Moskvanın Presnensk Rayon Məhkəməsi noyabrın 23-də biznesmen Roman Manaşirovun iki ay həbs olunması barədə qərar verib.
Manaşirov 2 milyon rubl (32 min 600 manat) məbləğində rüşvət verilməsində vasitəçilikdə ittiham olunur.
İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andriyevskiyə verməkdə vasitəçilik edib. İstintaqda olduğu son iki gün ərzində Manaşirov bir neçə dəfə səhhətinin pis olduğunu bildirərək sağlamlıq vəziyyətinə görə sərbəst buraxılmasını tələb edirdi.
“Manaşirov və onun nümayəndələri biznesmenin ürəyində yaranmış problemlərə görə dəfələrlə təcili yardım çağırıb. Vəkillər biznesmenin səhhətində yaranmış problemlərə görə onun azad edilməsini xahiş ediblər” – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Manaşirovu həbsdən xilas etməyə Dövlət Dumasının deputatı İldar Samiyevin zəmanəti də kömək etməyib. Parlament üzvü şəxsən İstintaq Komitəsinin binasına gedərək müstəntiqlərə öz çoxdankı dostunu buraxmağı xahiş edib.
J.Rafailov haqqında “cinayətkar cəmiyyətin təşkilı” maddəsi ilə cinayət işi qaldırılıb. Onun firmasında yüzlərlə qeyri-leqal miqrant çalışıb. Bundan başqa Rafailovu müstəntiqlər qaçmış oliqarx Telman İsmayılovun ən yaxın köməkçisi kimi xatırlayırlar.
2 milyon rublun verilməsi vaxtı Andriyevskiy, Rubaşkin və Manaşirov saxlanılıblar. Podpolkovnik Vladimir Andriyevsk İstintaq Komitəsinin binasında dindirilmə zamanı qaçıb, amma onun həmkarı noyabrın 21-də həbs edilib.
Manaşirov 1969-cu il, mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra hüquqi təhsil almaq məqsədilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. “Praqa pasajı” ASC, “Armada” MTK, “Qrand Sity” ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir (ANS PRESS).