“Bu saatda mən səni qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Parij əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar, biz başımızı qırxarıq, olar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, olar başı açıq oturarlar, biz aşkara peşkəş alarıq, olar gizlin alarlar, bizdə çox arvad almaq adətdir, Parijdə çox ər almaq”.
(Mirzə Fətəli Axundov, “Hekayəti-Müsyo Jordan həkimi nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”)
Bakı Beynəlxalq Avtovağzalının çox qeyri-praktik bina olduğunu, Ziya müəllimin yüz milyonlarla dövlət pulunu çalaya gömməsini qabaqlar çox yazmışam. İndi başqa bir maraqlı, simvolik olay yaşanır: Ziya Məmmədovun vurulması prosesi ilə eyni vaxtda avtovağzal da çökür. Orda sürüşmə zonaları, hansısa hissənin çökməsi dəfələrlə olub, diqqətli oxucular yada sala bilər. Amma budəfəki çökmə nəsə maraqlı şəkildə gedir. Nə qədər yamasalar da qabağını ala bilmirlər. Bəlkə qəsdən almırlar? Axı deyilənə görə, orda sürüşməyə baxıb qiymət verənlər… Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.
Ya da ola bilər vağzal Ziya müəllimlə ayrılığa dözmür, onun arxasınca sürüşməyi qərara almışdır. Hər halda, yaxın günlərdə həm avtovağzaldan, həm başqa nəqliyyat obyektlərindən yararlanan zəhmətkeşlərimizdən maksimum diqqətli olmağı xahiş edərdik. Mərrix ulduzunun fəlakəti Ziya müəllimin başı üzərində dolaşır. Elə orda da su tapmışdılar bu yaxınlarda. Bəlkə vağzalımızın, türkün məsəli, altını isladan naməlum su mənbəyi elə Mərrixdədir?
Şeytan detallarda gizlənir, necə deyərlər. Örnək üçün, dünənki yazımda da toxunmuşdum, MTRŞ-nin bəzi telekanalizasiyalardan mənəvi dəyərlərimizə uyğunluq sertifikatı tələbinin mənası nədir? Azərbaycan camaatının başqa dünya xalqlarından fərqlənən hansı müsbət dəyəri var ki, onu televizorda təbliğ etməlidirlər? Bəlkə biz başqa xalqlara nisbətdə az yalançıyıq, az yaltağıq, az saxtakarıq? Bunlar boş-boş söhbətlərdir. Biz başqa xalqlardan nə əskik, nə artığıq. O cümlədən, hansısa fövqəladə milli-mənəvi dəyərimiz də yoxdur. Statistika bunu göstərir.
Xəbər lentlərinə baxın. “Ata sevişdiyi gəliniylə birləşib oğlunu öldürdü”, “Qardaş qardaşı bıçaqladı”, “Oğul anasını doğradı”, “Məktəb direktorunun oğlu azyaşlını çimərlikdə zorladı” tipli cinayət xəbərləri balaca ölkəmiz üçün çoxdur. Avropanın bəzi ölkələrində heç illərlə belə cinayətlər olmur. Belə mühiti nəyə görə başqa xalqlara örnək göstərməlisən?
Özü də xalq bu “mentalitet”, “mənəvi dəyərlər” tipli söhbət müstəvilərində saxta ziyalılarından, ikiüzlü rəhbərlərindən daha səmimidir. Misal üçün, bizdə guya vətəndaş nikahına, həmçinin nikahdan kənar uşaq doğulmasına mənfi münasibət var. Guya bu kimi şeylər mənəvi dəyərlərimizə ziddir, Qərbin, masonların-zadın bizə sırıdığı şeylərdir. Eləmi? Onda buyurun, Dövlət Statistika Komitəsinin rəsmi informasiyasını oxuyun: “Azərbaycanda 2013-cü ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən 25069, 2014-cü ildə 25486 uşaq doğulub. 2014-cü ildə belə uşaqların sayının nisbətən artmasına baxmayaraq, şəhər yerlərində rəsmi nikahda olmayan qadınların doğduğu uşaqların sayı azalıb. 2013-cü ildə şəhər yerlərində 10892, 2014-cü ildə isə 9772 uşağı rəsmi nikahda olmayan qadınlar dünyaya gətirib. Kənd yerlərində isə rəsmi nikahda olmayan qadınlar tərəfindən 2013-cü ildə 14177, 2014-cü ildə 15714 uşaq doğulub” (Trend İA).
Bu, illik uşaq doğulmasının hardasa 20-25 faizə qədəridir. Deməli, Azərbaycan xalqı dövlət sənədlərinə barmaqarası yanaşır, sevgi, iki insanın bir-birinə səmimi hissləri kimi cəhətlərə önəm verir. Çox da əcəb eləyir.
Əlbəttə, bunun içində dini nikahlar, rəsmi olmayan münasibət pozularkən iqtisadi mübahisələrin həllində çətinlik, uşaqların gələcəkdə üzləşə biləcəyi maddi və psixoloji problemlər də var. Mən sadəcə ümumi tendensiyanı, azərbaycanlıların başqa xalqlardan hansısa uydurma mənəvi, məişət üstünlüyünün olmadığını göstərmək istədim. O şeyi ki, əslində hamı bunu ürəyində bilir, dilinə gətirmək istəmir. Bəlkə bizim mənəvi dəyərimiz elə budur – saman altından su yeritmək?
Əgər elədirsə, avtovağzal tam mənəvi şəkildə çökür.