Gəlin, nə özümüzü, nə də başqasını aldatmağa çalışmayaq. Seçkilərin necə, hansı şəraitdə keçirildiyini təkcə biz yox, bütün dünya gördü. Ona görə də amerikalı, avropalı, MDB-li qonaq-müşahidəçilərin “çox ciddi seçici aktivliyi”nin olması haqda dedikləri gülməli göründüyü kimi, müxalifətin “xalq bu hakimiyyətə yox dedi” kimi bəyanatları da reallığı əks etdirmir…
Bəli, iqtidar fürsəti dəyərləndirib ölkəmizi hədəf seçmək üçün bəhanə axtaranlara əsl seçki dərsi vermədi. Gerçəklik budur ki, müxalifət də seçki prosesindən ictimai fikri öz xeyrinə dəyişmək üçün yararlana bilmədi. Deyək ki, təbliğat üçün 4 dəqiqəlik efir vaxtı ayrılmadı. Ancaq axı, ən azı ayrılan aksiya yerlərində seçicilərlə görüş fürsətindən yararlanmaq olardı. Bircə partiya görüş-mitinq keçirdi, ora da gələnlərin sayı heç minə çatmadı. Deməli, müxalif düşərgə də öz durumu barədə ciddi götür-qoy etməlidir. 3 il sonrakı prezident seçkisinə bu vəziyyətdə getməyə dəyməz…
Beynəlxalq təşkilatlarla Azərbaycan hakimiyyəti arasındakı sərt ritorikanın sonda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı, yaxud müxalifətin işinə yarayacağı barədə ümidləri bir kənara qoymaq lazımdır. Beynəlxalq aləmin başı daha ciddi məsələlərə qarışıb, Azərbaycan məsələsi onu ilgiləndirmir. Olsa-olsa hər kvartalda Bakını təhdid edən bəyanatlar, qətnamələr masaya qoyulacaq. Belarus nümunəsi ortada…
Digər tərəfdən də Azərbaycan təklənmiş duruma salınıb. Bu məmləkətin neft-qazının “gülünü dərən”lər indi burdakı boş, ya yarımçıq quyuların üzərində “demokratiya ağacı” əkmək istəyində deyillər, bunu da bilmək lazım. Əks təqdirdə müxalifətin daha mübariz, bütöv, xalqın daha inamlı olduğu illərdə hakimiyyətin yanında dayanmazdılar. İndi xeyir ola, pərən-pərən olmuş müxalfətin seçkidə iştirak etməməsinin dərdini çəkən olublar. Kimsə məni inandırmağa çalışmasın ki, burda saf niyyət var.
Seçki saxtakarlıqlarının miqyasının genişlənməsinin ən pis cəhəti o deyil ki, beynəlxalq aləm nəticələri legitim saymayacaq. Ən pisi odur ki, ilbəil Azərbaycan xalqında səsinə, sözünə, özünə inam hissi öləziyir. Xaricdə oxuyan bir tələbə inboxsuma yazıb ki, ölkəyə qayıtmamağa qərar verdim. İki il əvvəl başqa ovqatdaydı… Hərəkat dövrü bu inam ölçüyəgəlməz idi, hətta bizim xalqı “ilin mübariz xalqı” adlandırmışdılar. İndi isə biz küll halında sabaha inamı olmayan topluma çevrilmişik. Bu inamsızlıqdır insanları ən yaxşı halda mühacirətə axın etməyə, ən pis halda intihara əl atmağa vadar edən.
Üç gün əvvəl bir iş adamı atasının məzarı başında özünü güllələdi. Sonra məlum oldu ki, biyan biznesi ilə məşğulmuş, sonradan borca düşüb. Gərək ölkədə elə bir durum bərqərar olsun ki, nə kasıb, nə də varlı günün birində ümidini özüqarışıq qəbiristanlıqda dəfn et(dir)məyə qərar verməsin. Bu durumu da Qərb paytaxtları yaratmayacaq, bu, bizim işimizdir…
Seçki bitdi, ən uzağı daha bir ay barəsində danışılacaq. Amma həyat davam edir. Özümüzə qayıtmalı, hər birimiz real situasiyanı saf-çürük etməliyik. Ümidsiz topluma istənilən qərarı qəbul etdirmək çox asan olur. İnamı olmayan cəmiyyəti Qarabağın təsliminin “zəruriliyinə” də inandırmaq mümkündür, “SSRİ”-nin tərkibinə qayıtmağın “yeganə çıxış yolu” olduğuna da. Necə ki, ümidsiz vətəndaşlarımız vədlərə inanıb “cənnət” ardınca İŞİD-in başkəsənlərinə qoşulmağı belə özlərinə rəva gördülər. Onların bir qismi həyatından oldu, başqaları azadlığından, digərləri də Suriya çöllərində bombalar altında canının hayındadır.
…Yazının bu məqamında bir xəbər aldım. “Sədərək” yarmarkasında işləyən uzaq qohumlardan biri alverin “öldüyünü” görüb dükanı bağlayıb və Çeçenistana tikintidə işləməyə gedibmiş… Üç gün əvvəl avtomobil qəzasına düşərək ölüb. İki uşağı başsız qaldı… Amma təkcə son aylarda iş ardınca xaricə gedən, orda erməni əli ilə, yaxud müəmmalı qəzalarla dünyasını dəyişənlərimizin sayı bilirsinizmi nə qədərdir? Böhranlı dövrdə isə ölkədən axının artacağı deyilir. Hələ rəsmən 30 min iş yerinin bağlandığı etiraf olunur…
Təəssüf ki, əsasən gənclər gedir ölkəmizdən. Həm də onlar Qarabağ üçün döyüşməliydilər axı… Kimsə yaxasını kənara çəkməsin, bu gənclər sabaha olan inamını itirdiyi üçün baş götürüb gedirlər. Təkcə iş yox, elə İŞİD ardınca gedənlərə görə də günahkarıq. Bu insanlar ölkənin “kisə”sindən gedir, istənilən hakimiyyət üçün itkidir. Elə müxalifət üçün də…