Qədim türk yurdu Kanadada (yəqin hörmətli oxucularımız agahdır, bunun adı “kənd” sözündən götürülüb, yerli hindu qəbilələri vaxtilə bizim dildə danışıblar) təzəlikcə parlament seçkiləri keçirilib, eynən bizdəki kimi, deputatxana üzvlərinin 95 faizini təzədən aparıb qoyublar kreslolarına. Çünki kreslonun ölçüsü deputatın oturacaq hissəsinə uyğun düzəldilib, bir deputat minimum 25 il gərək yerindən tərpənməsin. Hər təzə deputatın oturacaq hissəsinə uyğun kreslo qayırsan dövlətin iqtisadi büdcəsinə böyük ziyan olar. Nəyə lazımdır?
Əlbəttə, Kanadada deputatxana seçkisinin bizə bənzəməsini zarafat üçün yazdım. Mənim belə səviyyəsiz yumorlarımı hələ çox oxuyacaqsınız – deyilənə görə qabaqdan iqtisadi böhran gəlir. Hərçənd, mən dəqiq bilirəm ki, böhranın millətimizə təsiri olmayacaq, uzağı hamımız dua eləyəcəyik, əlimizi göyə qaldırıb bu epoxadan sakitcə keçəcəyik. Belə şeylərdən dəlisov toplumlar qorxsun.
Kanada seçkilərinə dönsək, orda doğrudan da müxalifətçi Liberal Partiya qalib gəlib və Tryudo soyadlı bir 41 yaşlı oğlanı ölkəyə baş nazir qoyublar. Məni bezdirən və bu etiraz yazısını qələmə almağa vadar edən həmin Tryudo-dur. Vallahi, bizi boğaza yığıbdır!
Hansı səhifəni açırsan, hansı xəbər lentinə baxırsan görürsən orda bu oğlanın dişini ağardan şəkli qoyulubdur. Altından da “Baş nazir öz kabinetinin 50 faizini qadınlardan seçdi”, “Kanadanın müdafiə naziri hind mənşəli sikh xalqının nümayəndəsi oldu”, “Fiziki məhdud vətəndaş və qaçqın da nazir qoyuldu” və sairə. Hətta bir yerdə yazmışdılar bu baş nazir gəncliyində nəşə çəkdiyini etiraf edib. Hiss olunur. Yoxsa ağlı başında olan baş nazir də belə kabinet qurar?
Özü də guya kiməsə acıq verirlər. Guya Kanada bu cür Nazirlər Kabineti ilə dünyada insan haqlarına önəm verdiyini göstərir. Mənasız söhbətdir. Ona qalsa bizim baş nazir Artur müəllimin hardasa 450 yaşı var, bu müddətdə bir naziri də özü qoymayıb. Vaxtı yoxdur belə xırda şeylərə! Başını qaşımağa imkan tapmır, sutkada 25 saat xalq üçün çalışır. Nazirlər gəlir, gedir, baş nazirimiz isə dəyişilmir. Ona görə Kanada inkişaf baxımından bizə çata bilmir. İl uzunu hər yeri qarla örtülü qalır. Yaşanası yer deyil. Evdən çıxırsan, bəzən adamı ağ ayı yeyir. Marallar küçədə arvad-uşağı buynuzlayır. Elə bil 92-93-cü illərin AXC-Müsavat cütlüyü dövrüdür.
Qaçqının nazir qoyulmağına gələndə, bizdə 1 milyon qaçqın var, hamısı nazirdən yaxşı yaşayır. Dövlətimiz şəhərlər tikib verib. Hamısı seçki məntəqəsində işləyir. Bəziləri deputat, polis rəisi, nazir, prokuror qoyulur. Hətta hökumət söz verib, deyir özünüzü yaxşı aparsanız Putindən beş-altı rayon alıb sizə yardım verərik. Belə şeylərlə bizə fors eləmək olmaz.
Bir jurnalist də dünən mənə zəng vurub deyir, bəy, nazirlərin öz qohum-əqrəbalarını vəzifəyə qoymasına necə baxırsınız. Düzü, bilmədim nəsə yazdımı, ancaq fikirlərmi burdan oxuculara çatdırmaq istərdim.
Əlbəttə, hər bir hökumət nümayəndəsi qohumlarına vəzifə verməkdə haqlıdır. Başqa kimə etibar eləsin? Dövlət işinin yaxşı getməsi üçün qohumları gərək altına yığasan. Bax, Ziya müəllimin qardaşının, oğul-uşağının əlindən avtovağzalı aldınız, xeyir elədiniz? Odur ha, həmin gündən bəri avtovağzal buz üstünə çıxan danaya dönüb, eyzən sürüşür. O divarı tuturlar, bu divar qaçır. Bu tərəfi yamayırlar, o tərəf süzülür. Səbəb isə bircə dənədir: gərək işi qohuma tapşırasan.
Gərək Tryudo da Kanadadakı qohumlarını nazir qoyardı. Məncə, o dövlətin axırı yaxşı olmayacaq, sabitlik pozulacaq. Bayraqlarındakı çinar yarpağı saralacaq, düşəcək.
Ta bizi də o baş nazirin şəkli ilə şantaj eləməyin. Bizim öz suveren baş nazirimiz var. Gör heç kiməsə göz dağı veririk? Artur müəllimin fotosessiyasını eləsək bir nəfər Tryudo-ya baxmaz. (İndi ağlıma gəldi, məncə, bu kanadalı soyadını Artur müəllimin adına bənzətmək istəyibdir).