Mingəçevir hadisələri ilə bağlı istintaq davam edir. Polis şöbəsində ölən Bəhruz Hacıyevin ailəsinə hələ ki, yeni məlumat verilməyib.
Bu barədə məlumatı musavat.com-a mərhum B.Hacıyevin atası Dilsuz Hacıyev verib.
D.Hacıyev dünən – sentyabrın 1-də müstəntiq Qurban Səfərovla görüşdüyünü dedi: “Deyirlər ki, istintaq gedir, narahat olmayın. Sizin işinizə haqq-ədalətlə baxılacaq. Dedilər ki, hələlik ekspertlərin rəyi yoxdur. Buna görə də əlavə məlumat verə bilmərik”.
Mingəçevirdə sakitçiliyin olduğunu deyən D.Hacıyev kənd sakinlərindən təxminən 8 nəfərinin həbsdə olduğunu dedi.
Xatırladaq ki, Mingəçevir şəhər sakini Bəhruz Hacıyev avqustun 20-də polis şöbəsinə gətirildikdən 10 dəqiqə sonra ölmüşdü. Rəsmi məlumatda onun özünü pəncərədən atdığı və intihar etdiyi deyilirdi. Lakin mərhumun yaxınları B.Hacıyevin öldürüldüyünü iddia edirlər.
Avqustun 22-də B.Hacıyevin dəfnindən sonra bir qrup şəxs şəhər meydanında etiraz aksiyası keçirmişdi və polislə qarşıdurma yaranmışdı. Nəticədə xeyli sayda aksiya iştirakçısı həbs edilmişdi. 10 polis əməkdaşı xəsarət almışdı.
Rəsmi məlumatlarda həbs edilənlərin sayı 21 nəfər göstərilirdi. Aksiyadan sonra Mingəçevir kəndində aksiyada fəal iştirak edənlərin də həbsinə başlanılmışdı. Yerli sakinlər bunu təsdiq etsələr də, bu haqda rəsmi məlumat verilmir.
B.Hacıyevin ölümündə günahlandırılan polis baş leytenantı Şahlar Şahlarzadə isə artıq həbs edilib. Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlova isə şiddətli töhmət elan olunub.