FİFA-nın İntizam Komitəsi UEFA prezidenti Mişel Platininin 90 günlüyə vəzifəsindən kənarlaşdırılmasını tələb edib.
Qol.Az-ın xəbərinə görə, bu barədə “Die Welt Tim Ryong” jurnalisti Tim Ryen özünün “Twitter” hesabında yazıb.
Qeyd edək ki, İsveçrənin Federal Ədliyyə Bürosu FİFA prezidenti Yozef Blatterin UEFA prezidenti M.Platinin bank hesabına qanunsuz olaraq iki milyon İsveçrə frankı köcürdüyünü iddia edib. Platini isə bəyan edib ki, bu əməliyyat qanuni şəkildə aparılıb.
Dünən bu məsələ ilə əlaqədar Blatterin öz vəzifəsinin icrasından 90 gün müddətinə kənarlaşdırılması haqda xəbər yayılıb. Lakin “Reuters”in yaydığı məlumata görə, FİFA-nın İntizam Komitəsi bununla bağlı qurumun arbitraj palatası qarşısında məsələ qaldırıb. Yekun qərarı bu həftə məhz həmin palata verəcək.
Bundan başqa, İntizam Komitəsi Mişel Platini barəsində də eyni tələblə çıxış edib.