Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin “Qarabağda müharbə olmayacaq” deyəndən iki gün sonra Ermənistanın müdafiə naziri Azərbaycana gəldi. Seyran Ohanyanın Qarabağa neçənci səfəri idi, dəqiq deyil, ancaq onun məhz rus səfirin Qarabağ müharibəsini istisna etməsindən sonra Qarabağdakı terror yuvalarına baş çəkməsi diqqətçəkəndir. Məntiq onu deyir ki, Ohanyanı cəsarətləndirən rus diplomatının dedikləridir. Yəni “qorxmayın, arxanızda durmuşuq, istədiyinizi edin”.
Deyəsən, İvan Volıkin vaxtilə Qribayedovun oynadığı “rus canişini” rolunu oynayır bölgədə. Bundan bir ay əvvəl də rus səfir Ohanyanla görüşmüşdü. Görüşün “nəticəsini” gördük, erməni diversiya-təxribat qrupu mövqelərimizə davamlı həmlə etdi, ağır artilleriya işə salındı, mülki əhalimiz də hədəfə alındı, özü də Ermənistanla sərhəddə. Rusiyanı prosesə qoşmaq üçün hüquqi zəmin yaratmaq üçün.
Azərbaycanın üstəlik, Türkiyə ilə birgə həyata keçirilən möhtəşəm hərbi layihələr Ermənistana Rusiyadan bəhrələnmək üçün əlavə imkanlar verir. Moskva Azərbaycana milyardların qarşılığında silah satdığı halda, işğalçı ölkəyə hər şeyi havayı verir. Adını da “tərəfsiz”, “vasitəçi” qoyub…
Bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın “Marşal Bağramyan” poliqonunda “Sarsılmaz qardaşlıq-2015″ hərbi təlimlərini keçirir. Əslində bu, Rusiyanın hazırladığı böyük bir planın tərkib hissəsidir. Qurumun baş katibi Nikolay Bordyuja deyib ki, KTMT qüvvələri ”dünyanın “qaynar nöqtə”lərində mümkün sülhməramlı əməliyyatlara hazır olmalıdırlar”. Biz yaxşı bilirik ki, “qaynar nöqtə” deyiləndə hara nəzərdə tutulur. Təbii ki, söhbət ilk növbədə Qarabağdan gedir.
Rəsmi məlumata görə, KTMT Kollektiv Sülhməramlı Qüvvələri təlim zamanı Qafqaz regionunda sülhün təmin edilməsi üzrə şərti əməliyyatlar keçirirlər. Rusiya sülhməramlılarının Gürcüstandakı missiyasının oynadığı rolu 2008-ci ildə bütün dünya şahidlik etdi. Əslində şimal qonşumuzun belə rolları çox olub. “Sabitlik yaratmaq” funksiyasını üzərinə götürmüş 366-cı motoatıcı alayın Xocalıda törətdiklərini xatırlamaq bəs edər. Müasir günümüzdə isə acı Ukrayna nümunəsi var. Suriyadakı rus bombardmançıları da ora sülh yaratmaq niyyətilə getməyib təbii ki.
Bordyujanın dedikləri bir ay öncə Rusiyanın Cənubi Qafqazla bağlı planlarının olması barədə beynəlxalq mediada tirajlanın xəbərlərin təsdiqidir. Təbii ki, söhbət Gürcüstan və Azərbaycanın tam nəzarət altına alınmasından gedir. Sadəcə, Moskva “sülhməramlıları”nın hərəkətə keçməsi üçün fürsət gözləyir. Rusiya ən müxtəlif adlar altında Azərbaycana ordu yeritmək istəyir. Necə ki, ötən əsrdə “Türkiyəyə yardıma tələsdiyini” deyən rus əsgərləri yalnız 70 ildən sonra Azərbaycandan çıxdılar…
Bu dəfə də bəhanələr uydura bilərlər: Qarabağda “sülhü təmin etmək” adı altında ökəmizə soxula, yaxud Suriyadakı İŞİD-in məhv edilməsi üçün Azərbaycanda baza qurmaq istəyinə düşə bilərlər. Rəsmi Bakı hələ ki, şimal təhdidlərinə dirəniş göstərir. Ancaq Elmar Məmmədyarovun “heç vaxt heç vaxt demə” fikri və Qarabağın azadlığının qarşılığında güzəştləri mümkün sayması vəziyyətin dramatikliyindən xəbər verir.
Kreml açıq təhdidə keçib, Bakının Qərblə münasibətlərindəki ziddiyyətlər onun işinə yarayır, üstəgəl, erməni faktoru və Ermənistanla hərbi müqavilə amili var. “Rusiya sülhməramlıları”nın Qarabağda yerləşdirildiyi gün Qarabağın qaytarılması ümidini dəfn etməli olacağıq…
Ermənistanın Baqramyan poliqonundakı təlimlərdə diqqətimizi çəkən bir məqam oldu. Rusiyanın Samara vilayətindən 1500 km-dən çox məsafədəki Ermənistana 100 hərbçi özü ilə birlikdə 82 mm kalibrli minaatanlar və atıcı silahlar göndərilb. Azərbaycanın Müdafiə Nazirliyinin cəbhə xəbərlərində bir məqamı xatırladım: Ermənistan tərəfdən 82 mm kalibrli minaatanlar və atıcı silahlardan mövqelərimizin atəşə tutulmasını.Yəni yenə atan kazaklardır?
Rusiyanın İravandakı səfiri onu da deyib ki, Qarabağ münaqişəsini hərbi yol ilə həll etmək mümkün deyil, məsələ danışıqlar masası arxasında və yalnız sülh yolu ilə həll edilə bilər. Ölkəsi uzaq Suriyadakı İŞİD-I təhlükə sayır, üstünə qırıcı-bombardmançılar göndərir, Bakının 385 km-liyindəki Xankəndi şəhərini 24 ildir işğalda saxlayan terroçu rejimlə isə danışıqların alternativini görmür. Hansı ki, İŞİD-in bu gün törətdiklərinin eynisini İŞİD-dən də qorxulu erməni terrorçuları 1992-ci ildə Xocalıda törədib.