Rusiya Qərbə, ələlxüsus ABŞ-a indi də Suriyadan meydan oxumağa başlayıb. Özü də rəsmi Kremlin təbirincə desək, “tam legitim qaydada”. İş ondadır ki, Moskva bu bəyanatı dönə-dönə verməkdən yorulmur ki, “Suriyada məhz yerli hökumətin, prezident Bəşər Əsədin birbaşa xahişi ilə əməliyyatlara başlayıb”.
Bununla Kreml sözsüz ki, ilk növbədə İŞİD-ə qarşı koalisiyanın başında dayanan ABŞ-ın Suriya hava məkanından beynəlxalq hüquqa zidd olaraq istifadə etməsinə, Suriya ərazisinə qanunsuz girməsinə diqqət yönəltməyə, Amerikanı gözdən salmağa çalışır. Məsələnin ən absurd tərəfi də elə budur.
Çünki əvvəla, Bəşər Əsəd rejiminin özü çoxdan legitim deyil, nədən ki, ötən il müharibənin ən qaynar vaxtında, milyonlarla suriyalının ölkədən didərgin düşdüyü, yüz minlərləsinin öldürüldüyü vaxtlarda o, saxta seçki təşkil edərək, özünü növbəti dəfə prezident elan edib. Başqa sözlə, onun Suriya xalqının adından danışmağa, xalqı təmsil eləməyə hüquqi bir yana, heç mənəvi haqqı da yoxdur.
İkinci absurd məqam rəsmi Moskvanın özünün “legitim müdaxilə”dən dəm vurmasıdır. Sən demə, Rusiya Ukraynanın ayrılmaz tərkib hissəsi olan Krımı özünə legitim yolla birləşdiribmiş. Sən demə, bu gün də Donbasda at oynadan, bölgədə vəziyyəti qarışdıran və Kiyevi təhdid edən rus hərbçiləri, “yaşıl adamcıqlar” Ukraynanın Şərqinə, Donbasa tam legitim əsasda, rəsmi Kiyevin xahişi ilə soxulubmuşlar.
Əlbəttə ki, yox. Dünya artıq neçənci dədədir ki, Kremlin belə iki və çoxüzlü, sinik (abırsız) siyasətinə şahidlik edir. Bu həmin Rusiya, Putindir ki, Çeçen xalqının azadlıq, müstəqillik arzusunu qan gölündə boğduğu halda, Tatarıstanın 52 faiz səslə Rusiyadan ayrılmaqla bağlı qanunu referendumuna məhəl qoymadığı halda, hələ də Krım ruslarının öz müqəddəratını təyinetmə hüququndan dəm vurur, Abxaziyanı, Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyır, hətta Moskvada Qərb əleyhinə separatçıların (Kataloniya və s.) sammitini təşkil edir.
Adama deyərlər, öz müqəddəratı təyinetmə hüququna belə sayğılısansa, nədən Rusiya Federasiyasındakı onlarla muxtar qurumdan heç olmasa ikisində (Çeçenistan, Tatarıstan) Krımdakı kimi ayrılmaq referendumu keçirilməsinə şərait yaratmırsan?!
Cavab ritorikdir, çünki Rusiya imperiyası o zaman “tikişlər üzrə” paramparça olar…
Bu xüsusda tam aydındır ki, Rusiyanın Suriyaya dəstəyi həm də hər iki ölkədəki qohum rejimlərin – avtoritar idarəçiliklərin mövcud olması ilə bağlıdır. Qərb təbii ki, demokratik rejimlərlə mübarizə aparmır, buna lüzum da yoxdur. Demokratiyadan, onun kölgəsindən qorxan isə – Rusiyadır, avtoritar ölkələr, diktatura rejimləridir. Bu üzdən ortaq qorxu avtoritar liderləri asanlıqla birləşdirir, müttəfiqə çevirir – bir-birindən hansı coğrafi məsafədə yerləşməsindən asılı olmayaraq. Müxtəsəri, su-çuxur məsələsi.
Əli öz xalqının və onun körpələrinin qanına bulaşan Bəşər Əsədin Rusiyanı Suriyaya köməyə çağırması da ən əvvəl bu motivlə – daha bir qaniçən rejimi xilas etmək istəyi ilə bağlıdır, nəinki sünni-şiə məsələsi və ya İŞİD-lə, terrorla.
Təsadüfi deyil ki, rus qırıcıları və bombardmançı təyyarələri Suriyada ilk növbədə ABŞ-ın himayə elədiyi, Əsədə müxalif hərbi qüvvələrin mövqelərinə zərbə endirib, İŞİD-çilərə yox.
Siyasətdə terrorçuluq başqa necə olur ki? Və konkret halda Putinlə Əsədin əl-Bagdadidən nə fərqi qaldı? İŞİD də azad insanlara, xalqlara, azadlıqlara, demokratiyaya, beynəlxalq hüquqa qənim kəsilib, bunlar da – müxtəlif ideoloji cəbhələrdə yer alsalar da.
Elə deyil?