Vəziyyətimiz tamaşaya oxşadığından teatrlarımızı diqqətdə saxlamaq vətəndaş
borclumuzdur. Oralardan isə, yazıqlar olsun, heç də yaxşı xəbərlər gəlmir. (İndi kimsə ağız büzəcək, deyəcək nə üçün öz dilimizdə “təəssüf olsun” yox, Anadolu ləhcəsində “yazıqlar olsun” yazırsan. Əlbəttə. “Yazıqlar olsun” yerinə “k sojaleniyu” yazsam belələri üçün daha doğma olur).
Örnək üçün, hardasa bir həftə qabaq Akademik Milli Dram Teatrımızın zəhmətkeş kollektivi dövlət başçısına müraciət yazmışdı. Müraciəti 70 xalq artisti, 55 əməkdar artist, 52 əməkdar incəsənət xadimi, 49 korifey sənətkar, 22 qalifeyli sənətkar, 33 elə-belə sənətkar, 5 nəfər pərdə qaldıran, 7 nəfər qrimvuran, 4 nəfər aravuran, 3 nəfər suflyor, 2 nəfər MTN işçisi, 4 üzəduran və sairə teatr xadimləri imzalamışdı. Prezident Administrasiyasından adının çəkilməsini istəməyən məktublar şöbəsinin müdiri hörmətli Süleyman müəllimdən aldığımız dəhşətli dövlət sirri olan məlumata görə, teatr zəhmətkeşlərinin yazdığı məktub o qədər uzun imiş ki, bunun bir ucu administrasiyaya girəndə arxası hələ “Beşmərtəbə”nin yanında imiş. Ən çox da imzalar hissəsi uzun imiş, çünki bizdə teatrda işləyən adamlar çoxdur. Hər 10 nəfərdən 9-u aktyordur, 1-i də rejissor. Xalqımız artistlik eləyib gününü yola verir. Ancaq biz siyasətə qarışmayaq. Mövzumuz, dərdimiz ayrıdır.
Bax, həmin məktubda hörmətli “AzDrama” zəhmətkeşləri cənab prezidentdən xahiş edirdilər teatrın direktoru İsrafil müəllimi qovsun. Çünki İsrafil müəllim bunları boğaza yığıbmış. Yazırdılar ki, o, direktor gələndən fiziki güc tələb edən davalar artıb. Müraciətdən bu cümlə daha çox yadımda qalıbdır: “143 illik Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz”. Əlbəttə, müraciətdən dərhal sonra teatr xilas edildi, İsrafil müəllim yenidən öz vəzifəsinə təsdiq olundu. Amma məni problemin qoyuluşu bir qədər narahat elədi.
Axı nə üçün teatrın xilası prezidentin əlində olmalıdır? Bəs mədəniyyət naziri hara baxır? Prezidentin işləri onsuz çoxdur: Qarabağ problemi, sosial-iqtisadi məsələlərin həlli, icra başçıları, məhkəmə, prokuror, rektor və prokurorların, deputatların təyin edilməsi və sairə. İndi bunun üzərinə dramaturgiya, teatr problemləri də gəlinsə, bizim axırımız nə olacaq? Bəlkə Hacıbala Abutalıbovu “AzDrama”ya rəhbər qoysun? Nə bilim…
Hər halda, aktyorlarımızın passivliyi narahat edir. Sən bir dənə İsrafil müəllimlə bacara bilmirsənsə, sabah hansı üzlə səhnəyə çıxıb “Dezdemona, dəsmalı ver!”, yaxud “Ölüm ya olum – budur əsas məsələ!” hayqıracaqsan? İnandırıcı olmaz. Tamaşaçılar səni pomidorla vurar.
Yeri gəlmişkən, təzəlikcə qəzetimizin “AzDrama” münaqişələri haqda yazısında “Teatrda sular durulacaqmı” başlığı qoyulmuşdu, bunu görəndə mən xeyli qımışdım. Rəhmətliyin uşağı, nə su? Orda qan axır xeyli vaxtdır. Xalq artistləri bir-birinin burnunu sındırır, qaşqasını partladır.
Halbuki respublikamızda başqa sahələrdə örnək götürüləsi xeyli insan vardır. Bunlardan qeyd edə bilərik Mərkəzi Bankın müdiri Elman müəllimi. Neftin qiyməti düşən kimi manat devalvasiyaya uğradı, süni maliyyə sabitliyimizin yaranmasında bu keçəl kişinin heç bir rolu olmadığı bütün çılpaqlığı ilə ortaya çıxdı. Əhali yüksək kredit faizlərindən illərdir əziyyət çəkir. Banklarımız karton evciklər kimi dağılır. Əsas neft pulları yığılan banklarda müdirlərin hətta gözətçilərinin adına kredit basıb yediyi ortaya çıxıb. Tək bir bankdan 5 milyarda yaxın pulu çırpışdırıblar. Bir ara Mərkəzi Bankda hətta “Kamaz”la pul oğurlandığı aşkar edilmişdi, xeyli istintaq-zad oldu. Manatı çap edən Avstriya şirkətinə rüşvət verildiyi, çap xərcindən böyük “şapka” əkişdirildiyi bilindi. Amma neynirsən… Yenə də Elman müəllim aydan arı, sudan durudur. Telini yan darayıb gəzir. Hətta bu yaxında beynəlxalq sorğuda guya ilin ən yaxşı bankirlərinin “C” kateqoriyasına düşdü. Halbuki istəsə özünü birbaşa “A” siyahısına salardı.
Görünür, bir az təvazökarlıq edibdir.