Rusiyanın Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün Suriyaya ordu göndərməsinə dair ilk rəsmi sübutlar açıqlanıb.
Virtualaz.org saytı xəbər verir ki, Pentaqon Suriya ərazisində Rusiya hərbi təyyarələrinin yerləşdirildiyinə dair peykdən çəkilmiş ilk fotoşəkilləri dərc edib.
Bu fotolarda Bəşər Əsədin doğma şəhəri Latakiyə yaxınlığındakı aerodromda cərgə ilə düzülmüş təyyarələr görünür.
Amerika hərbçilərinin identifikasiyasına görə, bu təyyarələr Su-30SM qırıcılarından və Su-25 hücumçularından ibarətidir. Pentaqon bildirir ki, son günlər Rusiya Suriya ərazisində bundan əvvəl yerləşdirilmiş 4 Su-30SM qırıcılarına əlavə olaraq 12 Su-25 və eyni sayda Su-24 bombardmançısı yerləşdirib.
Beləliklə, Suriya ərazisində Rusiya döyüş təyyarələrinin sayı 28-ə çatıb. Həmçinin Rusiya Suriyada bir neçə hərbi-nəqliyyat və yanacaqdolduran təyyarə də yerləşdirib.
Pentaqon bildirir ki, hazırda Suriyada 15 Mi-17 və Mi-24 vertolyotu da var.
Vaşinqtonda bildirirlər ki, Rusiyanın An-124 hərbi-nəqliyyat təyyarələri praktiki olaraq hər gün Latakiyə aeroportuna enib-qalxır və yük boşaldır. Amerikanın peyk çəkilişlərinə əsasən aerodromda 36 zirehli maşın, 9 tank və iki HHM sistemi də yerləşdirilib. Bundan əlavə Suriya səmasında Rusiyanın pilotsuz kəşfiyyat təyyarələri intensiv uçuşlar keçirir. Rusiya bütün bu məlumatları hələ də şərh etmir.
“The Financial Times”qəzeti isə xəbər verir ki, Rusiya Latakiyə yaxınlığındakı hərbi bazaya cəmi 2 minə yaxın hərbçi yerləşdirməyi nəzərdə tutub. Moskvanın hərbi planları barədə məlumatlı olan mənbə deyib ki, bu. Rusiyanın Suriyadakı hərbi missiyasının birinci mərhələsinin başa çatması demək olacaq.
Digər mənbə isə deyib ki, 2 minlik hərbi kontingentə təkcə döyüş təyyarələrinin və vertolyotlarının heyət üzvləri deyil, eyni zamanda texniki personal və tikilməkdə olan hərbi bazanın mühafizəsini həyata keçirən “yaşıl adamlar” -xüsusi təyinatlılar daxildir.
Həmçinin bildirilir ki, Rusiya Suriyaya “yer-hava” raketləri də göndərib. Bu məlumatı dəqiqləşdirmək mümkün olmasa da ekspertlər deyirlər ki, istənilən müasir hərbi bazanı hava hücumundan müdafiə etmək üçün belə raketlər vacibdir.
Gözlənilir ki, Rusiya Suriyadakı hərbi missiyasının ikinci mərhələsində daha çox hərbçi göndəriləcək. Bu, SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra onun varisi olan Rusiyanın ikinci ən iri xarici hərbi missiyasıdır.
Rusiyanın Suriyaya qoşun yığması bununla yekunlaşmır. “Azadlıq” radiosunun Vaşinqton xidməti xəbər verir ki, Türkiyənin Bosfor boğazından üzüb keçən Rusiya hərbi gəmilərinin ardı-arası kəsilmir.
Türkiyə mənbələrinə istinadən bildirilir ki, Rusiyanın dünyada ən böyük sualtı qayıq olan “Dmitri Donskoy” atom sualtı qayığı da Suriya sahillərinə doğru istiqamət alıb. Gəminin Bosfor boğazından keçəcəyinə dair məlumatlar Türkiyədə panika yaradıb. Gəmi nüvə başlıqları ilə təchiz edilmiş qitələrarası ballistik raketlər daşıyır.
“Dmitri Donskoy” atom sualtı qayığı
Bildirilir ki, “Dmitri Donskoy” açıq dənizə sentyabrın 4-də çıxıb və iki sualtı qayıq əleyhinə gəminin müşaiyəti ilə Suriya sahillərinə doğru hərəkət edir.
Bu məlumat da rəsmi olaraq şərh edilmir. Ancaq tamamilə mümkündür ki, Rusiya Suriyaya qoşun yığmasına ABŞ-ın mümkün hərbi reaksiyasını istisna etmək üçün nüvə kartına əl atır. Çünki Rusiyanın Suriyaya hərbi kontingent və çoxsaylı döyüş təyyarələri yerləşdirməsi ABŞ-ı çaş-baş salıb.
Birləşmiş Ştatlar mediası və Respublikaçılar Partiyası buna görə prezident Obamanı sərt tənqid edir. Bildirilir ki, Putin növbəti dəfə qətiyyətsiz və zəif Obamaya qalib gəlir və Suriyanın qismində Yaxın Şərqdə uzunmüddətli hərbi iştirakını təmin edərək öz müttəfiqinin hakimiyyətini qoruyur.
Məlumatlara görə, Putinin qəfil Suriya taktikasından özünü itirən ABŞ administrasiyası artıq Bəşər Əsədin istefası tələbini geri çəkməyə hazır olduğuna dair mesajlar verir.
Qeyd edək ki, Rusiya Krımı ilhaq edəndə də ABŞ-ın mümkün hərbi cavab reaksiyasını istisna etmək üçün nüvə silahı kartından istifadə etmişdi. Putin sonradan açıqlamışdı ki, Rusiyanın nüvə qoşunları NATO-nun mümkün reaksiyasına qarşı döyüş hazırlığı əmri almışdı.
Türkiyəli bloggerlər yazırlar ki, avqustun ortalarından başlayaraq Bosfor boğazından 10-dan çox Rusiya desant gəmisi keçib. Sonuncu dəfə bloggerlər Rusiyanın “Saratov” desant gəmisini Bosfor boğazından keçərkən görüblər. Gəminin göyərtəsi xüsusi torla maskalanmış hərbi texnika ilə dolu olub.
Gəmi boğazdan keçərkən təhlükəli yük daşıdığına işarə edərək xüsusi xəbərdarlıq siqnalı verib ki, başqa gəmilər ondan uzaq dursunlar.
Bosfor boğazından keçən digər Rusiya gəmisi “Nikolay Filçenkov”un da göyərtəsində onlarla “Kamaz” yük maşını, brezentlə örtülmüş çoxsaylı hərbi texnika olub.
Bəs Putinin Bəşər Əsədi İŞİD-in, “əl-Qaidə”yə bağlı “ən-Nusra cəbhəsi”nin və digər çoxsaylı terrorçu qrupların, habelə ABŞ-ın dəstəklədiyi “mötədil müxalifətin” hücumlarından qorumaq üçün gördüyü bütün bu tədbirlərə cavab olaraq Obama nə edir?
ABŞ mediasının xəbərlərinə görə, əsas məsələ budur ki, Obama heç nə edə bilmir. ABŞ-ın başçılıq etdiyi koalisiyanın İŞİD-ə qarşı bir ildən çoxdur davam edən hava zərbələri bu dəhşətli terror qruplaşmasının darmadağın edilməsi üçün yetərli olmayıb, yaxud çox az effekt verib.
Üstəlik 300 mindən çox suriyalını qıran Bəşər Əsəd indi beynəlxalq ictimaiyyətin gözündə legitimləşmək üçün yaxşı şans qazanıb. Onun rejiminin əməlləri sayəsində Suriyadakı dinc etirazlar İŞİD kimi dəhşətli terror təşkilatı və digər radikal qruplaşmaların öz aralarında, eyni vaxtda Əsədin ordusuna qarşı apardıqları qanlı müharibəyə çevrilib.
Bəşər Əsəd indi tez-tez xarici mətbuatın səhifələrində görünür və beynəlxalq ictimaiyyətdən terrora qarşı mübarizədə dəstək istəyir, dialoqa hazır olduğunu bildirir.
Bir vaxtlar Əsəd rejiminin kimyəvi silah işlətməsini “qırmızı xətt” kimi müəyyənləşdirən, ancaq kimyəvi silahdan istifadə faktının sübut olunmasına baxmayaraq heç bir qəti addım ata bilməyən Obamadan fərqli olaraq Suriya diktatorunun Putin kimi sözünün üstündə duran müttəfiqi var. Onun ölkəsi xarabalıqlara çevrilsə də bu dəstək Əsədi Dəməşqdə hakimiyyətdə saxlamaq üçün kifayətdir.
İndi Putinin Suriyaya ordu yığması ABŞ-ın Əsəd rejiminə qarşı mümkün hava əməliyyatlarını da istisna etmiş olur.
Putinin Suriyaya minlərlə hərbçi, onlarla döyüş təyyarəsi yerləşdirdiyi, Əsəd rejiminə gəmilərlə ən yeni silahlar daşıdığı bir vaxtda ABŞ-ın Mərkəz Komandanlığı elan edib ki, Pentaqonun Suriyaya müxalifətinə dəstək proqramı çərçivəsində hazırlıq keçən müxalif döyüşçülərin ikinci dəstəsi Türkiyə üzərindən Suriyaya daxil olub.
Və belə məlum olub ki, söhbət cəmi 70-ə yaxın döyüşçüdən gedir. ABŞ administrasiyası Suriya müxalifət qüvvələrinə hazırlıq keçilməsi üçün 500 milyon dollar ayırmışdı. Proqrama əsasən ekstremistlərə və Əsəd ordusuna qarşı döyüşmək üçün 15 min döyüşçünün hazırlanması nəzərdə tutulurdu.
Bu proqram çərçivəsində hazırlıq keçənlərin ilk dəstəsi – cəmi 54 yaraqlı iyul ayında Suriyaya daxil olmuşdu.
Lakin onlar Suriyaya daxil olan kimi İŞİD və “ən-Nusra” tərəfindən darmadağın edildilər. Dəstənin üzvlərinin bir neçəsi öldürüldü, bir qrupu əsir götürüldü. Sentyabrın əvvəllərində Konqresdə keçirilən dinləmələr zamanı Pentaqon rəhbərliyi etiraf etmişdi ki, Suriyada hazırda ABŞ-ın hazırlıq keçdiyi cəmi 4-5 müxalif döyüşçü qalıb.
İndi 70 nəfərlik ikinci dəstənin Suriyaya daxil olması Obamanın Suriya strategiyasının Putinin irimiqyaslı intervensiyası ilə müqayisədə nə dərəcədə uğursuz olduğunu bir daha nümayiş etdirir.
Vaxtilə ABŞ İraqda da on milyardlarla dollar xərcləyib ordu yaratmışdı, ancaq İŞİD-in ilk hücumundaca bu ordu dağıldı. ABŞ-ın verdiyi hərbi texnika və silahlar İŞİD-in əlinə keçdi.