“Bu ildən başlayaraq kiçik və orta sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin və haqsız yoxlamaların sayı artmışdı. Buna görə də dövlət başçısının yoxlamaların dayandırılması ilə bağlı fərmanı yerinə düşdü”.
Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bu fərman bir az tez olsaydı daha çox effekt verərdi: “Çünki, həqiqətən də bu ildən başlayaraq, xususilə də kiçik və orta sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin və haqsız yoxlamaların sayı artdı. Onlar üçün belə bir moratoriuma ehtiyac çoxdan yaranmışdı”.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasda sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olduğunu, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarının artdığı ilə bağlı çıxış etmişdi.
Prezident belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını qeyd etmişdi.
İclasdan bir neçə gün sonra isə prezident qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Qanun layihəsi Milli Məclisin son plenar iclasında səsə qoyularaq qəbul edilib.