Elə bir dövr gəlib ki, seçkini boykot təslim olmaq, sonucu bəlli olan seçkidə iştirak isə mövcudluğu qorumaq səciyyəsi daşıyır
Son 25 ildə ölkəmizdə keçirilən elə bir seçki olmayıb ki, seçki kampaniyasına start veriləndə ortaya boykot söhbətləri çıxmasın. Elə bir seçki olmayıb ki, onda bütün siyasi qüvvələr iştirak etsin. Mütləq kimlərsə seçkini boykot edib, kənarda qalıb və sonra seçkinin legitimliyini şübhə altına alıb.
Biz indiyə qədər elə bir seçki keçirməmişik ki, onu tam demokratik, şəffaf, qanuni seçki kimi səciyyələndirmək mümkün olsun.
İstisna hal kimi yalnız 1992-ci ildə keçirilən seçkini demək olar, o da müharibənin, od-alovun içində keçirilirdi, yenicə qurulmuş dövlətin bir yaşı belə yox idi, dövlət strukturları bərqərar edilməmişdi. Bu seçki də müasir tariximizin ən dürüst seçki olmasına baxmayaraq, ideal deyildi.
1990-cı ildə keçirilən və o dönəmin prezidenti Ayaz Mütəllibovun ümumxalq səsverməsi yolu ilə prezident seçilməsini təmin edən seçki dövrün ən qüdrətli müxalifət təşkilatı AXC tərəfindən boykot edildi. Seçkiyə yalnız ASDP lideri Zərdüşt Əlizadə qatıldı, televiziya ilə silsilə çıxışlar etdi, özünü, partiyasını tanıtdı, əvəzində partokratların rişxəndini (“gör kim gəlib Ayaz Niyazoviçə rəqib olub”), cəbhəçilərin nifrətini (seçkiyə legitimlik donu geyindirdiyinə görə) qazandı.
1992-ci ildə keçirilən seçkidə əksər siyasi qüvvələr iştirak etdi, amma revanşist partokratiya oliqarxiyası hansı namizədin ətrafında birləşmək lazım olduğunu darmacalda müəyyən edə bilmədi, son gündə səsini populist şüarlarla çıxış edən Nizami Süleymanova verərək, onu seçki ikincisi etdi.
1993-cü ildə keçirilən prezident seçkilərində tanınmış siyasətçilərdən heç kəs iştirak etmədi. Onlar seçkini məcburiyyət üzündən (şansları sıfıra bərabər idi) boykot etdilər və hakimiyyəti artıq götürmüş olan Heydər Əliyevin qarşısına Karrar Əbilov və Zakir Tağıyev ad-soyadlı iki həvəskar-namizəd çıxdı.
1995-ci ildə keçirilən parlament seçkilərində Müsavat zorla kənarda saxlanıldı. 1998-ci ildə baş tutan prezident seçkilərində müxalif qüvvələri birləşdirən siyasi blok boykot yolu tutdu, şans AMİP sədri Etibar Məmmədovun üzünə güldü. O, ya seçki ikincisi olaraq ikinci tura keçdi, ya da seçkidə qalib gəldi, amma rəsmi nəticələr başqa cür elan olunduğundan əsl həqiqət ortaya çıxmadı.
2000-ci ilin parlament seçkilərinə qatılan çox olsa da, yenə də seçkilərdə xalqın səsini alanlara mandat verilmədi.
Sonrakı seçkilərdə də boykot çağırışları da çox oldu, seçkini boykot edənlər də.
İndi il olub 2015, hələ də seçkini boykot etməkdən danışırıq.
Əlbəttə, bu çağırışlar kefdən deyil. Boykot tərəfdarı olan qüvvələr görürlər ki, heç bir qanuni seçki mühiti yoxdur və bu seçkilər də uğurlu bir şəkildə saxtalaşdırılacaq. Onlar özlərini çox zəif sayır, müqavimət göstərə bilməyəcəklərini anlayır, nəticəsi olmayan bir kampaniyaya qatılıb enerji, maddi vəsait, vaxt, əsəb sərf etmək istəmirlər.
Bunları bilə-bilə seçkiyə qatılmaq istəyənlər də var. Onların bir hissəsi hələ də nəyəsə ümid edən, entuziazmı aşıb-daşan yeni qüvvələrdir, bir hissəsi isə dəfələrlə seçkidə zorla uduzdurulan, amma boykota getməyi, seçkidə iştirakdan qaçmağı öz tarixi missiyasına zidd hesab edənlərdir.
Bu qüvvələr anlayırlar ki, bugünkü seçki şəraiti ilə ya ümumiyyətlə mandat qazanmayacaqlar, ya da qazandıqları 3-4 mandatdan artıq olmayacaq. Bununla belə, onlar iztirablı seçki marafonuna qoşulurlar – sırf ona görə ki, iqtidar komandasının “qırğı”ıarı “müxalifət ölüb, müxalifət yoxdur” deyə sinələrinə döyməsin.
Onlar hesab edirlər ki, hər halda, xalq ortada narazı qüvvələrin, müxalifətin olduğunu görməlidir.
Bu gün nəticəni nəzərə alaraq seçkiyə qatılmamaq təslim olmaq, sıradan çıxarılmanı qəbul etmək, əsas rəqibin təntənəsinə rəvac vermək anlamına gəlir. Xalq görməlidir ki, ölkə hələ Özbəkistana, Türkmənistana çevrilməyib, müqavimət var – budur boykota qarşı olan qüvvələrin düşüncəsi.
Belə bir yayğın fikir də var ki, guya hakimiyyətin növbəti seçki şousunda iştirak etmək lazım deyil. Ancaq onun bir xeyri olurmu? Əksinə, onda hər şey daha rəvan gedir və beynəlxalq birlik də seçkilərin nəticələrini daha rahat tanıyır, tələblərini sərtləşdirmir, üstəlik, günahı müxaliflərdə görür.