Mediamızda mərəzfason bir xüsusiyyət var: olar ki, suya girmiş dananın üstünə tökülüşən piraniya balıqları kimi hamılıqla bir mövzuya hücum çəkər, didik-didik edərlər, amma qarabağlılar demişkən, söhbətin vacehinə çatmamış, yəni bir nəticə əldə etməmiş ellikcə keçərlər başqa mövzuya.
Belə olanda oxucu qəzet və saytlardan inciyir, zəng edib deyir, on gün qabaq hey yazırdınız axı, nə oldu o problem həll olundumu. Demək olmur ki, qardaş, vallah, ayrı problem çıxıb, indi də onunla məşğuluq.
O gün redaksiyaya bir oxucu zəng eləmişdi, AZAL-dan gileylənirdi, deyirdi, hey yazdınız, biz də elə bildik, yaxşılığa doğru nəsə dəyişəcək, amma heç nə dəyişməyib, hələ bir az da pisləşib.
Nə illah, elədik, oxucu adını, soyadını demədi, dedi, adının çəkilməsini istəmir, amma AZAL-təyyarə-bilet probleminin həll olunmadığını bildirmək istəyir.
Sonra oxucumuz başına gələnləri təfərrüatlı bir şəkildə yazıb elektron ünvanımıza göndərdi, oxuduq, gördük ki, adamın gileylənməyə haqqı var.
Düzdür, biz şübhələnə bilərdik ki, bu adam kimdirsə, Cahangir Əsgərovun kreslosunu silkələyib, laxladıb altından çıxarmaq, yerinə özünə yaxın bir adamın qoyulmasını təmin etmək istəyir. Amma şübhələnmədik. Çünki bilirik ki, bu saat Əsgərova fələyin də gücü çatmaz. O qədər söz-söhbətdən, hətta satdığı biletin qiymətinin ali saraydakı müşavirədə müzakirə predmeti olmasından sonra da, adam, sovet partokratlarının sözü olmasın, işində dönüş yaratmadısa, demək, belə bağlıdır.
Xülasə, şikayət edən oxucumuz sözünə belə başlayıb: “Biz sadə vətəndaş olaraq… Barselonaya yollandıq”.
Bu yerdə, əlbəttə, o biri oxucular bununla razılaşmayacaq, deyəcəklər ki, biz də sadə vətəndaşıq, amma kefimiz istəyəndə nəinki Barselonaya, heç Biləsuvara da yollana bilmirik. Belə desələr, haqları var, amma ola bilər ki, bu sadə vətəndaş əhd eləyibmiş ki, ömründə bir dəfə Barselonaya getsin, burda elə bir şey yoxdur. Üstəlik, adam milyonçu da olsa, sadə vətəndaş ola bilər. Məsələn, Bill Qeyts sadə bir milyarderdir, bəzən günortalar qamburqer-zad yeyir.
Oxucumuz yazır ki, “Airbus-320”-də öz yerlərini tutandan və təyyarə havaya qalxandan sonra sərnişinlərə nahar təqdim ediblər və bu hamıda ikrah hissi oyadıb. Yemək bərbad imiş. Düzdür, o yeməyin nədən ibarət olduğunu yazmayıb, amma əgər ortada ikrah söhbəti varsa, demək, yemək, siz də məni bağışlayın, bir dəfə yeyilmiş yeməyə oxşayırmış.
Üstəlik, “ekonom-klass” bölümündə uçan 250-dən çox sərnişin tualet imtahanına çəkiliblər. Onlar təyyarənin arxasındakı iki tualetin yalnız birindən istifadə etməli olublar. Bu üzdən növbə yaranıb, əziyyət çəkənlər olub.
Gerçəkdən də başa düşmək çətindir, əgər təyyarədə iki tualet varsa, nədən birini bağlayırsınız, camaat da göyün yeddinci qatında təntiyib durur. Bunun özünü saxlaya bilməyən ahılı var, bəyrək xəstəsi var. Vallahi, elə şıltaq uşaqlar var ki, dünya veclərinə deyil, təyyarənin ortasında şırıldadarlar bəridən o yana, stüardessalar əllərində şəlpə əsir-yesir qalarlar.
Oxucumuz sadə vətəndaş qeydiyyat köşkünün önündə yaranan növbədən də gileylənir, yazır ki, qeydiyyat zamanı sərnişinlərin çantaları açılır, əşyalar boşaldılır və yenidən tərəziyə qoyulurdu: “24 kq baqajı olan sərnişin 100 avro ödəməyə məcbur olurdu”.
Belə şeymi olar? Tutaq ki, mən Barselonada yaşayan dostuma bir kiloluq bankada zoğal mürəbbəsi aparıram, ona görə yüküm 23 yox, 24 kilodur. Belə çıxır ki, bir kilo zoğal mürəbbəsinin qiyməti avtomatik olaraq 100 avro olur? Bəlkə vətəndaşın evdəki tərəzisi bir kilo az çəkib, yükü qablaşdıranda dəqiq çəkini tutuzdura bilməyib, buna görə o qədər pul verməlidir?
Oxucumuzun yazdığına görə, qeydiyyat zamanı “həmvətənlərimizə qarşı son dərəcə kobud, aqressiv rəftar edən məmur qadın” axırda AZAL-ın işçisi çıxıb, həm də bu qadın ispan sinyoritası olub. Əlbəttə, buna görə AZAL-ı qınamaq olmaz. Ölkəmizdə ispandilli qadın nə gəzir ki, aparıb Barselonada işlətsin.
Ən pisi odur ki, artıq AZAL 451 manatlıq Bakı-Barselona biletini 754 manat edib. Bax, görürsünüzmü, tənqidlərin bir nəticəsi olub artıq.
İntəhası, belə olanda sadə vətəndaşlar Barselonaya uça bilməyəcəklər. Gərək bir az mürəkkəb olsunlar.