Загрузка...

3528-590

Fransanın Nor-Pas-de-Kale regionunun prezidenti Daniel Perçeron bu həftənin əvvəlində Bakıda azərbaycanlı oliqarx, “Lans” klubunun majoritar səhmdarı Hafiz Məmmədovla görüşdüyünü açıqlayıb (“Lans” bu regionun klubudur-red.).

D.Parçeron bu haqda yerli “France Bleu Nord” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, görüşdə Fransanın Bakıdakı səfiri Paskal Menye (səlahiyyət müddəti başa çatmaq üzrədir) və “Lans”ın keçmiş baş meneceri Ksavye Tuilot da iştirak ediblər.

D.Perçeron deyib ki, Hafiz Məmmədovla görüşdə biznesmen oktyabr ayından maliyyə vəziyyətinin düzəlməyə başlayacağını və “Lans” klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirəcəyini deyib.

“Hafka” fransalı qubernatora bildirib ki, il ərzində onun maliyyə vəziyyəti mürəkkəb olaraq qalıb. Lakin oliqarx tezliklə dondurulmuş aktivlərinə çıxış imkanlarını geri qaytaracağını və borclarını ödəmək iqtidarında olacağını, o cümlədən “Lans”ın yüksək liqaya qayıtmasına kömək edəcəyini bildirib.

Görüşdə “Hafka”nın hazırda tam siyasi və maliyyə reabilitasiyasının getdiyindən bəhs olunub.

Xatırladaq ki, “Hafka” 2014-cü ildə “Lans”ın səhmlərini alandan sonra Fransada sürətlə məşhurlaşıb. Əvvəlcə bu məşhurlaşma azərbaycanlı zəngin oliqarxın Fransanın futbol klubunu dirçəlmək vədləri ilə müşayiət olunurdusa, daha sonra “Hafka”nın biznesi böhranla üzləşdi və nəticədə o, klubun büdcəsinə vəd olunan maliyyəni verə bilmədi.

Bu da azərbaycanlı oliqarxın Fransa idman mediasının və futbol azarkeşlərinin tənqidlərinə hədəf olması ilə nəticələndi.

Lakin indi belə görünür ki, “Hafka” xilas olur və biznesini yenidən dirçəltmək üçün ciddi siyasi dəstək təmin edə bilib. Bu, “Hafka”nın keçmiş ortaqlarının siyasi baxımdan gözdən düşməsinə dair xəbərlərin artdığı bir vaxtda baş verir. Əgər “Hafka” neft daşımalarındakı payını yenidən geri qaytarmağa nail olsa, bu sahədən gələn gəlirlərlə biznesinin digər sahələrini də dirçəldə bilər.

Həmçinin mümkündür ki, o, biznesini böhrandan çıxarmaq üçün yeni güclü ortaqlar tapıb.

Qafqazinfo.az