Uzun illərdən sonra etiraf etmək çətin deyil: eks-prezident Heydər Əliyev Qərb və Rusiya arasında ustalıqla manevrlər edirdi.
O dövrün müxalif siyasətçiləri, eləcə də eyni düşüncəli siyasətşünaslar bir gün bu manevrlərin, reveransların, bunlara etimad limitinin tükənəcəyini gözləyirdilər, amma olmurdu.
Heydər Əliyev Rusiyanı da, Avropa və ABŞ-ı da Azərbaycandan bəlli bir məsafədə, bəlkə də bərabər aralıqda saxlayırdı. Heç birinə təhlükəli olacaq qədər yaxınlaşmırdı, heç birindən qeyri-sərfəli olacaq qədər uzaqlaşmırdı.
Əgər ölkənin, xüsusilə də öz hakimiyyətinin mənafeyi tələb edirdisə, o, Avropa ilə münasibətləri istiləşdirirdi, yox, bu üzdən Rusiya ilə soyuqluq yaranıbsa, növbəti bir səfərdə Moskva ilə münasibət ilıqlaşdırılırdı.
Əliyev Rusiyanın və Kremlin etibarına bələd idi, bilirdi ki, ölkənin idarəetmə rıçaqlarını ruslara vermək, hakimiyyətini Kremldəki yeni və tamahkar isteblişmentin insafından asılı buraxmaq olmaz.
Eyni zamanda Əliyev anlayırdı ki, Qərbin tələblərinə uysa, ölkədə demokratiyanın tədricən bərqərar olunmasına şərait yaratsa, yenə də hakimiyyətə təhlükə yaranar, müxalifət hakimiyyəti ondan alar.
Beləcə, o dönəmlərdə iqtidar kəndir üstündə müvazinətini qoruyan kəndirbaz kimi əlindəki şüvülü gah o tərəfə, gah bu tərəfə əyərək öz dövranını uzadırdı.
Qərb enerjidaşıyıcılarla bağlı layihələrə görə Azərbaycanda demokratiya və insan haqları sahəsindəki problemlərə göz yumur, sadəcə hakimiyyətin qırmızı xətti keçməsinə, hiddətləndiyi günlərdə türmələri siyasi dustaqlarla doldurmasına imkan vermirdi, ancaq seçkilərin saxtalaşdırılmasını görmürdü, “irəliyə doğru daha bir addım” sayırdı.
Rusiya isə lap əvvəldən nə azad seçki, nə demokratiya, nə də insan haqları hayında deyildi, ona lazım idi ki, Azərbaycan Qərbi özünə çox yaxın buraxmasın, neft alveri edib pulunu qazansın, amma regional təhlükəsizlik məsələlərində Kremlin yanında olsun.
Bu siyasi xətt 2003-dən sonra da aşağı-yuxarı, eyni cür davam etdi, amma artıq kəndirin üstündə müvazinəti daha asanlıqla saxlamaq olmurdu.
Rusiya əvvəlcə Gürcüstana, ardınca Ukraynaya hücum etdikdən sonra artıq Azərbaycan üçün manevr meydanı daralmışdı.
Bu arada İlham Əliyev və onun komandası Avropanın, ABŞ-ın nazla oynama limitlərinin hansı həddə olduğunu bilirdi. Ortaya çıxmışdı ki, Qərb yalnız tövsiyə verir, bəd ayaqda sanksiya tətbiq edir – o da yumşaqdan sərtliyə doğru uzun bir proseslə. Ona görə də Qərbin insan haqları xüsusunda tələbləri daha çox qulaqardına vurulurdu.
Ancaq bir gecənin içində tankla gəlib Tiflisin 60 kilometrliyində duran, beş Qarabağ boyda olan Ukrayna torpaqlarını – Krımı, Donetski, Luqanskı Kiyevdən bir neçə günün içində qoparan Rusiya çox təhlükəliydi, onun tələblərini gözardı etmək olmazdı.
Hələ iki il öncədən yazırdıq ki, rəsmi Bakı Rusiya-Qərb seçimi qarşısında qalsa, birincinin səfini (sırasını) seçəcək.
Elə də oldu. Bu gün Azərbaycan iqtidarı Avropaya cəbhə açmış Rusiyanın cinahında durub. Buna ikinci cəbhə açmaq demək də olar, amma bu, daha çox Rusiyanın səngərindəki istehkama girməkdir.
Məsələnin mahiyyəti budur. İndi Azərbaycan iqtidarını Avropa dəyərlərindən üz çevirməkdə, demokratik dəyişikliklərə aparan relsdən tamamilə çıxmaqda, avtoritarizm və ekspansiya yuvası olan Rusiyaya sığınmaqda ittiham etmək olar. Ancaq bunu anlamaq lazımdır ki, hakimiyyətin variantı yoxdur.
Bir sadə misal. Demokratik Avropa 20 ildən artıqdır ki, qitənin göbəyində yerləşən Belorusun avtoritar lideri Aleksandr Lukaşenkonu hakimiyyətdən uzaqlaşdıra bilmir. Ona nə qədər sanksiya tətbiq edirlər, xeyri olmur, adam sal qaya kimi yerindədir. Amma baxaq, görək, Putin Kremldə düyməni bassa Lukaşenko Minskdə neçə gün tab gətirər? Əmin olun ki, həftəsi tamam olmaz, həm Lukaşenko gedər, həm də Belorus öz “Qarabağ”larından birini itirər.
Amerikalılar politologiyaya “Şər üçbucağı” deyilən termini gətirəndə Rusiyanı nəzərdə tutmamışdılar, amma gerçəklik bundan ibarətdir ki, Rusiya böyük bir şər dairəsidir və Azərbaycan kimi ölkələri də zorla, təzyiqlə, şantajla öz cazibə sahəsində saxlayır.
Dünyanın və bütün zamanların ən odioz siyasi liderlərdən biri olan Vladimir Putin hakimiyyətdə qaldığı müddətdə belə də olacaq – Əliyev iqtidarı öz hakimiyyət dövranını qorumaq üçün Moskvanın dostu ilə dost, düşməni ilə düşmən olmaqda davam edəcək.