Azərbaycanın siyasi arenasında bütün diqqətlər qarşıdan gələn parlament seçkilərinə yönəlib. Noyabrın 1-də keçirilməsi nəzərdə tutulan seçkilərdə deputatlığa namizəd olacaq iddialıların sayı artmaqdadır.
Əlbəttə, Azərbaycan Konstitusiyası ilə hər bir vətəndaşın namizədliyini irəli sürmək və deputat olmaq hüququ var. Amma böyük əksəriyyət deputatın vəzifə və səlahiyyətlərini dərk etməyərək, özünün bu posta layiq olduğu iddiasındadır. Bir çoxları isə həyata keçirə bilmədiyi arzularını reallaşdırmaq üçün deputatlığa “yumşaq kürsü” gözü ilə baxır.
Təkcə sosial şəbəkələrdə aparılan müşahidələrlə heç vaxt ölkənin ictimai-siyasi həyatında hansısa addım atmayan, taleyüklü məsələləri daşıyacaq gücdə olmayanların deputatlıq sevdasına düşdüyünün şahidi oluruq.
Vəhdət Partiyasının rəhbəri, Ali Məhkəmənin keçmiş sədri Tahir KərimliModern.az saytına deyib ki, hər kəs deputatlığın ağır yükü altına girə bilməz:
“Hüquqi baxımdan 25 yaşına çatan hər bir Azərbaycan vətəndaşı, müstəsna hallarda, ağır cinayət törətməyibsə, deputat ola bilər. Mən vaxtilə Ali Sovetin deputatı olmuşam. Deputat olmaq o qədər ağır, məsuliyyətli bir işdir ki, hər insan bu yükün altına girməməlidir”.
Tahir Kərimlinin fikrincə, səlahiyyətlərini bilməyənlər deputatlığı gözdən salıb:
“Doğrudur, parlamentdə oturub, sessiya boyu ağzını açmayanlar, qanunvericilik sahəsində ölkənin taleyi ilə bağlı heç bir iş görməyənlər deputat statusunu, deputat çəkisini azaldıblar. İstər mətbuat, istərsə də müəyyən qurumlar tərəfindən əhali arasında sorğular keçirilir. Məlum olur ki, deputatların xeyli hissəsini xalq tanımır. Açığı, mən də bəzilərinin adını çəkəndə bilmirəm deputatdır, ya yox. Belələri deputat mandatını hörmətdən salıb.
Deputat ölkənin taleyüklü məsələlərini həll edir, Konstitusiyada, qanunlarda nəzərdə tutulan bir çox funksiyaların daşıyıcısı, xalqın elçisidir, ölkəni təmsil edir. Konstitusiyaya görə, yalnız seçilən şəxslərin xalqın adından danışmaq ixtiyarı var ki, bunlar prezident, deputatlar və başqalarıdır.
Doğurdan da kənardan baxanda deputatlığa layiq olmayanların mandat almaq iddiaları çox qeyri-mütənasib görünür. Onların içərisində varlısı, vəzifə sahibi olanı da var. Amma vəzifə sahibi, imkanları olmaq o demək deyil ki, sən deputat da olmalısan. Hesab edirəm ki, bu, dövlətimiz üçün ağrılı mövzudur”.
İstiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov bildirib ki, heç də hamı yalnız kreslo üçün deputat olmaq istəmir:
“Düşünürəm ki, bütün namizədlərin hamısı varlanmaq, kreslo sevdası üçün namizədliyini irəli sürmür. Millətə xidmət edən deputatlarımız da var. Amma əksəriyyəti, xüsusilə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər kürsü, mövqe əldə etmək hərisidirlər, onlar öz həyatlarını daha da yaxşılaşdırmaq üçün çalışırlar. Amma bəzi adamlar cəmiyyətdə tanınmır, özləri də çox gözəl bilir ki, onlara səs verən olmayacaq və seçilməyəcəklər də. Sadəcə, “mən də varam”, “Milli Məclisin deputatı statusuna layiqəm” deməklə özlərini təqdim edirlər. Düşünürəm ki, onlar həvəskar adamlardır”.
Hacıbaba Əzimovun fikrincə, indiki parlament üzvləri arasında təsadüfi adamlar çoxdur:
“İndiki deputatlar içərisində xalqın halına yanan, xalq üçün çalışan 10-15 deputat var. Xalq onları yaxşı tanıyır. Amma böyük əksəriyyət yaltaq, kimlərinsə mənafeyini müdafiə etmək üçün orda otururlar. İllər uzunu qanunlardan xəbərsiz, bir dəfə hansısa məsələyə münasibət bildirməyənlərin sayı olduqca çoxdur.
Saymaqla bitməz. Hesab edirəm ki, növbəti seçkilərdə də parlament üzvləri indikindən fərqlənməyəcək. Dəfələrlə namizədliyimi irəli sürmüşəm. Amma heç vaxt qəbul etməyiblər. Yalnız 2005-ci ildə ödəniş etdiyim üçün namizədliyim qəbul olundu. Buna baxmayaraq, deputat seçilmədim. İndi də namizədliyimi irəli sürmək fikrində deyiləm”.