Elə bil ayrı dərdimiz yox imiş, ötən gecədən düşüblər bir qızcığazın üstünə ki, niyə metroda yaşlı adama yer verməyib, nə bilim niyə elə geyinib, nə üçün it gəzdirir, daha nələrE Təəssüf doğuran haldır, o qızın davranışı yox, çoxluğun reaksiyası. Deyək ki, o qız düz hərəkət eləməyib, gigiyenik qaydaları pozub, mədəni davranmayıb, ancaq axı, “cümlə- xəyanətlərə bais” də deyil…
Budur, üstünə getdilər ki, o da qayıdıb “Nə etməli idim? Kişiyə yer verməli idim?” yazdı. Bu qızın dünyagörüşü belədir, ağlı belə kəsir. Hesab edir ki, yanında boş yer varsa, qucağındakı küçük oturmalıdır, ayaq üstə duran yox. Olsun! “Bərəkallah” deyib üstündən keçək…
Bəlkə də qız elə yerdə böyüyüb ki, orda itə, pişiyə hər hansı çəpəki baxış yolverilməz sayılır, nəinki böyüyə-kişiyə yer verməmək. Bakı metrosunda da böyüklərə yer vermək sadəcə tövsiyə olunur, unutmayaq.
Dəyərli həmkarım Zamin Hacı tam haqlıdır. Şəxsi səhifəsində yazıb: “Azərbaycan xalqını düşündürən problemlər:
İt niyə metroda kişiyə yer vermədi – 2000 paylaşma
cəbhə xəttində 2 əsgərimiz ölüb – 2 paylaşma (onun da biri saxta adla)” Mənzərə belədir…
Elə bu yazını yazarkən “İt gəzdirən xanım və ağsaqqalın nağılı”nın axiri necə oldu” kimi statusların davamı gəlirdi. Başqaları fotoşop eləyib qızın növbəti stansiyada kişiyə yer verdiyini “sübuta yetiriblər”. Bunları edən bizlər, kifayət qədər ağlı kəsən, proseslərdən baş çıxaran insanlarıq. Amma görün, nəyin müzakirəsini aparırıq?
Sosial şəbəkə elə bizim həyatımızın güzgüsüdür, “virtual çayxanadır” deyib də üstündən keçməyək. Qızla ağsaqqalın müzakirəsi gedən saatlarda Qarabağdan ağır xəbərlər gəlirdi, sonuncu xəbərdə deyilirdi ki, ermənilər minaatanla 40 yaşlı dinc sakinimizi öldürüb. Ondan əvvəl bir əsgərimiz şəhid olmuşdu, üçü yaralanmışdı. Erməni prezident ordusunun böyük itkilər verməsinin əvəzində qisas alınacağı haqda xəbərdar etmişdi, üstəlik həyasızcasına “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” demişdi. Bütün bunların qarşılığında biz ötən gecə nə etdik, cavabımız nə oldu?
Söhbət ön cəbhədəki qəhrəman oğullarımızdan getmir, onlara min alqış, sinələrini düşmənə sipər ediblər. Düşmənlə təmas xətti boyunca yaşayan mülki əhalimiz də qəhrəmandır, illərdir dözürlər bunca təhlükələrə rəğmən, itkilər verirlər. Bəs, biz arxa cəbhədəkilər nə edirik, heç olmasa kəndlərimizə mərmi yağanda dualarımızla da olsa, ordakı insanlarımızın yanında oluruqmu? Bəlkə üç-beş erməninin qaçıb Bakıya gəlməsi bizi arxayın salıb? Elə isə nədən qanlı döyüşlər gedən saatlarda biz Ağdamda nə baş verir sualına yox, o küçük gəzdirən qızın adı nədir sualına cavab axtarırıq?
Özü də bu, təkcə sosial mediaya aid məsələ deyil. Yekə-yekə Vətən, millət, Sakaryadan danışan telekanallar da bir saatlıq da olsa, şouproqramlarına, əttökən, bayağı verilişlərinə ara verib Ermənistan-Azərbaycan cəbhəsinə diqqət ayırmadı. Olsa-olsa, xəbərlərdə rəsmi məlumat oxundu, “şəhid vermişdik” deyib ardınca toyxana reportajlarını davam etdirdilər. Bu, mənim son sutkada müşahidə etdiyim durumdur. Ancaq ənənəvi haldır, vəziyyət yaxşılığa doğru dəyişmir ki, dəyişmir. Hansı kanalı çevirirsən, çal-oynasın, vur-çatlasın, atıl-düş. Heç olmasa verdiyimiz şəhidimizin xatirəsinə 5 dəqiqə ayıra bilməzlərmi? Bu, nə laqeydlik, nə saymazlıq? Dünən düşmən qəlpəsindən həlak olan Elşən Məmmədovun, Ağdam sakini Bəhram Bağırovun doğmaları bu mənzərəni görüb nə düşünür?
Bir qızın hərəkətini böyük müzakirə obyektinə çevirənlər niyə elə Zamin Hacının həmin statusunu paylaşıb diqqəti daha ciddi məsələyə yönəltmək istəmədi, bilən varmı? Yeri düşəndə Vətən belə gəldi, Qarabağ elə getdi deyənlərimiz çox olur, amma Qarabağa yaxınlaşmaq üçün heç olmasa fikirdə belə çalışmaq istəmirik. Mənzərə bundan ibarətdir. Təkcə Qarabağ məsələsi olsaydı, nə vardı…
Evinizin pəncərəsindən həyətə baxın, görün ətraf nə gündədir, zibilı dizəcən. Dayanacağa yaxınlaşın, ayaq altındakı siqaret qutularına, kötüklərinə diqqət edin. Dənizi çirkaba bulayanlarımız, kanalizasiyanı binanın zirzəmisinə axıdanlarımız, yaşıllıqları məhv edənlərimizEdaha kimlərlə müqayisədə o itgəzdirən qızın günahı nədir ki?
Böyüklər edir həm də bunları. Bizim oturmaq üçün yer tələb etdiklərimiz də var bu sırada…O kişi metroda oturmayıbsa da, faciə deyil, hər halda yoluna davam edib. Bizi yolumuzdan saxlayan o qədər pisliklər var, bir qızın etdiyi nədir ki…