Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan 10 nəfər tələbəsi Çinin Şenyan Pedaqoji Universitetinə təhsil almağa göndərilib. Azərbaycanda ilk dəfə olaraq 10 nəfər tələbənin universitet hesabına Çinə təhsil almağa göndərilməsi ADU və Şenyan Pedaqoji Universiteti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun təşəbbüsü və dəstəyi nəticəsində mümkün olub. Müqaviləyə əsasən, tələbələr Çin dilini öyrənmək üçün ÇXR-da yaşamaq, orada təhsil almaq və Çin tələbələri ilə əlaqələr yaradaraq, bu dildə danışıq bacarıqlarını inkişaf etdirəcəklər.
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi ÇXR-nın Şenyan Pedoqoji Universitetində təhsillərini davam etdirəcəkləri Elmi Şuranın qərarı ilə mümkün olub. Artıq bu tədris ilindən II kursdan göndərilən tələbələrin Şenyan Pedoqoji Universitetindən alınmış krediti 2 universitet arasında təsdiq olunacaq. Çində II kursu müvəffəqiyyətlə başa çatdıran tələbələr ADU-da III kursda öz təhsillərini davam etdirəcəklər.
Sentyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Çinin Şenyan Pedaqoji Universitetində təhsil almaq üçün yollanmış tələbələrinə həmin universitetin Beynəlxalq Təhsil Mərkəzində Çin dili və Çin ölkəşünaslıq dərsinin tədris olunması məqsədilə tədris ilinin açılış mərasimi keçirilib. Tədbirdə Şenyan Pedaqoji Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin rektoru Can, həmin mərkəzin prorektoru, Pen, həmçinin niversitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Qeyd edək ki, həmin tələbələr Xarici Dillər kafedrasının müəllimi Könül Abbasovanın rəhbərliyi ilə Çinə göndərilib.
Könül Abbasova səfər haqqında təəssüratlarını Modern.az saytı ilə bölüşüb.
– Şenyan Pedoqoji Universitetinin tələbələri Azərbaycan haqqında nə kimi məlumata sahib idi?
– Ölkəmiz haqqında Çin tələbələrinin az da olsa məlumatları var idi. Neft ölkəsi olmasını və Turkiyə Respublikası ilə qonşu olmağımızı çox gözəl bilirdilər. Buna baxmayaraq tələbələrimiz çalışırdılar ki, öz mədəniyyətimiz və vətənimiz haqqında daha ətrafllı məlumat versinlər. Və bu məlumatlar çinlilər tərəfindən böyük maraqla qarşılanırdı. Onu da qeyd etmək lazımdır ki, çinlilər Azərbaycanlıların çox gözəl xarici görünüşə malik olduğunu, eləcə də mehriban xalq olduğunu dilə gətirirdilər.
– ADU tələbələri Şenyan Pedoqoji Universitetində nə kimi bilik və təcrübələr əldə etmək imkanına sahibdilər?
– Tələbələrimiz Şenyan Pedoqoji Universitetində 1 il ərzində nəinki Çin dilinin öyrənilməsində, həmçinin Çin mədəniyyəti, tarixi, iqtisadiyyatı, adət-ənənələri haqqında təcrübələr əldə etmək imkanına sahib olacaqlar. Onlar burada həmçinin HSK- Çin dilinin səviyyəsi imtahanında iştirak edəcək və şəhadətnamə alacaqlar. Ən önəmlisi isə çinlilərlə ünsiyyətdə olaraq bu dili daha da təkmilləşdirməyə nail olacaqlar.
– Şenyan Pedoqoji Universitetində ADU tələbələri necə qarşılandı?
– Tələbələrimizin ilk dəfə Çin Xalq Respublikasına yollanmasına baxmayaraq Şenyan Pedoqoji Universiteti tərəfindən çox yüksək səviyyədə qarşılandılar. Şenyan aeroportuna çatan kimi onları güləriz çinli müəllim qarşılayaraq universitet avtobusu ilə universitetə gətirdi. Universitetə çatdıqdan sonra tələbələr universitet şəhərciyi ilə tanış oldular. Burada universitetin kitabxanası, muzeyləri, idman zalları və tələbələr üçün əhəmiyyətli mərkəzlərlə tanış oldular. Tələbələr Şenyan Pedoqoji Universitetinin rektoru daxil olmaqla bütün universitet rəhbərliyinin iştirak etdiyi şam yeməyinə dəvət olundular. Rektor Azərbaycan tələbələrinə yeni tədris ilində uğurlar arzuladı.
– Azərbaycanı və universiteti tələbələr necə təmsil edirlər? ADU tələbələrinin nə kimi fəallıqları müşahidə olunur?
– Bizim tələbələr Çində vətənimizi təmsil etmək üçün təqdimatlar nümayiş etdirir və hətta bədii çıxışlar edirdilər. Bundan əlavə Çin Mərkəzinin direktoru, professor Rafiq Abbasovun rəhbərliyi ilə mərkəz tərəfindən hazırlanan Azərbaycan-Çin dili dərs vəsaiti və ADU-nun rektoru Səməd Seyidovun rəhbərliyi ilə həmin mərkəzin hazırladığı “İlham Əliyev-qədim xalqların dostluğunun müasir davamçısı” kitabı Şenyan Pedoqoji Universitetinə hədiyyə olunub.
– Çin və Azərbaycan təhsil sistemindəki oxşarlıqlar və fərqliliklər?
– Oxşar cəhətlər odur ki, hər iki ölkədə təhsilə çox böyük önəm verirlər, Şərq ölkəsi olduğu üçün müəllimə çox böyük hörmət edirlər. Fərqli cəhəti isə odur ki, Çində əsas fənlər günün 1-ci yarısı, əlavə fənlər isə 2-ci yarısı tədris olunur. Tələbələr əlavə fənlərdə istədikləri fənni seçmək hüququna malikdir. Onlar biliklər üzrə müxtəlif qruplara bölünürlər. Və imtahanı keçdikdən sonra növbəti səviyyə qrupuna keçmək imkanı qazanırlar.
– Səfər haqqında ümumi təəssüratlarınız?
– Azərbaycan təhsil sistemində ilk dəfə olaraq ADU-nun rektoru, professor Səməd Seyidovun təşəbbüsü ilə universitet hesabına universitetin çinşünaslıq ixtisasında təhsil alan 10 nəfər tələbənin göndərilməsi bu səfərin məsuliyyətli və vacib olduğunu deməyə əsas verir.
Bu mənim Çinə üçüncü səfərim idi və hər dəfə səfər etdiyim zaman mən çinlilərin çox zəhmətkeş və istiqanlı xalq olduğunun şahidi oluram.
http://s017.radikal.ru/i413/1509/68/a597c2190712.jpg
http://s019.radikal.ru/i616/1509/fa/2d7fa9fcdf6d.jpg
http://s020.radikal.ru/i710/1509/b1/2c9eaefce751.jpg
http://s020.radikal.ru/i701/1509/61/d2e8165badb8.jpg