İnternetdə bir video gördüm, başlığı belə idi: “Yol polisi ilə hərbçi yaxalaşdılar”. Videonun məzmunu belə idi ki, Bakıda, yanılmıramsa “Memar Əcəmi” metrosu tərəfdə yol polisi evakuator maşını ilə bir ordu zabitinin avtomobilini cərimə meydançasına aparmaq istəyir, ancaq zabit hadisə yerinə gəlib çıxıb, etiraz edir. Doğrudan da, qanuna görə sürücü gəlibsə evakuatorun maşını aparmağa ixtiyarı yoxdur, uzağı qadağan edilən yerdə maşını saxlamağın cəriməsini yazmalıdır. Ancaq kimə deyirsən? Bizim ölkədə reketlik baş alıb gedir. Bunu təzəlikcə hətta dövlət başçısı da etiraf elədi.
Yol polisinin mətbuat xidməti isə həmin videoya gülünc şərh vermişdi, deyir baxdıq, orda yaxalaşma yoxdur. Guya hərbçi “Əcəmi” metrosunu topa tutmalı imiş, yalnız bundan sonra vəziyyətin ciddiliyi bilinərmiş.
Elə məni düşündürən də burada dava tərəflərindən birinin hərbçi olması idi. Öz avtomobilini yol polisindən ala bilməyən zabit sabah Qarabağı və işğal edilmiş başqa ərazilərimizi düşməndən necə azad edəcəkdir? Üstəlik, yapist yoldaşlar ordu quruculuğundan, orduya yardım fondunun günü-gündən deputat qarnı kimi şişməsindən dəm vururlar, ancaq biz həyatda əksini görürük. Gəlin etiraf edək, cəmiyyətdə ordunun nüfuzu çox aşağıdır.
Örnək üçün, indi bəzilərinin bəyənmədiyi 92-93-cü illərdə kimsə ordu zabitimizlə elə davrana bilərdimi? Ciyərini çıxardardılar. Həm zabit, həm də cəmiyyət. Bizim 2015-ci ildə baxdığımız videoda isə durum görün nə qədər acınacaqlı idi: hətta evakuatorun sürücüsü də zabitin üstünə bağırırdı! Halbuki həmin şəxs heç bir inzibati-hüquqi səlahiyyətləri, vəzifələri olmayan adi yük maşını sürücüsüdür.
Əlbəttə, 9 noyabr bayraq günümüzdə belə qanqaraldıcı mövzulara müraciət etmək istəməzdim. 1918-ci ildə indiki üç rəngli bayrağımızın rəsmi şəkildə ucaldılması dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. Bu baxımdan, təəssüf edici haldır ki, Dövlət Bayraq Meydanı İdarəsinin təzə rəisindən heç bir xəbərimiz yoxdur. Bundan qabaqkı rəis hazırda türmədə saxlanılır, onun ermənipərəst, vandal, korrupsioner, pedofil, kleptokrat, quldur, reket, soyğunçu, narkoman, narkobaron, seksual manyak, elə-belə manyak, satqın, xəyanətkar, xarici qara qüvvələrin dəyirmanına su axıdan beşinci kolon, xuliqan, üsyankar səfir, riyakar, yaltaq, saxtakar və sairə cinayət əməllərinin törədicisi olması tərəfimizdən aşkar edilib götürülmüşdür. Bəs indiki niyə heç nə eləmir? Haram olsun ona bayrağın Tacikistandan sonra dünyada ən uzun dirəyi! Belə mağmın şəkildə orda oturacaqsansa, bə sən niyə bayraqdar olursan? Qaxıl otur xarabanda, milləti başqa aktiv şəxsiyyətlər dalıyca aparsın. Ümid edirəm əlaqədar təşkilatlar bu tənqidlərimizdən nəticə çıxaracaqdır.
Ümiddən söz düşmüşkən, Ümid Partiyasının sədri İqbal Ağazadənin başına gələnlər də respublikamızın gələcəyinə ümidlərimizi xeyli azaldır. Adam gül kimi deputat işləyirdi, Xətai rayonunda ağacların qırılması, istixanaların buxarla təchizatı işlərində gərgin fəaliyyət göstərirdi. İndi isə Məzahir müəllim onu deputat qoymaq istəmir. Yerinə hansısa Araz Əlizadəni qoymaq fikri varmış. Halbuki, Araz müəllimi 90-cı illərin əvvəlində cəbhəçi qadınlar zontiklə döyüb qovurdular. Beləsi Xətaidə heç kanalizasiya qapaqlarının yenilənməsinə də nail ola bilməz.
Uzun sözün qısası, indi İqbal müəllim deyir deputat mənəm, Araz müəllim də deyir, yox, özüməm. Mənim fikrimcə uca millətimiz arasında barışıq, sabitlik, asayiş mühitini qorumaq üçün yaxşı olar bunların ikisi də deputat qoyulsun. Nə ziyanı var? Bir dairədən iki deputat daha yaxşı. Biri ağacların qırılması ilə kəskin mübarizə aparanda o biri iclasda düymə basıb qanunları qəbul edər. Bu yeniliyi başqa seçki dairələrində də tətbiq eləsək bayrağımız daha uca olar.