Ukrayna bataqlığından çıxmamış Rusiya özünü indi də Suriya bataqlığına salıb. Bu dövlətə məxsus, içində 25 uşağın da olduğu A321 sərnişin təyyarəsinin terrorçular tərəfindən partladılması və 224 dinc sakinin həlak olması Kremlin Suriya avantürasına görə ödədiyi yalnız ilk ciddi bədəldir. Niyə ilk?
Ona görə ki, Moskva, konkret olaraq prezident Putin hələ də özünü bilməzliyə vuraraq, terror aktı versiyasını qəbul eləməyə tələsmir. Halbuki artıq Rusiyanın özündə də buna şübhə etmirlər.
Rəsmi Kreml isə ona görə gerçəkdən qaçır ki, həqiqətin etiraf ediləcəyi təqdirdə ruslara izahat verməli olacaq, onların bu cür sərt sualları ilə üzləşəcək ki, öz xalqına qənim kəsilmiş bir diktatora – Bəşər Əsədə görə günahsız insanları, körpələri güdaza verməyə dəyərdimi, siyasət gerçəkdənmi bu qədər çirkin sahədir və ümumiyyətlə, ayyarımlıq Suriya əməliyyatı Rusiyaya, rusiyalılara nə verib, ağır canlı itkilərdən savayı?
Razılaşaq ki, Rusiya rəhbərliyi üçün olduqca ağır suallar, daha doğrusu, ağır ittihamlardır. Elə ona görə də Putin həqiqətin etirafından yayınır. Maksimum da yayınacaq. Fəqət, rusiyalıların vəziyyəti bununla yaxşılaşmayacaq. Nədən ki, Putinə hakimiyyəti saxlamaqdan ötrü Rusiyanın “supergüc” imicini bərpa eləmək hava-su kimi lazımdır. Bunun üçün o, Bəşər Əsədə də bir “muncuq” verib…
Kremlin postsovet məkanında payladığı “muncuqlar” isə saysız-hesabsızdır. Onlardan ikisi işğalçı Ermənistanla Azərbaycanın payına düşür. Guya ki, Rusiya Azərbaycana da dost ölkədir, Ermənistana da. Lap dəqiq ifadə eləsək, gözümüzdən pərdə asmaq üçün Rusiya rəsmiləri adətən belə deyirlər ki, “Ermənistan bizim strateji müttəfiqimiz, Azərbaycan isə strateji tərəfdaşımızdır”.
Amma Moskva “strateji müttəfiqi” ilə, “strateji tərəfdaşı” arasında 27 ildir alovlanan, hazırda isə tüstülənən Dağlıq Qarabağ münaqişəsini yoluna qoymaq istəmir – buna mislsiz imkanı ola-ola. O zaman Putinin “muncuqlarının” qiymətli olmasına kim inanar?
Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfəri də eyni qəbildən idi və əslində ermənilərə təzə “muncuq” aparmaq, onları sakitləşdirməkdən savayı başqa hədəf güdməyib. Nazirin “Rusiya və Ermənistan həmişə bir-birinə arxadır” sözləri məhz ermənilərin Rusiyanın gözündə həmişə ən əziz olduğu imitasiyasını saxlamağa hesablanmışdı.
Rusiya “muncuqlardan” Abxaziya, Cənubi Osetiya, Dnestranı bölgə və Donbas separatçılarının da liderlərinə paylayıb. Ancaq bu, bir qədər uzağın söhbətidir. Kremlin təzə muncuq siyasəti isə onun haqda dünyada sülhpərvər imiclə bahəm, qüdrətli dövlət imici yaratmağa yönəlib.
Lakin hər iki hədəfə çatılması müşkül məsələdir. Əvvəla, ona görə ki, Rusiya olan yerdə sülh yox, münaqişələr olur. Kreml hara getsə ora dağıntı, sabitsizlik, məhrumiyyətlər aparır, nəinki əmin-amanlıq, inkişaf və rifah. Suriya da istisna olmayacaq.
Baxın, SSRİ 24 ildir dağılıb, Rusiya onun hüquqi-siyasi varisinə çevrilib, ancaq bu 24 ildə postsovet məkanında, dünyanın hər hansı digər məntəqəsində, Avropa qitəsi və Asiyada Moskvanın dəstəyi və ya iştirakı ilə hansısa qanlı münaqişənin həll edildiyini görmüsüzmü?
Olmayıb belə şey. Ona görə yox ki, buna şimal qonşumuzun nüfuzu yetməyib, – konkret olaraq Qarabağ məsələsində bu nüfuz qədərindən artıqdır – o səbəbdən ki, Moskva nüfuzu olsa da, olmasa da xarici siyasətini həm də barmağı olduğu münaqişələr üzərində qurur.
Köhnə-yeni muncuq siyasətinin başqa bir adı da elə budur – şər siyasəti. Şər siyasətini isə şər ölkələr (imperiyalar) aparır – dağılana kimi.