12204883_887076768036061_1299164974_n_6e2e251e54ee0a760e4322bdb8664f20

Tanınmış vizajist-stilist Nigar İbrahimovanın Aile.lent.az-a müsahibəsini təqdim edirik.

– Analıq necə bir hissdir?

– Selcan artıq 9 aylıqdır. Ana olmaq hər bir qadının ehtiyacıdır. İnsan işləyir, çox yorulur, hətta təbəssümü belə, unutduğumuz vaxtlar olur. Amma uşaq insanı güldürür, sevindirir. Övlad insanın antidepressantıdır, adamın yorğunluğunu çıxarır, hər şeyi unutdurur. Selcan atasının oxşarıdır. Münasibətləri çox yaxşıdır, hər zaman deyirdim ki, övladına qayğı göstərən ata istəyirəm. Selcanın atası hər zaman yanımızdadır, bizə dəstək olur. Selcana baxmaqda da mənə kömək edir.

Əgər maşından düşən zaman uşaqla bağlı mənə kömək edirsə, bu, mənim üçün xoşbəxtlikdir. Bilirəm ki, sağ əlim var. Allah qismət edər ikinci övladım olar. Ailəyə – övlada, anaya, bacıya çox bağlıyam. Ailə başqadır. O mövzuda söhbətin içinə varanda gözlərim dolur. Xanımlar mütləq ailə qurmalı, övlad sahibi olmalıdırlar. Gec də olsa ailə qursunlar, düşünməsinlər ki, indən sonra gedəsi, övlad olası. Heç bir qadın bu düşüncəni haqq etmir, çox ağır mövzudur. Hər bir insanın yarı hissəsi var və bir gün qapısını döyəcək. Bir qadın övladının, ailəsinin olmasını çox istəməlidir. Onda özləri gəlib qapını döyür.

– Düşündünüz ki, kaş bu hissləri bir neçə il əvvəl yaşayardım?

– Bəli. Demişəm kaş ki, hər şeyə göz yumaydım, 5-10 il bundan öncə ailə qurardım. Hər şey vaxtında gözəldir. Deyirdim ki, bunu da edim, gələn il ailə quraram, onu da edim, o biri il ailə quraram. Problemsə heç vaxt bitmir. Ediləsi işlər heç vaxt qurtarmır, qurtarmayacaq da. Gözləmək lazım deyil. Analıq hissi zamanında olmalıdır. Analıq qadının boynuna düşən görəvdir, bunu etməlisən. Bu, hər bir qadının borcudur. Amma zamanında, gec olmasın. Hər zaman da tez ailə qurmaq istəmişəm, amma qismət. Gec ailə qurdum, gec ana oldum. 4 övlad arzulayırdım. Amma artıq yaşıma görə qorxuram, fikirləşirəm ki, onları yerbəyer edə bilməyəcəm.

– Bəs 5-10 il əvvəl ailə qurmağınız, övlad dünyaya gətirməyiniz üçün nə mane oldu?

– Ailə problemlərim. Həm də istəyirdim ki, ailə quracağım insan hər bir mənada güclü olsun. Demirəm bahalı maşını, evi olsun. Amma heç olmasa 2 otaq onun olsun ki, mən də kömək edim 3 otaq edək. Ailə konstitusiya kimidir, qanunları var. Öz ailəndən çıxıb başqa ailəyə gedirsən və oranın konstitusiyasına tabe olmalısan. Kişi gücsüz olanda qadın istər-istəməz o konstitusiyanı pozur və öz qayda-qanununu yaradır. Mən də heç vaxt bunun tərəfdarı olmamışam.

Hər zaman aparıcı insan olmuşam, arxamda gələn işçim, ya da asissentlərim ola bilər. Həyat yoldaşım arxamca gələ bilməz. Hər zaman istəmişəm ki, mən kişinin arxasınca gedim, o, mənim arxamca yox. Kişiləri zəif gördüyüm üçün ailə qurmağım gecikdi. Dedim daşdan pul çıxaran olsun, arxamda dursun. Hər zaman deyirdim ki, kişi çörəyi yemək istəyirəm. Kişi çörəyi görməyəndə qadın sınır, gücsüzləşir. Mənim sənətim var və əlimin gücü ilə pul qazanıram. Belə qadın zəif kişinin yanında otura bilməz, sözünə qulaq asmaz, fikirlərini dinləməz. Bir gün də durub deyər ki, “axı, sən bu vaxtadək neynəmisən? Hər şeyi mən edirəm”. Belə dialoqlarla qarşılaşmamaq üçün ailə qurmadım. Hər bir qadının beynində formalaşdırdığı bir kişi obrazı var. 10 il əvvəl beynimdə formalaşdırdıqlarımın heç 30 faizi hansısa kişidə olmayıb. Qarşıma çıxan kişini də o saat “qapmamışam”. İncələmişəm, yoxlamışam, test etmişəm və görmüşəm ki, mənimki bu deyil. 10 kvadrat metrlik yerdə işləyəndə də belə düşünmüşəm, böyük ad-sana, imkana malik olanda da.

– Bəlkə kənardan güclü görünməyiniz də bəzi məqamlara mane olub?

– Ümumiyyətlə, ambisiyalı insanam. Nəyinsə xətrinə ailə qursaydım, 21-22 yaşımda qurardım. Kişi evdə yorğana bürünüb yatdısa, o kişidən sənə ər, uşağına ata olmaz. Kişi səhər tezdən durmalıdır, çünki ruzisi sübhdən gəlir. Bu cür kişilər qarşıma çıxmadı. Digər tərəfdən də mən Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirmişəm, patokda hamısı qız idi, oğlanlarla oxumamışam ki, orada seçib-sevərdim. Kosmetologiya sahəsində çalışmağa başladım vaxtdan da ətrafımda yalnız qadınlar olub. Özümə, düşüncələrimə uyğun “qazan qapağını tapdı” sözünü deyəcək bir adamım olmayıb.

Çevrəmdə də ürəyim istəyən yox idi. Həmişə qocalanadək bir kişi ilə ailəli olmaq istəmişəm. “Ərə gedim, uşağım olsun, sonra nə olar-olar”, – deyə düşünmədim. Niyə uşağımın öz atası yanında olmasın? Gec ailə qurmağımın səbəbi həm də çox işləməyim oldu. Qızları toyda sevərlər, ən azı nənə, bibi, xala qızları toylarda bəyənir. Mən toylara saat 10-da plov veriləndə gedib çatırdım. Toylarda bəyənilmə zamanımı da qaçırtdım, öz ailəm üçün işlədim. Özümdə də günah var, ailəm məni işləməyə məcbur etmirdi, lakin özüm işə çox bağlandım. Bəlkə də adi bir bank işçisi olsaydım, səhər işə gedib axşam çıxsaydım, piyada yol getsəydim, kimisə görərdim, sevərdim. Az işim olsaydı, başımı sevgiyə də qatardım. Ona da vaxtım olmadı. Qadın gərək çox işləməsin, bir az özünə də vaxt ayırsın.

Özümə vaxt ayırmadığıma görə günahkaram. Bəzən qarşımdakı insan mən istəyən kimi olmayıb, bəzən olubsa da mən görməmişəm. Zəng gəlirdi, “sizi yığaram” deyirdim. İnsan nə qədər “yığaram” deyib, sonra yığmaz, nə qədər yola vermək olar? Beləcə, yaş da gəlib çıxdı 34-ə.

– 34 – Azərbaycanda bir qızın ailə qurması üçün gec yaş hesab edilir.

– Gec olar, güc olar. Psixoloqlar da deyir ki, gec ailə quran qadın və kişi ailəsini asanlıqla itirmək istəməz. Övladlarına da daha düzgün tərbiyə verirlər. Çünki cəmiyyətdə yeri olan xanım üçün övladını formalaşdırmaq daha asandır. Belə qadınlar ailəsini qoruyub saxlamaqda daha güclü olur. Gənc yaşda ailə quranlar isə bəzən verdiyi qərarlara peşman olurlar. Gənc ailələrdə gərək ağbirçək sözünə qulaq asasan. Hər bir insanın yarı hissəsi olmalıdır. Heç bir xanım bu dünyanı tək tərk etməməlidir. Ona görə də ailəni siyasətlə idarə etməlisən. Nə qadının, nə də kişinin başını buraxmaq olmaz. Əks halda sənin deyil. Kişi istilik olan yerə qaçır. Heç kəs düşünməməlidir ki, qarşısındakı kiməsə lazım deyil. Sənin dəyər vermədiyin bir gün kiməsə lazım ola bilər.

– Yanıldığınız namizədlər çox olub?

– Bir dövrdə nəzərdə tutduğum adam vardı. Bir insanı “Allahlıdır”, “Allahdan qorxur” deyə nəzərə alırsan, görürsən ki, bu da yalan danışır. İkili həyat sürən insan görəndə şoka düşürsən. Adını da qoyur “Quranda yazılıb ki, insanın iki ailəsi ola bilər”. Özü də bunu kuliminasiya nöqtəsində açıqlayır. Evlənmək ərəfəsində bəlli olur ki, ailəsi var. Belə olmur axı. Bütöv ailə başqadır. Qadın evində də rahat yatır, səhər oyananda düşünür ki, qulluğunda durduğu kişi buna dəyir.

Sənin qulluq elədiyin kişi başqa bir qadının da yanına gedəcəksə və başqa bir xanım da ona xidmət edəcəksə, bunu necə qəbul etmək olar?! Belə yerdə adam qatil də olar. Qadınları fərqinə varmadan incidirlər, aciz edirlər. Bəzi qadınlar düşünür ki, evinə, uşağına baxacaq, pul qazanır və bəzi şeylərə fədakarcasına canını qurban verir. Ona görə də qadın öz ayaqları üzərində durmağı bacarmalıdır. Öz ayağı üzərində duran qadın sağlam qərarlar verməyi bacarır. Qadının öz gəliri olmalıdır ki, sözünü də sərbəst deyə bilsin, hüququnu qoruya, tələbini edə bilsin. Amma bəzən qadın kişidən pula görə asılı olur, acizanə formada bütün hərbə-zorbalara dözür. Ətrafımda bu cür xanımları çox görmüşəm. Ona görə də deyirdim ki, “Allahım, məni kişinin pulqabına möhtac etmə”. Belə əzilməkdən qorxdum və çox işlədim.

– Dediniz ki, ətrafınızda kişilər olmayıb. Lakin işgüzar və tanınmış xanımların pərəstişkarları da az olmur axı…

– Təklif olub. Bu təkliflər içərisində sevmədiyim, tipim, xarakterimə uyğun olmayan təkliflər də vardı. Sırf ailə qurmaqla bağlı olan təkliflərə nəzər yetirəndə sanki yıxılmağa yer axtarırlar təsiri bağışlayırdı. Mən gəlin getmək istəmişəm, gəlin almaq yox. Sözün əsl mənasında gəlin getməyimi gözlədim. Özümə də elçi düşən atalar olub, deyiblər “istəyirəm oğlum səninlə evlənsin”. Məni istəməyə evimizə də gəliblər. Amma mən demişəm ki, qurduğum 3 kvadratı 3 yarım edəcəksə, ailə qururam, yox, gəlib 3 kvadratımı da dağıdacaqsa istəmirəm. Onlar da mənim bu danışığımdan qorxublar.

Anam özünü xəstəliyə vurdu, kimsə rəhmətə getmək istədi, mən heç bir şeyə baxmayaraq, sırf onların xətrinə ailə qurmadım. Dedim kim istəyir ölsün, kim istəyir yaşasın, mən heç kimə görə əziyyət çəkib yaşamayacam. Heç zaman istəmərəm papaq olub başdan-başa qoyulum. Düşünmüşəm ki, dünyaya gətirəcəyim oğlum, qızım məndən utanmamalıdır. Məktəbə gedəndə ondan atası haqqında soruşanda bir iş sahibi olduğunu desin. Hər zaman düşünmüşəm ki, quda olacağım insan mənimlə fəxr etməlidir ki, filankəsin qızını aldım. Mən də fəxr etməliyəm ki, filankəsin oğluna qız verdim, qızını oğluma aldım. Düşündüm ki, yaxşı kişi ilə ailə qurmaq, yaxşı kişidən uşaq doğmaq lazımdır. Yanğından mal qaçırırmış kimi ərə getmək istəmədim. Necə ki oğlan qızla evlənəndə yoxlayır, mən də o cür yoxlayırdım. Çünki itirəcək çox şeyim ola bilərdi. Özümü kiməsə hədiyyə edə bilməzdim.

– Məsələnin məntiqi tərəflərindən danışdınız. Bəs sevgi?

– Onların hamısını boğmuşam. Özü də bilərəkdən. Bilmirdim layiqdir, ya yox. Layiq olanı da görmürdüm. Qorxurdum ki, istifadə olunaram, tanınmış adamam, tanınmışın bacısıyam. Şübhələnirdim ki, bəlkə göndərilmədir. Hər zaman qorxu ilə yaşadım. Heç zaman bu hisslərimi böyütmədim, bəlli etmədim. Çox istərdim ki, gedim bulvarda əl-ələ gəzim, mən də gedib bir kafedə pizzanı bölüşüm. Kaş mən də uzun müddət sevərdim. Hər bir şeyin dadı var, onu çıxardardım. Hər bir şeydən məhrum oldum, onları yaşaya bilmədim. Bir də ayıldım ki, elə yaş dövrünə çatmışam ki, mənə yaraşmaz. Bir dönəm də Nigar, İradə adı gəldi, mən bu adları qorumalıydım. Balaca bacımı istəyən olanda deyirdim ki, sənə görə gəlməz ha birdən, birdən bizə görə gəlib sənə sataşar, ölç-biç, hər şeyi üzə çıxaraq, kimdir, kimlərdəndir. Yaxşı ki, balaca bacım onu sevən və öz sevdiyi insanla ailə qurdu. Amma biz üsyan edirdik, evimizdə müharibə idi. Şübhələnirdik ki, bizim ailəyə, İradəyə yaxın olmaq üçün münasibət qurur, bəlkə İradənin fanatı kimi, bu ailə ilə təmasa girmək üçün yaxınlaşır. Çünki mən bu şeyləri insanlarda çox gördüm. Kiminsə qızını nəyəsə görə almaq üçün yaxınlaşanlar az olmayıb.

– Hər zaman sevgi hisslərini boğmusunuz?

– İlk zamanlar məni qohumlarımdan biri istədi, amma alınmadı. Universitetin birinci kursunda oxuyurdum. Həmin vaxt bir az dalğın oldum, sındım, insanlardan soyudum, amma insanları tanıdım. Əgər qohum belə edirsə, yadlardan nə gözləyəsən?! Sonra kimlərsə istədi, amma qorxdum, çünki yad idilər. Atam hər zaman deyirdi ki, 9 əminin qızısan və hamısının də oğlanları var. Deyirdi bil ki, hər zaman arxanda bir kişi var. Bunlardan da qorxdum. Kiminləsə sevgi yaşayaram görərlər, bilərlər. “Bəlkə əmimə, dayıma sataşmaq üçün gəlib”, – deyə düşündüm. Əmim, ya dayım kiməsə pislik etməyib. Sadəcə hamısının öz adı-sanı vardı. Bu nüanslardan qorxurdum ki, birdən kiminsə hədəfi olarlar. Hər şeydən qorxmuşam. Sonra da qazandığımız adı qorumağa başladıq. Suyu da üfürə-üfürə içdik. Beləcə, yaş gəlib keçdi, iş çoxaldı. Heç sevgi yaşamadım. Sadəcə işlədim.

– Ailə qurdunuz axı?

– Evliliyi də Allaha bağlı olması, namaz qılması ilə ölçdüm. Ailə qurduğum insan ağlı başında, içməyən-çəkməyən, pul qazanan, yaşlı atasının qayğısına qalan, qulluq edən adam idi. Bu insandan həyatda heç vaxt pislik gəlməz. Mənə də bu xoşdur. Ümumiyyətlə, qadınlar birinci sevgini seçməlidirlər. Amma sevgi də qarşılıqlı olmalıdır. Sevgidən sonra qapını hüzur, xoşbəxtlik və pul döyür. Qızlarımıza məsləhətim budur ki, sevgi ilə ailə qursunlar. Sevgi ilə qurulan ailə Allah tərəfindən mükafatlandırılır. 1 otaq 3 otaq, 3 otaq 3 mərtəbə olur.

– Ailə qurduğunuz insanda istədiklərinizi tapdınız?

– Hamısını tapmadım, amma nəsə tapdım. Tapdıqlarıma dəyər verdim. Onun mənfi cəhətləri də var, amma tərəzidə müsbətlər ağır gəldi deyə onu seçdim. İlk növbədə illərə bağladım. O, məni metro ilə gedib-gəldiyim, ictimai nəqliyyatdan istifadə etdiyim vaxtlardan sevib. O, məni Nigar İbrahimova kimi sevməyib. Bu, mənim üçün dəyərli idi. Amma son illər, yəni ailə qurmazdan əvvəl mənə yaxınlaşan insanlardan qorxurdum. Qorxurdum ki, nəyiməsə görə gəlib… Həyat yoldaşımda istədiklərimin 70 faizi var. 30 faizlə heç nə olmaz, onlar sonra olsa da olar. Evlənəndən sonra olacaq və düzələcək. Elə də oldu. Onunla ailə qurduğum üçün peşman deyiləm. Çünki insanla, sözün əsl mənasında namusu, qeyrəti olanla ailə qurmuşam. Deyirdim ki, papağa ərə getmək istəyirəm, mən doğrudan da papağa ərə getmişəm. Mənim üçün kişinin növləri var. Əsl kişini mən özlüyümdə formalaşdırmışdım. O xüsusiyyətləri onda gördüm. Gördüm ki, o mənlikdir, o da gördü ki, mən onluğam.

– Bəs ailə quran zaman sevgi var idi?

– Sevgi 100 faiz var idi. Onunla mənə xoş idi. Amma mən dəlicəsinə sevən adam deyiləm. Fanat kimi sevmək mənə çatmır. Sevginin formulu var: görüşünə tələsmək, məsuliyyət daşımaq, ürəyinin çırpıntısı. Bu simptomlar var, bunları yaşadımsa, bir insanın yanında bir saat oturmaq məni qıcıqlandırmırsa və ya bir insanla bir yerdə yaşamaqdan xoşbəxt olacağamsa hə. Biz şənbə-bazar ailəlikcə bir yerdə olurduq. Qərarımızı vermişdik, sadəcə imzalarımız qalmışdı ki, rəsmiləşdirək. Sevgi simptomlarından bir neçəsi olmasaydı, mən razı olmazdım. Çünki mən heç nəyə məcbur deyildim.

– Dediniz ki, həyat yoldaşınızı çoxdan tanıyırdınız. Bəs niyə bu illər ərzində ailə qurmurdunuz?

– Rastlaşmırdıq. Onun həyatında bir dönəmlər oldu. Həmin dönəmlərdə mən işimlə daha çox məşğul oldum. Elə bir vaxt da oldu ki, onun təklifini qəbul etmədim. Sonra o, öz həyatında lazımlı və lazımsız şeylər yaşadı. Bir söz var – “pisi də, yaxşısı da mənimdir”. Elə oldu ki, biz birləşə bilmədik. Sonra günlərin birində birləşdik və bir-birimizi kəşf etdik. Sonra yenidən hər şey başladı və baş verən hadisələr ailə qurmağımıza gətirdi, övladımız dünyaya gəldi. İndi bizim dəyərli ortaqlığımız var, bu da övladımızdır. Bəlkə də bunlar 5 il əvvəl olsaydı, bu şəkildə olmayacaqdı. Bəlkə biz yenə ayrıla bilərdik.

– Amma ailə qurmağınız sizə asan başa gəlmədi…

– Məni ittiham etdilər, amma sonra səhvlərini düzəltdilər. Bəzi şeyləri mənim kimi min nəfər adam yaşayır. Amma onlar heç biri aşırı dərəcədə görünmür. Mən tanınan xanım və tanınan birinin bacısı olduğum üçün bunu bir az şouya çevirdilər. Bu da keçdi getdi, heç kimin ruhu incimədi. Mən optimist insanam. Belə hallar məni yıxa, düşündürə, depressiyaya sala bilməz. Mən yıxılaram, amma ayağa durub, üstümü təmizləyib, həyatıma davam edə bilərəm. İndi işlətdiyim böyük salon olmaz, ağacın dibində kreslonu qoyub makiyajımı edəcək insanam. Mən heç bir şeydə kompleks yaşamıram. Onlar mənə dərd verəcək mövzular deyil. Çünki hər şey saf, doğru və dürüst idi və vicdanım təmiz olduğuna görə ruhum da incimədi. Sadəcə suallara və artıq enerjiyə məruz qaldım. Bəlkə qarşı tərəfin də xoşuna gəlməyən şeylər var idi. Allah onu da xoşbəxt etsin.

Bəlkə onu da qızışdırmışdılar, bu həddə gətirib çıxarmışdılar. Çünki bu qalmaqallarda qarşı tərəfdəki də bir qadın idi. Mən heç bir şəkildə o qadını günahlandırmıram, incimirəm. Bu gün rastlaşsam, üzbəüz gəlsək, salam verərəm. Bu şounun yaradıcı var idi, amma bu, o qadın deyildi. Bu o, insana məxsus olan xarakter deyildi. İndi hər kəs öz həyatına davam edir. Heç kimlə düşmənçiliyimiz, narazılığımız, problemimiz yoxdur. Çünki mən özümü keyfiyyətli insan sayıram. Amma gərək tez alışan, çılğın olmayasan. Hər şeyi yüz ölçüb, bir biçmək lazımdır. Gərək o, düşünərdi ki, bu insanı itirməyimin səbəbi nə oldu? Axı səbəb Nigar ola bilməz. Onsuz da doğru olanı insan öz vicdanı ilə tək qalanda bilir. Sirkə tünd olanda öz qabını çatladır. Heç bir qadın gərək çox tünd olmasın. Qadına mülayimlik yaraşır. Qadın kişisi ilə dialoqa girməyi bacarmalıdır. Ən yanlış məqamı belə, söhbət etməklə gözəl şəkildə aydınlaşdırmaq olar. Ayrılıb bir neçə ildən sonra yenidən birləşən insanlar az deyil. Amma gərək insan son sözünü əvvəldə deməsin. Hər zaman son sözü deməyə vaxt var. Zamana buraxmaq lazımdır. Övlada görə üz-üzə gələcəyiniz üçün əl yeri qoymaq lazımdır.

– Kənardan müdaxilə edənlər də oldu…

– Bu mövzu məni tanımayan qadınları üzərimə qaldırmaq üçün bir təxribat idi. Mənim arxamda çox qadın var. Azərbaycandan İranadək milyonlarla qadın bəzəmişəm. O qadınlar mənim iç dünyama bələddirlər. Amma bəzi xanımlar var ki, evdə otururlar, məni tanımırlar. Bəlkə mən onlar üçün hündür pillədəyəm, burnumun göydə olduğunu düşünürlər. Məni və bacımı sevməyənlər də var. Bu mövzu da ona hədəf oldu. Hər bir insanın ailəsi olmalıdır. Kişilər ailə quranda məcazi mənada özlərinə ikinci ana istəyirlər. Belə ailələr xoşbəxt olur. Kişi güclü görünür, amma qadın daha güclüdür. Qadın kişiyə dəstək olmalıdır. Pullu kişiyə də, pulsuz kişiyə də qadını tərəfindən dəstək lazımdır.

– Heç düşündünüz ki, birinci ailəsindən ayrılan insan sizdən də ayrıla bilər?

– Həyatda heç nəyə 100 faiz zəmanət yoxdur. Amma hər şeyi sağlam şəkildə danışmaq olar. Mən ailəni dağıtmaq üçün qurmuram. Heç bir qadın və kişi istəməz ki, ailəsi dağılsın. Bu qorxu mənim üçün tam yaddır. Siz indi sual verəndə mənim ağlıma gəldi. Mən heç vaxt bu barədə düşünməmişəm və düşünmək də istəmirəm. Çünki insan pisi fikirləşdikcə onu çağırır. Yaxşını düşünüb, yaxşını çağırmaq lazımdır. Olacağa da çarə yoxdur. Hər bir şəkildə insan övladını düşünməlidir. Bu ailəni asan qurmadıq ki, bir dəqiqədə dağıdaq. Qadın və kişi məsuliyyəti eyni daşımalıdırlar. Çünki ortada övlad var.

Загрузка...