“Öldür məni” və “Tərkedilmiş” filmlərinin müəllifi, izmirli rejissor Korhan Uğur üçüncü “Qızqaçıran” filminin çəkiliş hazırlıqlarına başlayıb.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, ekran işinin ssenari müəllifi də Korhan Uğurdur. Filmin mövzusu gəlini bəylə birlikdə toydan qaçıran Əhmədin komik hekayəsi haqdadır. 2012-ci ildə ssenarisini yazdığı “Sağsalim” filmindən sonra yenidən komediya janrına müraciət edən K.Uğur izləyicini təəccübləndirəcək bir ekran işi lentə alacağını bildirib.
Bu ay çəkilişlərinə başlanacaq filmin prodüserliyini “Saygın Film”, “Serpilaltın Film” və “Menemen Production” üzərinə götürüb.
Ekran işinin aktyor heyətində azərbaycanlı aktyor Kamran Ağabalayev, aktrisa Könül Nağıyeva, Emir və Ceren Bendelioğlu, Erol Aksoy, Yüksel Ünal, Mete Horozoğlu və başqaları yer alacaqlar.
“Qızqaçıran” Türkiyədə gələn ilin aprelində nümayişə girəcək. Filmin eyni vaxtda Azərbaycanda da nümayişi planlaşdırılır.
Xatırladaq ki, Kamran Ağabalayevlə Könül Nağıyeva daha əvvəl Korhan Uğurun “Tərkedilmiş” filmində də çəkiliblər.