Hər dəfə hansısa bir ABŞ senatoru, ingilis lordu, alman deputatı, fransız diplomatı və yaxud nüfuzlu beynəlxalq təşkilatların yüksək ranqlı təmsilçiləri ölkəmizdə məhbəsdə olan siyasi dustaqların adlarını çəkərək, onlara azadlıq tələb edəndə qəribə bir ayrı-seçkiliyin şahidi oluruq.
Bu dəfə amerikalı senator Patrik Lehay bəyanat yayıb, bir neçə siyasi məhbusun adını çəkərək onlara azadlıq tələb etdiyini bildirib.
Söz yox, Lehay və digərləri ölkədəki siyasi dustaqların hamısının adını çəkə bilməzlər. Çünki bizdə siyasi dustaqlar və vicdan məhbusları çoxdur, bir abzasa, bir səhifəyə yerləşəcək miqyasda deyil. Ancaq onlar da həmişə eyni adamların adını çəkirlər. Ayrı-seçkilik göz deşir.
Tofiq Yaqublu və İlqar Məmmədov eyni işə görə, eyni gündə, eyni maddələrlə, eyni şərləmələrlə tutulublar. İlqar Məmmədov “ReAL” təşkilatının sədridirsə, Tofiq Yaqublu ölkənin ən böyük müxalifət partiyasının sədr müavinidir. Ancaq əcnəbi siyasilər və diplomatlar həmişə İlqar Məmmədova azadlıq tələb edirlər. Belə çıxır ki, onların biri mütləq azadlığa buraxılmalıdır, digəri həbsdə qalsa da olar.
Sırf siyasət üstdə tutulanlar bir kənarda qalır, daha çox insan haqlarının müdafiəsi ilə məşğul olanlar və bu zaman hakimiyyətin qəzəbinə gələnlərin azadlığa buraxlmasının vacibliyi qabardılır.
Günahsızlığa qalsa Müsavatın sabiq başqanı İsa Qəmbərin keçmiş müşaviri, indiki başqan Arif Hacılının müavini Yadigar Sadıqlı tamamilə, quşqusuz olaraq günahsızdır, açıq-aşkar şərləməyə məruz qalıb, bir çırtma vurmadığı adamın yalan ifadəsinə görə həbsə atılıb. Ancaq beynəlxalq dairələrdə onun adını siyasi dustaq qrafasına ad-soyadı ilə salmırlar, “və başqaları” kimi qeyd edirlər.
Jurnalist Seymur Həzi də həm siyasətçi, həm də müxalif düşüncəli jurnalist kimi məhbəsə salınıb, həm siyasi fəaliyyətinə, həm də yaradıcılığına görə bir çox siyasi məhbuslardan bir addım öndədir, amma senatorlar onun adını da çəkmirlər.
Fərəc və Sirac Kərimli qardaşları da yada salınmır.
Halbuki açıq siyasi fəaliyyətləri, siyasi iddiaları olan məhz partiya funksionerləri olan şəxslərdir və onların hansı səbəbdən həbs edildikləri heç kəsə sirr deyil, birmənalı şəkildə ortadadır.
Əlbəttə, konqresmenlərin, senatorların, lordların azadlıq tələb etdiyi şəxslər də siyasi dustaqdırlar və azad olunmalıdırlar, ancaq siyasilərin ikinci plana keçirilməsi, çox vaxt adlarının anılmaması təəssüf doğurur və ölkəmizdə insan haqlarının durumu ilə bağlı tənqidi fikirlər səsləndirənlərin səmimiyyətini şübhə altına salır. Onlar özlərinə yaxın hesab etdikləri üçün səs qaldırırlar.
Bu şəxslərin dini fəaliyyət və tələbləri üzündən həbsə alınan möminləri müdafiə etməmələrini anlamaq olar. Ortada bu şəxslərin yaxın olduqları xarici dövlətlə bağlı məsələ var. Qərb siyasətçiləri və diplomatları hesab edirlər ki, Azərbaycan dini fanatizmin məngənəsinə düşməmək üçün bəzi sərt tədbirlər görməkdə haqlıdır.
Bəs ölkədə demokratikləşmə, azad seçki, insan haqlarına riayət tələb edərkən həbs olunanlara nə sözləri var? Bu ki inkişaf etmiş Qərb dövlətlərinin prioritet saydığı, daima önəm verdiyi dəyərlərdir. O dəyərlərə görə həbs olunanların arasında ayrı-seçkilik qoymaq nəyə lazımdır?
Bu məsələdə bir tendensiya da var: hər dəfə yeni həbs olunanların azadlığı tələb olunur. Bəyanatı bəyanata calayırlar, tövsiyələr, tələblər bir-birini əvəz edir – ta ki, yeni bir siyasi məhbusa hökm oxunana qədər. Ondan sonra köhnə siyasi məhbusların çoxu unudulur, fikirlərini yeni siyasi məhbusların üzərinə cəmləyirlər.
Belə görünür ki, siyasi məhbuslarımıza azadlıq tələb edən dairələr tələblərində israrlı, ardıcıl və prinsipial deyillər. Onlar üzdə, media qarşısında bu kimi tələblərlə çıxış edir, ancaq pərdə arxasında Azərbaycan hakimiyyətinin arqumentlərini qəbul edir, onun üçün tanıdıqları güzəşt limitini uzadırlar.
Elə siyasi məhbuslar var ki, onların həbs olunması birbaşa ABŞ və İngiltərənin üzünə, imicinə vurulan şilləydi, ancaq bu dairələrdə nəyə görəsə o şilləni rahatlıqla yedilər. İndi arada sifətlərini qorumaq üçün bəyanat-filan verirlər.