qovursan ölkədən, vəssalam. Məşhur ağsaqqalın lətifəsindəki kimi.
Bir nəfər taya yığır, taya qalxır, qalır yuxarıda, düşə bilmir. Gedirlər ağsaqqalı çağırırlar, deyir buna bir uzun ip atın. İpi atırlar. Tayanın başındakı bədbəxtə deyir ki, indi ipi bağla belinə. Bədbəxt bağlayır. Deyir indi ipi dartın. Dartırlar, adam düşüb “vətəndaşlıqdan çıxır” – ölür. Ölənin arvad-uşağı ağlaşır, deyirlər, ağsaqqal, bu nə iş idi, niyə öldü bu, ağsaqqal təəccüblə başını qaşıyır: “Vallah, heç özüm də bilmədim niyə öldü. Çünki bu üsulla quyudan o qədər adam çıxartmışam ki…”
Sözgəlişi, Nardaranı da tayadan eləcə düşürdülər.