Dünya Səhiyyə Təşkilatının 2012-ci il statistikasına görə ürək-damar xəstəlikləri dünyadakı ölümlərin 1 nömrəli səbəbidir. 2010-cu ilin statistikasına əsasən ABŞ-da ürək-damar xəstəliklərinə xərclənən maddi vəsaitin həcmi 444 milyard dollar olmuşdur. Ürək xəstəliklərindən qorunmaq daha asan və ucuzdur. Hal-hazırda inkişaf etmiş ölkələr ürək xəstəliyinə tutulmadan, risk altındakı insanları seçib müalicə etmək üçün qızğın araşdırmalar aparır, dövlət proqramları hazırlayırlar.
Ürək xəstəlikləri risk faktorlarını 2 qruba bölmək olar; 1)dəyişdirilməsi mümkün olmayan (yaş, cinsiyyət, ailədə ürək xəstəliyi olması, etnik kök) və dəyişdiriləbilən risk faktorları (aşağıda sadalanmışdır). Aparılan araşdırmalara görə ürək xəstəliyinə tutulmamaq üçün aşağıdakı məsləhətlərə əməl etmək lazımdır.
1. Siqareti kəsin. Əgər siqaret çəkirsinizsə siqaret çəkməyənə görə ürək xəstəliyi riski sizdə ən az 2 dəfə artıqdır. Siqaret çəkənlər miyokard (ürək əzələsi) infarktını siqaret çəkməyənlərə görə daha ağır keçirir, gənc yaşda infarkt keçirmə ehtimalı artır. Siqaret çəkən qadınlarda risk daha çoxdur. Siqareti kəsənlərdə risk 3-5 il içində azalaraq, heç siqaret çəkməyənlə eyni səviyyəyə geriləyə bilir.
2. Xolesterol səviyyəsini nizamlayın. Həddən artıq xolesterol ürəyi qidalandıran damarların iç səthini tutaraq, damarın vaxt keçdikcə daralmasına səbəb olur və ürəyin qidalanması pozulur. Doymamış bitki yağları və balıq yağı məsləhətdir. Heyvani yağlar və trans yağlar (marqarinlər) məsləhət görülmür.
3. Alkoqolu azaldın. Kişilər üçün gündə 1-2, qadınlar üçün gündə 1 qədəh alkoqollu içkiyə icazə verilir (xüsusilə, qırmızı şərab). Bundan artıq içmək zərərlidir. Alkoqolun ürək əzələsinə toksiki təsiri var.
4. Çəkinizə diqqət yetirin. Artıq çəkilərdən xilas olun.
5. Təzyiqinizi kontrol edin. Bir çox insanın yüksək təzyiqi olmasından xəbəri yoxdur. Bir çoxunun isə dərman müalicəsinə baxmayaraq təzyiqi arzu edilən səviyyədə deyil. Həkiminizdən yardım istəyin.
6. Hərəkətli insan olun. Oturaq həyat tərzi, əllə görülə bilən işləri texnologiyaya buraxmaq inkişaf etmiş ölkələrdə ürək xəstəliklərində ən çox günahlandırılan faktorlardan biridir.
7. Qan şəkəri səviyyəsini ölçdürün. Şəkər xəstələrində ürək damarlarının daralması prosesi sürətlənir.
8. Stresdən və əsəbdən uzaqlaşın. Həyat tərzi dəyişikliyi, meditasiya, yoqa, stres menecment proqramları kömək edə bilər.
9. Meyvə- tərəvəz yeyin. Avropa Ürək Cəmiyyəti gündə 200 qram meyvə və 200 qram tərəvəz yeməyi tövsiyə edir.
10. 6-8 saat yatın. Amerikan Ürək Cəmiyyəti ürək –damar xəstəliklərinin riskini azaltmaq üçün gündə 6-8 saat yatmağı məsləhət görür.
Hamınıza sağlam həyat arzu edirəm !
Vüsal Vəliyev, həkim-kardiolog
Musavat.com