Adama bax, gedib meşəyə, ovlanması qadağan olunan bəbiri vurub öldürüb, sonra dərisini soyub bazarda 15 min manata satmaq istəyərkən tutulub.
Hər şey o tərəfə, bir bəbirin dərisini kənd yerində 15 min manata kim alacaqmış, görəsən? Bu pula yeddi baş yanıbalalı camış almaq olar. Yəqin ki, bəbir ovçuları axırda o dərini Türkiyə istehsalı olan dəri gödəkçənin qiymətinə verəcəkdilər.
Amma indi ölkəmizdə Qırmızı kitaba düşmüş bəbir daha yoxdur. Allah bilir, onlardan neçə baş qalmışdı, onun da birini Astaranın Sım kənd sakini, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq vurdu, geridə bir dərisi qalmışdı, onu da hüquq-mühafizə orqanları müsadirə etdi.
Rəsmi açıqlamada deyilir ki, Natiq bu işi tamah məqsədilə edib. Ancaq hiss olunur ki, gənc bu işə məsuliyyətsizlikdən, bilməzlikdən qol qoyub. Bəlkə də birinci dəfəymiş ki, bəbir görürmüş, elə bilib, pələng-zaddır, bunu tutub yeyəcək. Yəqin ki, o elə müstəntiqə də o cür deyəcək, and içəcək ki, dovşan vurmağa gedirdim, qəfildən ağacdan üstümə atıldı, elə bildim, pələngdir, can hövlüylə dönüb vurdum, yoxsa məni parçalayacaqdı…
Əslində bəbir (bəzi mənbələrdə – qaplan) deyəndə bir az yekə çıxır, hətta “pantera” deyəndə lap yekə çıxır, amma astaralı qardaşın gülləsinə tuş gələn bu heyvan babat çoban iti boyda bir şeydir. Düzdür, güclüdür, qıvraqdır, yırtıcıdır, fəqət, o qədər də boy-buxunlu, qorxulu bir heyvan deyil, “pıqq” eləyib qorxutsan, qaçıb gedər.
Bu, birinci dəfə deyil. Bir dəfə də Talış meşələrində bir nəfər bəbir öldürmüşdü, onu da tutmuşdular. Ta bilmirəm onun taleyi necə oldu – pələng öldürmüş pəhləvan kimi türmədə yatır, yoxsa pulunu alıb, özünü buraxdılar. Adamın ömrü ikinci variant üzrə axıb gedirsə, yəqin ki, indi dovşan vurmağa da qorxur.
İndi söz yox, Böyükağzadədən və onunla birlikdə dərini satmaq istəyən Çükəşli Səməd Fərəcovdan bir neçə cöngənin pulunu alacaqlar. Bəlkə də gənclərin bəbirin dərisinə qoyduqları qiyməti özlərinə oxuyacaqlar.
Beləcə, bəbirdən soyulmuş dəriyə görə Səmədlə Natiqin özünün “dərisini soyacaqlar”, ağılları başlarına gələcək.
Çünki işin maddələri ağırdır, onlara qarşı CM-nin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi irəli sürülüb.
Əgər onlar dərini qurudub öz maşınlarının söykənəcəyinə atsaydılar, ya da evlərində ayaq altına sərsəydilər, yazıq bəbirinin qanı ara yerdə batıb gedəcəkdi.
Kim bilir, nə qədər brakonyer belə edir, ovlanması qadağan olan heyvanları öldürüb nəslini kəsir, cinayətin üstü də açılmır.
Biz illərlə belə etmişik deyə ölkəmizdə bəbir-filan qalmayıb. Ceyranları da birtəhər qoruyub saxlayır, artırırlar, amma bəbirlərin günü qaradır. Ayıları da ki, istəyəndə tutub kəsirik, istəməyəndə qəfəsə salıb uşaq-muşağın qabağında dombalaq aşırdırıq.
Balıq tutmaq üçün çaya, gölə qumbara atan, elektrik cərəyanı verən, zəhər tökən camaatıq, biz meşədə ayı, bəbir, qaban qoyarıqmı qalsın? O vaxt, yadınızdadırmı, Şamaxıda bir ayını it gününə qoymuşdular, o da acından və hirsindən camaata hücum eləmişdi.
Şəhər kənarındakı, rayonlardakı balaca göllərdən soraq alın, dərmana bir balıq tapılmaz. Ya gölü ümumiyyətlə qurudublar (suyunu axıtdıqdan sonra balıqları dənləmək üçün), ya da yuxarıda dediyim kimi, kürüdən təzə çıxmış balıqcıqları da zəhərlə, elektrik cərəyanı ilə qırıblar. Meşələrdə də artıq çaqqal qalmayıb, qorxularından qaçıb gediblər ki, birdən dərilərini tülkü dərisi yerinə soyub satarlar.
Bu yerdə bir sıra Avropa ölkələrində flora və faunanın necə qorunmasından, brakonyerlik etmək istəyənlərin sərt şəkildə cəzalandırılmasından-filandan xeyli danışmaq, maraqlı hekayətlər yazmaq olar. Amma nə xeyri var? Bəbir öldürənlər belə hekayətləri bilmərrə oxumurlar, bilmirlər, hətta bilsələr də, xarici nümunə-filan hərləmirlər, bəbir hərləyirlər.