Yapistlər Suriya qaçqınları mövzusunda demaqogiya ilə məşğul olub, Avropanı, demokratik Qərbi xeyli tənqid elədilər. Dedilər gəlsinlər bizdən qaçqınlara dövlət qayğısını öyrənsinlər. Əlbəttə, qaçqın və məcburi köçkünləri 20 ilə yaxın müddətdə qışda palçıqlı, yayda ilan mələyən səhra düşərgələrində çürütməkləri yada düşmədi. Elə indinin özündə xeyli qaçqın bu cür pis durumda yaşamaqdadır. Neft pullarının sel kimi gələn vaxtında bir neçə evlər, dəbdəbəli və tragikomik “Qayıdış” tipli adlar daşıyan şəhərciklər salmaqla iş düzəlmədi ki? Misal üçün, Müşfiqabad tərəfdə məcburi köçkünlərə tikilən evlər biyabanın ortasındadır. Adam ərazidən keçəndə ürəyi sıxılır, gəl gör orda yaşayasan. İş yerləri yox, adi elementar sosial şərait yox. Yeri gəlmişkən, Füzuli və Beyləqan tərəfdə salınan yeni qaçqın şəhərciklərində yaşayan adamlar işsizlikdən beziblər.
Ancaq biz qaçqın-köçkünlərimizin adından niyə danışaq? Onlar öz hallarından məmnundursa, bizim nə işimizə qalıb? Lap “Yeni Müsavat”da təzəlikcə jurnalist Əli Raisin yazdığı fotoreportajdakı işsiz adamın durumudur. Təsəvvür edin, adamın 47 yaşı var, zibillikdən şüşə qab yığmaqla dolanır, rayondakı ailəsinin üzünə həsrətdir, amma hökumətdən razılıq eləmişdi! Elə bil zibilliyi bunun əlindən alacaqlar. (Nə biləsən…) Məşhur müdrik fikirdə deyilən kimi, “Azadlığın ən böyük düşməni öz halından məmnun kölələrdir”.
Əlbəttə, adda-budda narazılar da vardır, biz gərək onları tutdurub bəzi jurnalistlər kimi döyək. (Şanlı polis qüvvələrimiz sayəsində yaxın aylarda jurnalist canlısı Azərbaycanda Qırmızı Kitaba düşəcəkdir). Elə onlardan bir qrupu İmişlidən mənə şikayət göndəribdir, görün nə deyirlər: “Biz burada, 2012-ci ildə dövlət proqramı ilə salınan ”Yeni Bəhrəmtəpə” qəsəbəsində yaşayırıq. 1 və 2 saylı şəhərciklərdə ümumən 2500-ə yaxın insan yaşayır. Əsas problemlərimizdən biri küçə işıqlarının sönməsidir. Qabaqlar işıq var idi, amma hardasa 1 ilə yaxındır verilmir. Qaranlıqdan çox əziyyət çəkirik, bəzi sakinləri sahibsiz itlər tutmuşdur. Dəfələrlə icra hakimiyyətinə, başqa qurumlara müraciət etmişik, amma deyirlər gərək Qaçqınkom hesaba pul köçürtsün, işıq o zaman verilər. Bilmirik dərdimizi kimə deyək. Hörmətlə, şəhərcik sakinlərindən qaçqın Filankəs, köçkün Behmənkəs və sairə”.
Doğrudan da ciddi problemdir. Misal üçün, Bakıda da neft pulu azalandan bir çox küçə işıqları yanmır, amma qaçqın şəhərciyinin qaranlıqda qalması daha qlobal problemdir. Bəs biz suriyalı qaçqınlara necə yanıq verərik? Angela Merkeli AzTV-də kimə göstərib qınayarıq?
Üstəlik, məndə dəqiq məlumat var ki, düşərgənin küçə işıqları yanmadığından bəzi adamlar gecə küçəyə çıxa bilmir, nəticədə AzTV-nin səyyar kameralarına (hər yeri gəzirlər, diqqətli olun, hər an sizi də göstərərlər) “AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu 90 ildə küçəyə çıxa bilmirdik, sağ olsun yapçılar, cəmi 9 aydır hakimiyyətdədirlər, lakin gecə-gündüz küçədən yığışmırıq” deməkdə çətinlik çəkir. Yanlış anlaşılmasın, “Yeni Bəhrəmtəpə” sakinləri başqa uca millətimiz kimi iqtidarı tam dəstəkləyir, ətrafında neçə sot boş yer varsa orada sıx birləşməyə daima hazırdır, ancaq küçə işıqlarının yanmaması onlara bir az çətinlik yaradır. Şair demişkən, “Gecə qəfil Günəş doğsa, biz də bilərik kim kimin evindən çıxır”.
Kosmosdakı peykimizdən çəkilən şəkillərdə həmin hissənin qapqara görünməsi də düzgün deyildir, çünki qaçqınlara yaratdığımız ideal şəraitə bütün kainat şahid olmalıdır, bəlkə marsiançiklər də NASA-nın əlindən qaçqın düşsələr – bu yankilər hara getsə ordan camaat qaçırmış – gəlib İmişlidə məskunlaşmaq istəyəcəkdir.
Ümid edirəm, bu yazıdan sonra “Yeni Bəhrəmtəpə” qəsəbəsinin küçə işıqları yanacaqdır. Onsuz başqa nəyəsə ümid eləmirəm.