Başqa təsnifatlar boş şeydir, dünyada iki cür ölkə var: dürüst seçki keçirənlər və dürüst seçki keçirməyənlər. Dürüst seçki keçirənlərin içində sırf demokratik dövlətlər (Avropa ölkələri) də ola bilər, teokratik rejimlər (İran, Pakistan, Əfqanıstan) də, avtoritarizmə meyllənənlər (Türkiyə, Venesuela) də, konstitusiyalı monarxiyalar (İngiltərə, Yaponiya) da.
Dürüst seçki keçirməyənlərin spektri isə daha rəngarəngdir. Bu sırada xuntalardan tutmuş plutokratiya rejimlərinə, klassik monarxiyalardan qatı diktaturalara, mafiya-dövlətlərə qədər hər rəngdə, hər sifətdə ölkə var.
Zatən, dünyadakı dövlətlərin üçdə ikisi dürüst seçki keçirməyən, seçkiyə ya az, ya da tam şəkildə hiylə qatanlardır.
Dürüst seçki keçirən ölkələrin içində kasıbları (Yunanıstan, Slovakiya, Makedoniya, Albaniya və s.) da var və onlar vəziyyətdən çıxmaq üçün hökumətlərini tez-tez dəyişirlər, çabalayırlar.
Dürüst seçki keçirməyən ölkələrin (Şimali Koreya, Kuba, Myanma, Zimbabve, Svazilend) içində də onlarca kasıbı var, ancaq onlar hakimiyyət dəyişmək imkanından məhrumdurlar və bataqlıqda olduqlarını bilərək çabalamırlar. Yarım əsr yaşı olan diktatura rejiminə malik olan ölkələr var.
Dürüst seçki keçirən ölkələrin əksəriyyəti firavan, inkişaf etmiş ölkələrdir, elmi-texniki tərəqqinin son nailiyyətlərindən yararlanaraq daha da irəli gedir, əhalinin rifahını təmin edirlər.
Dürüst seçki keçirməyən ölkələrin içində nadirən varlı ölkələr (Küveyt, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı) də var, ancaq onları zənginliyi sırf hüdudsuz təbii resursların hesabınadır. Dünənə qədər o cür ölkələrdən biri də Liviya idi. Bu gün Liviya dünyanın ən binəsib ölkələrindən biridir.
Bir ölkədə dürüst seçki keçirilirsə, orda hər şey olur – haqq-ədalət də, azad iqtisadiyyat da, yüksək təhsil də, nümunəvi səhiyyə də, toxunulmazlıq da, işlək icra mexanizmləri də.
Dürüst seçki keçirilməyən ölkələrdə isə haqq-ədalətdən bir kəlmə belə söhbət gedə bilməz. Haqq-ədalət olmayan yerdə nə qanunun aliliyi, nə hüquqi sistem ola bilər. Hüquqla, qanunla idarə olunmayan dövlətlərdə adətən mafiya qayda-qanunları hökm sürür.
Mafioz rejimlərdə isə, bilindiyi kimi, azad iqtisadiyyat mövcud ola bilməz. Nə də elə ölkənin təhsilinin, səhiyyəsinin, başqa sektorlarının normal olması mümkün deyil.
Dürüst seçki keçirən və keçirməyən ölkələrə aid iki örnək var: Şimali Koreya və Cənubi Koreya. Koreya yarımadasının şimalında son yetmiş ildə bir dəfə də dürüst seçki keçirilməyib, Cənubi Koreyada isə bu illərdə 30-a yaxın təkcə parlament seçkisi keçirilib.
70 ildir ki, Şimali Koreyada hakimiyyətdə yalnız bir partiya və onun baba-oğul-nəvədən ibarət rəhbərləridir. Cənubi Koreyada isə 20-dən çox baş nazir və partiyalar hakimiyyətdə bir-birini əvəz edib.
Ortada olan mənzərə budur: Şimali Koreya dünyanın ən kasıb, səfalət içərisində olan 10 ölkəsindən biridir, Cənubi Koreya isə dünyanın ən güclü, ən yüksək rifahlı 20 ölkəsindən biridir.
Bu eyni millətin iki dövlətinin arasında bütün parametrlər üzrə ölçüyəgəlməz təzadlar olmasının yalnız bir əsas səbəbi var: seçki.
Vətəndaş müharibəsi nəticəsində ikiyə bölünmüş bu xalqın bir hissəsi sovet-rus təsiri altında olub, digəri Qərb-ABŞ himayəsinə sığınıb. Birincilər seçkilərini sovet-kommunist üsulu ilə keçiriblər, ikincilər isə demokratik əsaslarla, şəffaf, dürüst, əsl seçki necə olmalıdırsa, eləcə.
Bizim getdikcə Şimali Koreyaya oxşamağımız əbəs yerə deyil. Onlar da onillərlə gözlərini Moskvaya dikib ordan təlimat alıblar, biz də. Rusiyanın özündə belə dürüst seçki keçirilmirsə, onun vassallarında normal seçki olması absurddur.
Çox təəssüf ki, biz hər iki-üç ildən bir dürüst seçki keçirmək şansımızı qaçırırıq. Bu qədər təbii resurslara, zənginliklərə malik ola-ola, bir də dürüst seçki keçirsək, demokratik rejim, haqq-ədalət bərqərar etsək, son 10 ildə ölkəyə axan milyardlarla indi Avropanın əksər ölkələrini özümüzdən geridə qoya bilərdik.
Fəqət biz nə milyardlardan yararlanıb ağ günə çıxa, nə də seçkilər yoluyla millətin potensialından istifadə edə bilmirik. Bu gedişlə axırda yenidən bir güclü yadeillinin əsiri olmasaq, yaxşıdır.