“Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?”
(Seyid Əbülqasim Nəbati)
“Gəlsinlər Azərbaycana, tolerantlıq öyrənsinlər. Gəlsinlər Azərbaycanda mənəvi dəyərləri öyrənsinlər. Gəlsinlər Azərbaycanda seçki sisteminin elə özünü öyrənsinlər”. Bu sözləri Səyavuş Novruzov MM-dəki iclasda avropalılar haqda demişdir. Dünən yadımdan çıxdı, indi yazıram. Amma Səyavuş müəllimin bu tarixi çıxışından bir az ziddiyyət doğur. Məsələ ondadır ki, yapist yoldaşlar avropalıları Azərbaycana buraxmayacaqları haqda qərar qayırmağa hazırlaşırlar. Bunun Avropa məkanına necə fəlakət olacağını, bəlkə bu qərardan sonra Angela Merkelin intihara cəhd edəcəyini dünənki yazımda göstərmişəm. Bizi düşündürən problemin başqa tərəfidir.
Fikir verirsinizsə, Səyavuş müəllim avropalıları dünyada tapılmayan həmin Azərbaycan nemətlərini (tolerantlıq, mənəvi dəyərlər və seçki sistemi) dadmaq üçün ölkəmizə dəvət edir. Eyni zamanda avropalıları istəyirlər Azərbaycana buraxmasınlar. Bəs bu yazıqlar, fağırlar, bədbəxtlər Azərbaycanı necə öyrənəcəkdir? Təkcə AzTV-nin Azərbaycan həqiqətlərini dünyada yaymaq üçün gücü yetərli deyil, xüsusilə İbrahim müəllim də efirdən qovulandan ağırlıq təkcə Tolikin üzərinə düşmüşdür.
Diplomatik heyətimiz də Azərbaycan həqiqətlərini yaymaq yerinə bir-bir qaçıb aradan cırırlar. Sanki mənəvi dəyərlərimizdən, seçki sistemindən, tolerantlıqdan ləzzət almaq istəmirlər.
Vəziyyət bu cür qəlizdir. Deyir həm pəhriz tutaq, bir tərəfdən də deyir gətir görək orda alça turşusundan-zaddan nə vardır.
Bu, Səyavuş müəllimin ilk dərin məzmunlu çıxışı deyildir, onda vaxtaşırı belə ekstaz durumu olur. Örnək üçün, elə lap təzəcə əski yoldaşı Eldar Sabiroğlunu yıxıb sürüyübdür. Deyir Eldar YAP-da qısa müddət üzv olub, halbuki Eldar Sabiroğlu azı 10 il YAP rəhbərliyində idi. Deyir bu tüfeyli idi, bilmirəm hansısa yolla gəlib Müdafiə Nazirliyində işə düzəlmişdi, ermənilərə satqınlıq eləyirdi. Səyavuş müəllimin sözündən belə çıxır ki, iki il qabaq sərhəddə tutulan Mamikonyan adlı qoca və xəstə, yazıq erməni də gəzə-gəzə gəlib bizdə polkovnik rütbəsi alıb 7 il MN-də idarə rəisi işləyə bilərmiş – əgər onu Tovuzun bir kəndində zəhmətkeş qadın yaba ilə hərləyib tutmasaymış…
Amma Səyavuş müəllimin ən maraqlı sözü Eldar Sabiroğlunu tariximizi Musa Urud kimi alimlərdən öyrənməyə çağırmasıdır. Xəbəri yoxdur ki, Musa müəllim ixtisasca həkimdir, hətta bir müddət Gəncədə narkoloq işləyibdir, “iynə vuranları”, “hallananları” müalicə edirmiş. (Ta müalicə düzgün aparılıbmı, həkim özü indi hansı “kayfdadır” – bunu müzakirə eləmək istəmirik, çünki insanlara çıxışlarına görə diaqnoz qoya bilmərik). Əgər Musa müəllim tarixçidirsə, o zaman Tarix İnstitutunun direktoru Yaqub Mahmudov yəqin asudə vaxtlarında sünnət eləyir. Başqa nə ola bilər?
Ümumiyyətlə isə belə baxıram yaxın zamanlarda ölkəmizdə ən perspektivsiz peşə satirik peşəsi olacaqdır. Allah heç qoymazsa, guya mən satirik yazılar yazıram, bunu bir neçə dəfə başıma vurublar. Amma belə bir qabiliyyətə malik olmadığımı Milli Məclisin son iclasından fraqmentləri izləyəndən sonra anladım. O zarafat və atmacalar ki, yapistlər öz rəhbərliyi üçün elədilər, vallah, mən onun onda birini fikirləşə bilməzdim. Məsələn, heç vaxt ağlıma gəlməzdi avropalıları Azərbaycandan seçki sistemi öyrənməyə çağırım. Yaxud bizim rəhbərliyə paxıllıq eləməklərini, Avropada belə rəhbərlik olmadığını yazım. Mən bu cür müqayisələr aparsam, bəlkə küçədə dəli inək balasını ayaqlayan kimi döyərlər ki, nə üçün ölkə rəhbərliyi ilə məzələnirsən. Ən yaxşı halda tutub Kürdəxanı zindanına salarlar. Deputatlar isə rahat danışırlar.
Necə gözəl peşədir… Yüksək maaş, bekarçılıq, üstəlik, arada rəhbərliklə məzələnirsən… Adam lap deputat olmaq istəyir. Prinsipcə, Yevda Abramov mənim işimə göz dikəndən sonra mən niyə deputat olmamalıyam?