Nəqliyyat nazirinin başı üzərində qara buludlar dolaşırkən ildırım milli təhlükəsizlik nazirini vurdu. Sürpriz, analoqu olmayan ölkədə yaşamağımız bir daha sübuta yetirilərək qəmli könlümüz sevindi. Bakıda iqlim də elə bu cürdür: görürsən Biləcərinin üstündə şimşək çaxır, aləm bir-birinə qarışıb, ancaq Binəqədidə günəş çıxıb, çobanlar sürüləri dağın döşünə yaymaqdadır. Yaxud, Əhmədliyə qar yağanda, Yasamalda səbət dalından gilas tökülür. Necə deyərlər, 11 iqlim qurşağından 12-si bizdə vardır. Bir ara Tiflis heyvanat bağçasından qaçan pinqvin elə ona görə Azərbaycana pənah gətirmək istəyirdi, ancaq “Qırmızı körpü”nün gömrüyündən keçməyi bacarmadı. Ordan heç dinozavr keçə bilməz. Əlbəttə, mövzumuz gömrük deyil. Amma istədiyim şeydən yazaram, guya neyləyə bilərsiniz? Mövzunu çevirib lap burda riyaziyyat məsələsi həll edərəm. Konstitusiya haqqım var.
Elə prezident də çekistlərin nazirini konstitusiya hüququndan yararlanaraq işdən çıxarmışdır. Başqa söhbətlər lazımsızdır. Əsas odur konstitusiyada prezidentin belə bir hüququ var. Ta nə üçün çıxarıb, hara qoyacaq – bunların biz qara camaata dəxli yoxdur.
Hətta ola bilər cənab prezident Eldar müəllimi nəqliyyat naziri qoysun. Ziyanı isə işdən çıxarmasın, bizdə iki nəqliyyat naziri olsun. Niyə də yox? Biri nəql hissəsinə, o biri yatmaq hissəsinə baxar. Biri yolu qazar, o biri “montajlıyar”. Biri avtobusu sürər, o biri pulu yığar. Tək əldən səs çıxmaz, amma iki əli bir-birinə şappıldatsan YAP-ın qurultayı yaranar. Bizə birlik lazımdır. Ermənilərin günündə deyilik ki, hamı qaçıb ölkədən, bir kresloya bir nazir də tapılmır. Bizdə namxuda, hər nazir yerinə bir sürü alternativ vardır. Buna görə Zəngilan və Ağcabədi rayon qaçqınları adından dərin minnətdarlığımı bildirirəm.
Yaxşı yadıma düşdü, bundan az öncə də ovçulara nəzarət idarəsinin müdirini işdən qovmuşdular. Səbəb isə bu imiş: ərəb şeyxləri Hacıqabul tərəflərə gəlib ov-ovlayıb, quş-quşlayıblar, ancaq dövlətə rüsum-zad ödəməyiblər. Ovçuluğun müdiri isə buna göz yummuşdur. He-he. Həmin şeyxlərin bizim elə bir nazirlə şəkilləri var idi ki, onları Qəbələ tərəfdə elə bir uca şəxsiyyət qonaq eləmişdi ki, ovçuluğun müdiri qələt edərdi həmin ərəblərə “gözün üstdə qaşın, qolun üstdə qızılquşun vardır” deyərdi. Bəs o cür fövqəltəbii nazirin qonağı olan adama görə ovçuluğun müdiri niyə qovuldu?
Belə sual verirsənsə, deməli, milli mentalitetimizi bilmirsən. Bizdə tarixən “ipdə qalan buzovu” döymək kimi dövlətçilik ənənəsi formalaşmışdır. Yaxud, baxmağı gözü çıxan qardaşdan öyrənmişik. Hər dərədə bir at öldürməyəni baytar vəzifəsinə təsdiq etməmişik.
Yeri gəlmişkən, bizim uca millətimiz Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət sferası haqda da yaxşı məlumatlara malik deyildi. İdarə Eldar müəllimin “Narxoz”un məzunu, keçmiş “abaxeyis” olmasını nəzərə alıb dükançılardan pul toplamaq işlərinə məşğul idi. Ya da müxalifətçilərin döşəyinə gizli kamera qoyurdular. Ya da jurnalistin cibindən nəşə tapırdılar. Hərçənd, 3 ton heroin keçəndə görmürdülər.
Əslində Eldar müəllimə bu məsələdə təzyiq eləməyin mənası da yox idi. Azərbaycanın nə milli təhlükəsizliyi ola bilər ki? Yarısını ermənilər tutublar, qalan hissəsində Rusiya, ABŞ, İran, Avropa, transmilli şirkətlər nə istəsə edir. Yanacaqdoldurma məntəqəsi kimi bir yerik, burda əsas məsələ o idi içəri siqaretlə-zadla girməyə qoymayasan. İndi heç buna da ehtiyac qalmayıb, şlanq havada uçur.
Misal üçün, ölkənin yarısı penoplastla üzlənəndə, binalar yanıb 16 adam öləndə MTN millətin heç yadına düşmədi. Halbuki, bu elə sırf milli təhlükəsizlik məsələsi idi.
Bəlkə Eldar müəllimi buna görə işdən çıxarıblar? Bəlkə heç çıxarmayıblar, bu da İspaniya səfirimizin geri çağırılması sərəncamı kimi bir zarafatdır? Bəlkə milli təhlükəsizlik nazirini yox, milləti vəzifəsindən azad ediblər? Hər şey ola bilər. Ən düzgün movqe odur ki, qalan camaat kimi başını atıb yatasan, yuxarıda nə olması ilə heç maraqlanmayasan.
Fiqurlarını düzmədiyin şahmatda hansı gediş olacaq, bundan sənə nə?