Tiflisdən geri döndüyüm bir neçə saatdır. Qonşu ölkənin paytaxtına gedən əksər azərbaycanlı kimi, mən də müqayisələr üzərində baş sındırıram. 100 il əvvəl Mirzə Cəlil qonşularımızla bizimkiləri müqayisə edirdi, pəjmürdə olurdu, indi də bizim nəsil eyni hissləri keçirir. Sanki qonşuya baxıb köks ötürmək, günboyunca bikef dolaşmaq alnımıza yazılıb…
Təkcə bizim Bulvar Meydanı tərəfdə işığı bərq vuran, dənizi də gündüz rənginə boyayan lampalar elə Tiflisin işıqlandırılmasına bəs edər. Hansı ki, gürcülər gözünü Azərbaycanın neftinə, qazına, ölkə içindən keçən kəmərlərindən, yük maşınlarında gələn gəlirlərə dikib, bizim var-dövlətimizə həsəd aparırlar. Hansı ki, biz çox məsələlərdə önə çıxa bilərdik. Ancaq…
Tiflis kasıb şəhərdir, bunu gürcülərin paytaxtına gedən əksəriyyət bilir, Amerika kəşf eləmirəm. Bakının təkcə qış bulvarına, prospekt kənarlarına düzülmüş mərmərlər ölçüyə-biçiyə gəlməz, Gürcüstan paytaxtına əksər döşəmələr sovet dövründən qalma köhnə-külüşdür. Dəmiryol vağzalında bir yeraltı keçid var, iti bağlasan, orda qalmaz. Paytaxtın mərkəzindən keçən Şota Rustaveli küçəsindəki yeraltı keçidlər də eləcə: köhnə döşəmələr, yazılarla dolu divarlar, qaranlıq… Heç Tiflisin uzun tuneli də Bakıdakı zər-zibalı, işıqları göz qamaşdıran keçidlərlə müqayisəyə gəlməz…
Ancaq bütün bunlara rəğmən gürcü cəmiyyəti aqressiv deyil, küçədə biri digərinin ayağını basanda qayıdıb başına çımxırmır, pozitiv enerji buralara hakim kəsilib. Nədəndir? Məşhur bir deyimi xatırlasaq, axı, hər ikimiz qafqazlıyıq. Azərbaycan insanı işğaldan əziyyət çəkirsə, Gürcüstanın iki vilayətini Rusiya “dövlət” elan edib. Məntiqlə, bizim vəziyyətimiz daha yaxşı, əhvalımız daha duru olmalı.
Azərbaycan manatı devalvasiyaya uğrayıbsa da, gürcü larisi də eyni kökdədir, hələ bir az da pis. Ancaq bu da gürcülərin ovqatını təlx eləmir. Gürcüstanda əmək haqqı, təqaüdlər elə də yüksək deyil, lakin yenə də ürəkləri vərəmləmir kasıblıqdan.
Tiflisin mərkəzi küçələri boyu sutkanın istənilən saatında musiqi sədası eşidərsən. Gecənin yarısına qədər qaldığımız otelin qarşısında səkidə oturub səsgücləndirici qurğularla sakinləri canlı musiqiyə qonaq edən gənclərə kimsə “yığışdır bu zir-zibilini, əkil burdan” demirdi. Bir az o tərəfə gedirsən, adamı başqa “ansambl” qarşılayır, birisi gitara əlində, digəri yardıma çağırış posteri qaldırıb, üçüncüsü də üzündə təbəssüm “çeçenka”nı gəlib-gedənin qarşısına uzadır ki, tetridən, laridən qoparsın. Nə şəhər sakinləri, nə qonaqlar bu mənzərədən darılır, nə də pul almayanda həmin gənclərin beyni çönmür.
Tiflis başdan-ayağa yaşıllıqlar şəhəridir. Yol qırağındakı nəhəng ağacları kəsib yerində market açmaq, bina tikmək kimsənin ağılından keçmir, keçsə də, imkan verilməz. Bizdə 50 illik ağacları qırıb yerində göydələnlər tikdilər, sonra da deyirik niyə xərçəng xəstələrinin sayı bu qədər artıb…
Gürcülər deyir onlar stəkana krandan aldıqları dağ suyunu alıb rahat içirlər. Ətrafdakı kanalizasiyaların mənsəbi olan Kür suyundan heç məişətdə də istifadə etmirlər. Biz isə Kür suyundan daha nələr üçün istifadə etmirik, nəticəsi sağalmaz xəstəliklər. Gürcülər heyrətlə “siz doğrudanmı Kür suyundan içirsiniz” soruşurdular…
Bakıdakı zibilliklərlə bağlı vəziyyət bəlli. Gürcüstanda isə durum fərqlidir… Bir faktı yazım: Gürcüstanın qapısında, Qardabani gömrüyündə qatarımız xeyli ləngidi. Bu zaman bir həmvətənimiz əsəbiləşib siqaret yandırdı, ardınca da kötüyünü kənara tulladı. Nəticədə 80 lari – 40 AZN – cərimə olundu. Gömrükçü Vitali əsəbi halda məntəqənin üzərindəki “Zibil atma” yazılmış lövhəni göstərdi. Siqaret çəkməsəm də, utandım bu mənzərəyə görə. Gürcü hamımıza dərs keçdi…
Haqlı idi. Elanı gürcü, ingilis və azərbaycanca yazmışdılar. Hansı ki, lazım da deyildi, ətraf zibilqabları ilə dolu idi. Gürcüstanda avtomobildən küçəyə bir siqaret qutusu atsan, 120 lari cərimə ödəməli olacaqsan. Ona görə də küçələr təmizdir, bizdəki kimi sellofanlar havada uçmur. Gürcüstanda azad sahibkarlığın olmasından, rüşvətin minimuma endirilməsindən, daha nələrdən çox yazılıb. Dünya reytinqində bizi qabaqlayırlar, çox məsələlərdə bizdən asılı olsalar da… Adam belə vəziyyətdən çox pərt olur. Ancaq “fil boyda” işlər görməyə tələsməyək. Bəlkə əvvəlcə küçələrdən başlayaq? Sadəcə, zibilləməyək… Məncə, hərəmiz öz tökdüyümüz zibili yığışdırsaq, bu ölkəyə demokratiya da gələcək, üzümüz də güləcək…