“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Həmin layihəyə görə, xarici ölkələrdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimləri aparmaq qadağan oluna bilər.
İlahiyyatçı-alim Elşad Miri AzNews.az-a açıqlamasında bildirib ki, öncə yas mərasimi anlayışının dəqiqləşdirilməli olduğunu deyib: “Yəni, bu mərasim deyiləndə nə nəzərdə tutulur? Nə qədər adamla bu məsələ gündəmə gəlməlidir? Burada əsasən bir şeyin üzərinə gedilməlidir. Ümumiyyətlə, dinimizdə yas mərasimlərinin yeri yoxdur. Bu məsələ sonradan ortaya atılıb və bir peşə olaraq formalaşdırılıb. Bundan da əməlli-başlı pul qazanırlar.
Digər tərəfdən tək xaricdə deyil, ümumiyyətlə, Azərbaycanda təhsil alan insanlarla bağlı da araşdırılma aparılmalıdır ki, məsələyə ciddi qiymət verilsin”.
E.Miri qeyd edib ki, xaricdə dini təhsil alan insan hər hansı evdə 15-20 nəfərlə birlikdə həmin mərasimi keçirə və yaxud da hər hansı bir tədbirdə çıxış edə bilər: “Xaricdə təhsil alan insanlar öyrəndiklərini Azərbaycan vətəndaşlarına öyrədirlər. Ona görə də bu məsələyə daha geniş müstəvidən yanaşmaq lazımdır. Yerdə qalan məsələlər şərh edilib insanlara düzgün çatdırılmalıdır. Əks təqdirdə radikallar bunu dövlətin dinə qarşı tutduğu kimi təqdim edə bilərlər”.
Dini bayraqların yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərindən asılması məsələsinə gəlincə, ilahiyyatçı-alim bunu Nardaran hadisələri ilə əlaqələndirib: “Bu, Nardaran hadisələri ilə bağlıdır. Buna da müsbət yanaşmaq lazımdır. Bu gün dövlət özünüqoruma mexanizmini həyata keçirir. Baş verən hadisələrdən sonra həm də vətəndaşını qorumaq istəyir. Bunu anlayışla qarşılayıram”.