Ən intizamsız sürücü də piyada olanda böyründən siqnal verib keçən DYP maşınından çəkinmir, bilir ki, o maşındakılar ona heç zad eləyə bilməzlər.
Əlində tüfəng göl qamışlığında gizlənərkən, yaxud əlibaltalı halda meşədə gəzərkən yaxalanmayıbsa, heç kəs Ekologiya Nazirliyinin müfəttişlərindən qorxmur, çünki meşədə gəzməyə, göl qırağında təbiəti seyr etməyə görə adama cəza düşmür.
Gömrükdən konteynerlə mal keçirmirsənsə, müvafiq komitənin generalı sənin üçün çilingər qonşundan artıq oğlan deyil.
Ticarət, xidmət, iaşə obyektin yoxdursa, vergi müfəttişlərinə xüsusi hörmət, qılıq göstərməyə ehtiyac yoxdur, uzağı bir salam verib keçərsən.
Səhiyyə və Təhsil nazirliklərinin yüksək vəzifəliləri yalnız həkimlər və müəllimlər üçün avtoritet ola bilər.
Ancaq elə bir nazirlik var ki, ondan hamı qorxur – həkim də, müəllim də, sürücü də, məmur da, işsiz də, tələbə də. Bir sözlə, hər kəs.
Çünki o nazirlik hamının işinə baxa bilər. Nə olsun ki, sən hansısa ölkənin casusu deyilsən, hansısa dövlət sirrini yaymırsan, millətə və dövlətə qarşı gizli fəaliyyətlə məşğul olmursan. Dəxli yoxdur. O hamımıza nəzarət edə bilər, edir və qanuna görə etməlidir.
İntəhası, gərək o nazirlik də öz işini bir əndazədə görsün. Yoxsa adamı kabinetə çağırıb “istəsək, səndən İŞİD-çi düzəldərik” deyirsə, bunun adı şərləmədir.
Ona qalsa, bulvarda durub qırçın dalğalara baxdığımız yerdə ekologiya müfəttişi gəlib bizi brakonyerlikdə ittiham edə bilər. Yaxud o biri nazirliklərin əməkdaşları da adamı şərləməyə nəsə tapa bilərlər.
Odur, Ukraynada qadın dostu ilə beynəlxalq vəziyyəti müzakirə edərkən (yaxud Taras Şevçenkonun yaradıcılığından danışarkən) namünasib şəkilləri çəkilmiş sahibkarın 250 min manatını əlindən çığırda-çığırda alıblar. O da deyir, “hamımız kişi olmuşuq də”.
Əlbəttə, onu şantaj edən şöbə müdiri də yeri gələndə kişi olur, amma onu-bunu şərləmək səlahiyyəti onun əlindədir.
Məsəl var, deyərlər, bir axsaq dana bir naxırın adını batırır. İndi lətifəsi heç kəsə dəyməsin, MTN-də çete qurmuş bir qrup yüksək rütbəli zabit də o boyda strukturun adını batırıb. Halbuki orada yüzlərlə sırf maaşla işləyən dövlət məmuru var.
Yıxılana balta vurmaq kimi çıxmasın, sabiq nazir Eldar Mahmudovun və onun çetesinin iştəkləri barədə üzə çıxan materialları oxuduqca, danışılan söhbətləri dinlədikcə, adam kasıb olduğuna şükür edir. Bir az pullu olsaydıq, aparıb basarmışlar “podval”a.
10 il qabaq da deyirdik, nə yaxşı, kasıb olmuşuq, yoxsa Hacı Məmmədov ya özümüzü, ya da təqaüdçü atamızı girov götürərdi.
Dünən satirik şair Mirzə Sakit çetenin üzə çıxan əməllərindən biri barədə sosial şəbəkədə yazıb.
Şair nəql edir ki, həmin poqonlu çete Ermənistanda yaşayan sadə bir erməni tapırmış, o erməniyə 2-3 min dollar pul verir, tapşırırmışlar ki, al bu telefon nömrəsini, bir-iki dəfə bu nömrəyə zəng elə. Erməninin də nə vecinədir, konturunu azərbaycanlı çekistlər verir, götürüb zəng edirmiş.
Həmin telefon nömrəsi isə azərbaycanlı bir iş adamına məxsus olur və zəngin hardan gəlməsindən xəbərsiz olan biznesmen zəngə cavab verir, istər-istəməz erməniylə həmsöhbət (“Filankəsdir?, ”Yox, o deyil”, “Bağışlayın, səhv düşmüşəm”, “Allah bağışlasın” və s.) olurmuş.
Sonra dövriyyəyə MTN-dəki çete üzvləri girirmiş, həmin iş adamını çağırıb deyirlərmiş ki, Ermənistanla rəsmi müharibə dövründə olduğumuz bir vaxtda bu nə gizli danışıqlardır, bax, bu da sübutlar, filan ayın filan günü Ermənistanda yaşayan erməni Akopyanla danışmısan, sənin onunla nə əlaqən var, deyəsən, casusluq edirsən..
O yazıq iş adamı da and içib özünü öldürürmüş ki, mən o adamı tanımıram, o, mənim nömrəmə zəng edib, səhv düşmüşdü.
“Amma biz heç vaxt səhv etmirik” deyə boz üz göstərən təhlükəsizlik zabitinin sözündən sonra artıq yaxası ələ keçmiş adam günahsız olsa belə canını bir yolla qurtarmalıdır. Çünki “bu məsələ rəhbərliyin şəxsi nəzarətindədir, ağır işdir”. Di, pulsayan maşını gətirin, qoşun, vığğğıt eləyə-eləyə saysın.
Bəziləri də deyir, yıxılanı baltalamayın-filan… Ta demirlər ki, balta öz əllərindən düşüb ayaqlarını çapıb…