Bu yazını başımda papaq, ayağımda yun corab, əynimdə qalın paltar yazıram. Xeyr, hələ ki, Allahın lütfi sayəsində xəstələnməmişəm. Amma bir neçə gün də belə davam eləsə, tək mən, yaxud ailə-uşaq deyil, Bakı sakinlərinin mütləq əksəriyyəti əlində resept ucuz apteklərin sorağına düşəcək. Əlbəttə ki, “Azəriqaz”la “Azəristiliktəchizat”ın sayəsində…
Artıq rəsmən elan olunan qış vaxtının bir həftəsi geridə qaldı. Ancaq hələ də iki dövlət qurumu borc davası aparır. Vətəndaşa nə dəxli var kim kimə borcludur?
Bir-iki ay öncə belə xəbər yayılmışdı ki, planeti son illərin ən sərt qışı gözləyir. O zaman “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev “qurum istənilən hava şəraitinə hazırdır” deyib əhalini sakitləşdirmişdi. “Hazırlıq” beləmi olurmuş?!
Böyüklər birtəhər dözər. Təsəvvür edin, 3 minə yaxın yaşayış binası, məktəb, uşaq bağçasının qazanxanasının qazı bağlanıb. Bəs, bu bağçalarda tərbiyə alan, məktəblərdə oxuyan, evlərdə yaşayan balaların taleyi sizi heç narahat eləmir, əmilər? Onlar sizin barənizdə nə düşünür, fərqindəsinizmi?
Sonuncu dəfə Rafiq Əliyev “Yeni Müsavat”a 24 apreldə demişdi ki, hər şey qaydasındadır və qış mövsümünə tam hazırdırlar, xətlər tam yoxlanıb, və s. Elə eyni vaxtda Azəriqazdan da qış hazırlığı raportu verilmişdi. Üstəlik, yay mövsümünün yekunu, qış hazırlığı, yaxud ilin yarımilliyi, 9 aylığı ilə bağlı prezident yanında keçirilən müşavirələrdə bu qurumların rəhbərləri bir səslə pionersayağı “həmişə hazırıq” deyiblər.
Əgər ortada borc məsələsi var idisə, bu, o deməkdir ki, qışa hazırlıq da natamam imiş. Deməli, faktiki olaraq ölkə rəhbərliyi də aldadılıb? Deyilə bilərdi ki, filan qurumun külli miqdarda borcu yığılıb, ona görə də bu qış Bakıya istilik verilə bilməyəcək. Yəni havalar isti ikən bu qurumlar öz problemlərini çözməliydilər, yoxsa qar qapını kəsdirəndən sonra başlayıblar qovğaya…
Qəribəsi odur ki, son günlərədək real vəziyyət barədə düzgün məlumat verilmədi. Hətta qış vaxtına keçiddən bir gün sonra, 16 noyabrda “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev mətbuata demişdi ki, “Azəristiliktəchizat” ASC qazla tam şəkildə təmin olunub. Sitat: “Biz tələb olunan miqdarda qazla ”Azəristiliktəchizat”ı təmin etmişik. Hansı qazanxanalara qazın açılması üçün müraciət olunubsa, onlara qaz verilib. Ümumiyyətlə, respublikamızın ərazisində qazla bağlı heç bir məhdudiyyət yoxdur. Təhlükəsizlik qaydalarına cavab verən bütün qazanxanalara qaz verilib”. İndi də təhlükəsizlik məsələləri, texniki şərtləri ortaya atıblar. Necə olur keçən il qaz verilən qazanxana bu il tələblərə uyğun gəlmir?
Neçə vaxtdır ki, Gürcüstan hökumətini qınayırıq, ittiham edirik ki, Tiflis Azərbaycana xəyanət edir, bizim qazımızı qoyub Rusiyanın “Qazprom”u ilə anlaşır. Hətta məlum olur ki, hökumətimiz gürcülərə qazı bizdən də ucuz satırlar, bundan sonra da aşağı qiymətə təklif edirlər.
Amma ayıldıq ki, “Azəriqaz” ölkənin paytaxtını qızdırmağa qaz tapmır. Gürcülərdən ayıbdır. Deməli, onlar vəziyyəti bizdən yaxşı bildiyi üçün alternativlər axtarırmış, Rusiyadan, İrandan qaz idxal etmək fikrinə düşübmüşlər. Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov “bizim çıxaracağımız qaz ehtiyatı artıq 2040-cı ilədək tamamilə satılıb”-deyəndə inanmamışdıq.
Burda nəsə başqa müəmmalar var. Deyəsən, məsələyə ölkə rəhbəri müdaxilə etməsə, vəziyyət dəyişməyəcək. Bəs, elə isə bu qurumların işi nədən ibarətdir? Prezident milli təhlükləsizlik məsələlərinə də müdaxilə eləsin, qazanxanalardakı təhlükəsizlik qaydalarına, ya iki qurumun arasındakı dava-dalaşa da? Onda prezidentin tapşırıqlarını yerinə yetirməyən, əhalini narazı salan qurum (lar) nəyə gərəkdir?
Və istiliyə cavabdeh olanların sonuncu, buz kimi cavabı belə olub: “Borcumuz çoxdur, ödəyirik, amma qaz təchizatı 2 ay dayandırılsa da biz o borcların hamısını ödəyə bilmərik”. Təsəvvür edin, ölkələr borca görə anlaşır ki, əhalisi soyuqdan donmasın, bizim ölkədə vətəndaşın, dövlətin vəsaiti ilə mövcud olan qurumlar pul davası edib camaatı dondurur. Bakıda onsuz da kəsməyə ağac qoymayıblar, nə edək, rayonlardakı fermalardan təzəkmi daşıyaq? Heç olmasa trikotaj fabriklərə ədyal istehsalını artırmaq üçün sifariş verilsin. Devalvasiya, bahalaşma bəlasının üstünə biri də əlavə olunub. Camaatı qışdan çıxartmaq lazımdır…