Neftin dünya bazarındakı qiymətinin Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı ölkə iqtisadçılarının fikri üst-üstə düşmür və ziddiyyət təşkil edir.
Qeyd edək ki, iqtisadçı alim Qubad İbadoğlu bu gün sosial şəbəkədə bu mövzuda öz mülahizələrini yazıb. Sözün gedən predmetə dair Q.İbadoğlunun fikirləri belədir:
“Bu ilin sentyabr ayına olan hesablamalar göstərir ki, son 1 ildə neftin dünya bazarında uculaşması səbəbindən Azərbaycanın birbaşa itkiləri 6,6 milyard dollar olub. Qiymət ucuzlaşmasına görə daha çox itkilər xam neft ixracatında qeydə alınsa da neft məhsullarının və təbii qazın xaricə satışından da gəlirlər azalıb. Nəticədə bu səbəbdən Azərbaycanının itkiləri orta hesabla ayda 550 milyon , gündə isə 18 milyon 333 min dollar təşkil edib.
Sabiq maliyyə naziri Fikrət Yusifov isə bu mövqeylə razılaşmayaraq aşağıdakı fikirlərini yazıb:
“Hər iş qurtarıb, indi də oturub yazırlar ki, neftin qiymətlərinin aşağı düşməsindən Azərbaycan bir gündə, bir ayda və bir ildə nə qədər vəsait itirib. Nədənsə yaddan çıxarıb bu hesaba Azərbaycanın bir saatda nə qədər itkiyə məruz qaldığını yazmayıblar. Bunu etsəydilər, daha ciddi “sensasiya” yaradardılar. Görəsən, bu “hesab müəllimləri” bir barreli 12-15 dollara başa gələn neftin dünya bazarlarında 100 dollardan yuxarı satıldığı illərdə Azərbaycanın bir gündə, bir ayda, bir ildə nə qədər əlavə vəsait qazandığını da eyni qəhrəmanlıqla hesablaya bilərlərmi?
Neftin qiymətlərinin aşağı düşməsi hesabına alınmayan mənfəəti itki kimi qələmə vermək məntiqdən çox uzaq bir yanaşmadır…”.
Musavat.com