ABŞ dolları şübhəsiz ki, dünyanın əsas valyutası sayılır. Dövlətlərin əksəriyyəti beynəlxalq ticarətdə məhz dollarla hesablaşma aparır, öz valyuta ehtiyatlarını dollarda saxlamağa üstünlük verirlər. Hesablamalara görə, hazırda dünyada 1,2 trilyon dollar dövriyyədədir. Amma əsas valyuta olmaq ABŞ-ın milli pulu üçün arzuolunmaz problemlərə də yol açır. Məsələn, 100 dollarlıq əskinas dünyada pul fırıldaqçılarının ən çox saxtalaşdırdıqları valyutadır.
Modern.az saytı dolların hazırlanması və çapı ilə bağlı informasiyanı təqdim edir.
ABŞ dollarının emissiyası hüququ (pulu çap etmək) Federal Rezerv Sisteminin tərkibinə daxil olan 12 banka verilib (1913-cü ildən). ABŞ ərazisi 12 dairəyə bölünüb və hər dairədə 1 Federal Rezerv Bankı yerləşir. Bu bankların hər birinin dollar çap etmək hüquq var və özünəməxsus əlifbada özünəməxsus hərf və rəqəm inisialları var.
Federal Rezerv Bankları Bankın inisialı Bankın nömrəsi
Boston A 1
Nyu-York B 2
Filadelfiya C 3
Klivlend D 4
Riçmond E 5
Atlanta F 6
Çikaqo G 7
Sent-Luis H 8
Minneapolis I 9
Kanzas-Siti J 10
Dallas K 11
San-Fransisko L 12
Dollar çapının qlobal miqyasda önəmini nəzər alaraq ABŞ hökuməti bununla bağlı prosedurları məxfiləşdirib. ABŞ Federal Çap və Qravür Bürosunun işçiləri bu mənada Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərindən daha çox yoxlanılırlar.
Federal Rezerv Sisteminə daxil olan həmən 12 bank dollarının çapını gerçəkləşdirirlər. Maraqlıdır ki, “yaşıl pulu” çap etmək üçün Federal Rezerv Bankı ildə 18 ton boya sərf edir. Pullar paytaxt Vaşinqtonda və Texas ştatındakı Fort Vort şəhərindəki zavodlarda istehsal olunur. Bu zavodların işçilərinin sayı 3 minə yaxındır.
Dolların 75 faizi pambıq, 25 faizi isə kətan liflərdən hazırlanır. Məhz bu unikal tərkib əskinasın vaxtla saralmasının qarşısını alır. Son illərdə isə dolların tərkibinə qırmızı və göy rəngli xüsusi sintetik liflər daxil edilib.
Dolların əskinaslarının hazırlandığı kağız yalnız bircə şirkət tərəfindən istehsal olunur. Şirkət həmin kağızı ABŞ federal orqanlarından başqa heç kimə sata bilməz. Dolların hazırlandığı boya formulu isə Çap və Qravür Bürosu tərəfindən sirr olaraq saxlanılır. 1990-cı ildən dolları saxtalaşdırmadan qorumaq üçün əlavə olaraq əskinaslar mikroçip və müdafiə həlqələri əlavə olunub. 1996, 2005 və 2010-cu illərdə pul saxtakarlığına qarşı mübarizə məqsədilə dollar yeni dizaynlarla dövriyyə buraxılıb. Ümumiyyətlə, ABŞ hakimiyyətinin saxtakarlıqla mübarizədə əsas formulu hər 7-10 ildən dolları yeni dizaynla dövriyyəyə buraxmaqdır.
Bu yanaşma, 1990-cı illərdən tətbiq olunur. Belə ki, həmin vaxta qədər saxta dollar hazırlanması geniş yayılmasa da, texnoloji inkişaf ev şəraitində belə saxta pul çap etməyə imkan verirdi. Ayrı-ayrı fırıldaqçıların, cinayətkar şəbəkələrin də pul saxtalaşdırmasına baxmayaraq, ən böyük təhlükə Şimali Koreyanın dövlət səviyyəsində 50 və 100 dollarlıq nominalları saxtalaşdırması praktikasından qaynaqlanırdı. Məhz Şimali Koreyanın siyasəti ABŞ hakimiyyətini dolların müntəzəm yenilənməsinə təkan verdi.
Federal Rezerv Sisteminin hesabatlarında 1 dollarlıq əskinaslar 22 ay, 5 dollarlıq əskinaslar 24 ay, 10 dollarlıq əskinaslar 18 ay, 20 dollarlıq əskinaslar isə 25 ay istifadə müddətinə malikdir. Ən “uzunömürlü” dollarlar siyahısına 50 (55 ay) və 100 dollarlıq (60 ay) əskinaslar daxildir.
Hər gün Federal Rezerv Sistemi toplam dəyəri 625 milyon dollar olan 35 milyon əskinas çap edir. Onların 95 faizi əzilmiş və cırılmış dollarların əvəz olunmasına sərf edilir. Maraqlıdır ki, əskinasın nominalından asılı olmayaraq onların çəkisi 1 qram təşkil edir.
1946-cı ilə qədər Amerikada dəyəri 500, 1000, 5000 və 10000 dəyərində əskinaslardan istifadə olunub. 1967-ci ildə federal hökumətin qərarı ilə bu pullar dövriyyədən yığışdırılıb.
Dolların çapı neçəyə başa gəlir?
ABŞ dolları Federal Rezerv Bankı tərəfindən çpa olunaraq ABŞ Maliyyə Nazirliyinin Federal Çap və Qravür Bürosuna təhvil verilir. Bundan sonra dövriyyəyə buraxılır.
2014-cü ildə Rezerv Bankı 7,8 milyard dollar çap etməyi planlaşdırırdı. Buna 826 milyon dollar vəsaitin xərclənməsi planlaşdırılırdı lakin bunun əvəzinə 712 milyon dollar vəsait müqabilində 6,8 milyard dollar dəyərində əskinas çap olunub. Əskinazların çapı üçün xərclənən vəsaitin məbləğinə baxaq:
1 və 2 dollar – hər bir əskinas üçün 4,9 sent
5 dollar – 10,9 sent
10 dollar – 10,3 sent
20 və 50 dollar – 10,5 sent
100 dollar – 12,3 sent
Dollarla bağlı maraqlı faktlardan biri bundan ibarətdir ki, bu valyutanın əskinaslarının 90 faizində kokain izi var. 2009-cu ildə Massaçusets Universitetinin əməkdaşlarının apardıqları təcrübələr bu faktı sübut etməklə yanaşı, ölkə vətəndaşlarının bu narkotiki dollar əskinası üzərində qəbul etdiyini göstərmişdi. 1929-cu ildə ABŞ hökumətinin qəbul etdiyi standartlara əsasən dollar əskinasının üz tərəfində tanınmış siyasətçilərdən birinin portreti, əks tərəfində isə abidələr və emblemlər yer alıb.
Təxminən 1970-ci illərin sonlarımndan Amerikada dövriyyədə olan dollar əskinaslarının sayı ölkə xaricindəki əskinaslardan azlıq təşkil etməyə başlayıb. Hazırda dünyadakı əskinasların 80 faizi ABŞ-dan kənarda dövriyyədədir.
Dollar artıq 50 ildən artıqdır ki, dünyanın əsas valyutası sayılır və bu birinciliyini hələ də saxlayır. Uzun illər davam edən bu liderlik üzərində dövlət xadimi Bencamin Franklinin porteti olan 100 dollarlıq əskinası kapitalizm və maddiləşmiş dünyanın əsas simvoluna çevrilib.