Obamanın BMT-nin Baş Assambleyasındakı çıxışı gerçəkdən möhtəşəmdir. Müəllim olduqca həssas məqamlara toxunur, önəmli mesajlar verir.
ABŞ prezidenti üzünü müasir diktatorlara tutub deyir: “Sən öz opponentlərini məhbus edə bilərsən, amma ideyaları məhbus etmək olmaz. Sən informasiyaya girişi nəzarətə ala bilərsən, amma yalanı həqiqətə çevirə bilməzsən”. Haqlıdır.
Dünya təcrübəsi göstərir ki, gün ötür, dövran dəyişir, opponentlər azadlığa çıxır, onlar əvvəlki kimi fəal olsalar da, olmasalar da, sonda o parlaq ideyalar və haqq-ədalət qalib gəlir. Amma nə vaxt? Bu işə ömürlərini həsr edənlərin ömrü başa yetəndən sonra.
Obama deyir: “Hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişən liderlər əslində etiraf edirlər ki, öz xalqları üçün uğurlu bir ölkə qurmaqda iflasa uğrayıblar. Çünki bizim heç birimiz əbədi deyilik”. Yenə haqlıdır.
Təəssüf ki, hakimiyyət başında olan diktatorlar əbədi olmadıqları fikrini özlərinə yaxın qoymurlar. Söz yox, onlar bilirlər ki, sonda “səksən, doxsan, bir gün yoxsan” hadisəsi baş verəcək, ancaq onlar öz hakimiyyətlərini oğullarına, nəvələrinə ötürməklə əbədi sülalə rejimi qurmaq istəyirlər. Tarixdə 300, 500 il hökmranlıq edən siyasi sülalələr olub.
Hazırda Şimali Koreyadakı Kim sülaləsi 60 ildir ki, baba-oğul-nəvə estafeti üzrə dövranını sürüb gedir. Həm də bu ölkədə artıq elə bir atmosfer yaradılıb ki, hakimiyyətin hökmdar ailəsindən olan daha sonrakı şəxslərə ötürülməsi problem deyil. Kənardan müdaxilə və nəsə böyük bir sarsıntı olmasa, Şimali Koreyada hakimiyyət 50 il sonra da dəyişməyəcək, müti siyasilər, kölə generallar, zombiləşmiş xalq dövlətin qurucusu Kim İr Senin nəslindən olan gənc diktatorlara biət etməkdə davam edəcəklər.
ABŞ prezidenti deyib: “Müxalifətin seçki vasitəsilə, dinc yolla hakimiyyətə gəlmək imkanı olanda, ölkə yeni ideyalar qazanır”.
Bu da qızıl kimi sözlərdir, tam həqiqəti əks etdirir. Sadəcə, onu nəzərə almaq lazımdır ki, azad, şəffaf, qanuni seçkilər olmasa, nəinki müxalifət, hətta hakimiyyət komandasının daxilindəki daha mötədil qüvvələrin hakimiyyətə gəlmək, ölkəyə “yeni ideyalar” qazandırmaq şansı yoxdur.
Barak Obama bu dediklərindən başqa da dəyərli sözlər deyib, məsələn bildirib ki, “bu günün avtoritarı sabahın inqilabına qığılcımdır” və sair və ilaxır.
Fəqət, müasir dünyada bu qızıl kimi sözlərə qulaq asan yoxdur, BMT üzvü olan 200 dövlətin üçdə ikisi məhz diktatorlar tərəfindən idarə olunur. Svazilenddəki III Msvati yeri gəlsə Barak Obamanı heç tanımaq belə istəmir. Venesuelada Modero da, Zimbabvedəki Muqabe də eləcə.
Demokratiya, azad seçkilər, qanunun aliliyi-filan kimi şeylər diktatorlara sərf eləmir. Onlara görə, hüdudsuz səlahiyyətlər, intəhasız sərvət sahibi olmaq daha yaxşıdır. Belə olanda despotlar ölkəni öz şəxsi mülkü kimi idarə edə bilir, heç kim maneçilik törədə bilmir, əngəl yaratmaq istəyənlər üçün zindan, qurğuşun güllə və ölkədən didərgin salınmaq kimi perspektivlər var.
Şərq-müsəlman dünyası bir neçə ölkə istisna olmaqla, tam olaraq Obamanın dediklərinə qarşıdır.Nə demokratiya? Nə insan haqları? Nə media azadlığı? Nə seçki? Hamı hökmdara tabe olmalıdır, əsas məsələ onun kimi seçməsidir, vəssalam. Düşüncə budur.
Obama isə dünyanı sarmış müstəbidlərə dözmək zorundadır. Yenə onun sələfləri (Klinton və Buş) dünyada demokratiyanın genişlənməsi üçün daha ciddi səylər göstərirdilər, demokratiya istəyən, müstəbiddən qurtulmağa çalışan xalqlara maddi-mənəvi, siyasi dəstək, əsasən də vəd verirdilər. Obama gələndən sonra isə bu istiqamətdə gedən proses dayandı və çarx geri döndü.
Bəlkə də despot rejimlərinin müqaviməti gözlənildiyindən də güclü oldu, ona görə belə alındı. Ancaq hiss olunur ki, 7 il əvvəl ABŞ prezidenti postunda Obama deyil, Con Makkeyn otursaydı, indi dünyanın rəngi bir az başqa olardı, ən azı ABŞ-ın ən kiçik ştatı boyda olmayan istibdad yuvaları ona dil çıxarmazdı.
ABŞ ideal dövlət deyil, xarici siyasətində əyintilər, pozuntular, qeyri-ardıcıllıqlar var, amma bir də özünü ona qarşı qızğın mübariz kimi göstərən ölkələrə baxın. Heç biri demokratik dövlət deyil, heç birində insan azadlıqlarına riayət yoxdur. Hamısı bu və ya digər dərəcədə despotizm yuvasıdır.
Obama üzünü bu dövlətlərə tutub danışır və onlar da ona qulaq asmırlar, çünki ABŞ-ın onlara heç nə edə bilməyəcəyini anlayırlar. ABŞ isə deyildiyi qədər olsa, nələrsə edə bilər.