“125-lər” də seçkini boykot edə bilər.
Günel Səfərova: “İnsanlar seçkiyə inanmır”
ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina etməsi artıq seçki prosesinə öz təsirini göstərməyə başlayıb. Dünən Azərbaycan Demokrat Partiyası ATƏT-in müşahidə etmədiyi seçkilərin obyektivliyinə şübhə edərək seçkidə iştirakdan imtina edib. Artıq medida, sosial şəbəkələrdə və siyasi kuluarlarda “seçkinin taleyi həll olunub” deyənlərin sayı artıb. Müstəqil namizədlər arasında isə seçkidə iştirak etməkdə israrlı olanlar da var, yaranmış vəziyyətdən məyus olub gözləmə mövqeyi tutanlar da. 21 saylı Nəsimi 1-ci seçki dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürmüş “125-lər” siyasi klubunun üzvü Günel Səfərova imtina etmək fikrində olmadığını dedi:
“Mən artıq imzatoplama kampaniyasını bitirmişəm və imza vərəqələrini bu gün Dairə Seçki Komissiyasına təhvil verəcəyik. Biz seçkilərlə bağlı bütün hazırlıqları da görmüşük. 5 məntəqədə səlahiyyətli nümayəndəmi də yerləşdirmişəm. Əlbəttə ki, şəffaf seçkilərin keçirilməsində xarici müşahidənin rolu böyükdür. Mən özüm də xarici müşahidədə olduğuma görə bunu yaxşı bilirəm. Amma bu o demək deyil ki, bizim öz müşahidəçilərimizin bilik və bacarığı yoxdur. Biz seçkinin normal keçirilməsinə çalışacağıq.
Araşdırmalar, müşahidələr onu göstərir ki, əhalinin seçkilərdə iştirak faizi olduqca aşağıdır. İnsanlar seçkilərə inanmırlar, namizədlərin onların həyatında dəyişik etməsini görmürlər. Ona görə də biz seçicilərə bu inamı aşılamalıyıq ki, onlar da səsverməyə gəlsinlər. Biz əminik ki, seçiciləri Milli Məclisdə ən doğru şəkildə təmsil edə biləcəyik. Biz özümüzdən asılı olan hər mərhələni professional şəkildə edəcəyik. Ancaq saxtakarlıq edən tərəf biz deyilik. Deyə bilmərəm, bu saxtakarlığı hakimiyyət ya da Milli Məclisi başqa cür görmək istəyən hansısa qrup edəcək. Biz seçkinin şəffaf keçirilməsinin tərəfdarıyıq”.
“125-lər”in digər üzvü, 17 saylı Yasamal Seçki Dairəsindən müstəqil namizəd İlhamiyyə Rzayeva isə beynəlxalq müşahidəçilərin olmadığı seçkilərin demokratikliyinə ümid bəsləmir. Ona görə də İlhamiyyə Rzayeva mövcud durumdan məyus olduğunu dedi.
Tanınmış jurnalist zərurət yaranarsa, namizədliyini geri götürəcəyini də istisna etmədi: “Vəziyyət ürəkaçan deyil. Mən seçkilərə getmək fikrimdən hələ daşınmamışam. Amma bu durum məni narahat etməyə bilməz. Beynəlxalq müşahidəçilərin iştirakı, seçkilərin şəffaflığına əminliyimizi artırardı. Amma bu imtina həmin əminliyin azalması deməkdir. Bu mənada mən də narahatam. Hər halda ümid edirəm ki, seçkilərə qədər vəziyyət bəlkə də dəyişə bilər. Çünki mən düşünürəm ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların seçkidə iştirakı vacibdir”.
İlhamiyyə Rzayeva onu da vurğuladı ki, imzatoplama kampaniyasını davam etdirir və hələ seçkilərdə iştirakdan etmək fikrində deyil. Amma seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq müşahidəçilərin iştirakı vacibdir: “Bu mənada məyusluq var. Mən çalışacam ki, namizəd olduğum dairədən müşahidəçilərin iştirakını təmin edim. Amma beynəlxalq müşahidəçilərin olmaması situasiya ilə bağlı məyusluq yaradır”.