Sterliqov Moskvada Azərbaycan əməliyyatçılarını “gözləyərkən” Sərkisyan yenə işğal altındakı ərazilərimizdə sərbəst gəzib-dolaşırdı…
Rusiyalı milyarder-avantürist, Azərbaycanda barəsində cinayət işi açılmış German Sterliqova, nəhayət, azacıq da olsa, qanunun gücü tətbiq edildi. Doğrudur, Moskvanın Domodedovo aeroportunda saxlandıqdan və sorğu-sual edildikdən sonra o, sərbəst buraxılıb – ancaq ölkəni tərk eləməmək şərtilə. Daha önəmlisi odur ki, azərbaycanlı əməliyyatçılar ondan ifadə almaq üçün dünən Rusiya paytaxtına yollanıblar.
Erməni separatçıları və onların havadarları üçün bu, əlbəttə ki, xoş xəbər deyil. İş ondadır ki, German Sterliqav Azərbaycana verilməsə də, bu, Bakının, Azərbaycanın aktivinə yazılacaq faktdır.
Həmçinin işğal altındakı torpaqlarımıza rəsmi Bakının razılığı olmadan səfər etmək istəyənlərə yaxşı xəbərdarlıq mesajıdır ki, belə səfərlərı qol qoyanlar heç də əbədilik cəzasız qalmayacaqlar; ən azından onların başqa ölkələrə giriş-çıxışları, hərəkətləri, trayektoriyaları izləniləcək, Azərbaycan dövləti onlara əngəllər yaradacaq, kəsəsi, rahat buraxılmayacaqlar.
Belə preventiv addımlar təbiidir, çünki Azərbaycan Dağlıq Qarabağ və ətrafındakı ərazilərin geri qaytarılması üçün təkcə halal haqqı kimi hərbi variantı nəzərdən keçirmir, eyni zamanda qeyri-hərbi (siyasi, diplomatik) mübarizə üsullarından da istifadə edir, hüquqi, informasiya müstəvisində mübarizə aparır.
Ola bilsin bu mübarizə hələ arzulanan nəticəni vermir. Amma günün birində situasiya, regional və qlobal şərtlər 180 dərəcə dəyişə və kiməsə boş şey kimi görünən “cinayət işləri”, “qara siyahılar” anındaca qorxulu dosyelərə çevrilə bilər…
*****
Maraqlıdır ki, Sterliqovun canına vicvicə düşdüyü vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərə getmiş, Ermənistan prezidenti Serj Sərkisyan isə işğal altındakı Dağlıq Qarabağ torpaqlarına, separatçı rejimin növbəti “müstəqillik günü”nü qeyd eləməyə gəlmişdi.
Yada salaq ki, Sərkisyan indiyədək dəfələrlə bu şəkildə Azərbaycanın dövlət sərhədini pozaraq ərazimizdə peyda olub. Bu xüsusda o, XİN-in “qara siyahısı”nda yəqin ki, çoxdan öncül yerlərdədir – sələfi, digər Xocalı caniləri, Azərbaycan təbəələri olan Robert Koçəryan və müdafiə naziri Seyran Ohanyanla birgə.
Deyilə bilər ki, onlar Azərbaycan vətəndaşlarıdır və sərhədi keçməkdə qeyri-adi bir şey yox. Formal olaraq elədir, amma onlar Ermənistan adlı dövlətin başında durduqları, yüksək vəzifə daşıdıqları üçün çoxdan Azərbaycan vətəndaşlığından çıxmış sayılırlar. Hətta bizim vətəndaşlar sayılsalar belə, dövlət sərhədimizi keçməyin prosedurları, qayda-qanunları var və onlar da bu prosedurları və qanunları dəfələrlə pozublar.
Üstəlik, hər üç şəxs Xocalı soyqırımı və digər ağır cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verməlidirlər – Azərbaycan vətəndaşı olsalar da, olmasalar da. Bu mənada məntiqlə rəsmi Bakı Sərkisyan, Köçəryan və Ohanyan barədə beynəlxalq axtarış verib onlara da ən azından bəzi hüququ əngəllər yarada bilər – konkret faktlar ortaya qoymaqla təbii ki
*****
O da deyilə bilər ki, Sərkisyana Ermənistan prezidenti kimi hansısa hüquqi əngəllər yaradılacağı inandırıcı deyil, Rusiya da Qərb ölkələri bunu ciddi qəbul eləməz, həm də o səbəbə ki, o halda Bakı ilə erməni tərəfdən sülh danışığı aparacaq rəsmi şəxs qalmaz və s. Amma və lakin… o zaman ən azından üç məsələdə üstün görünə bilərik: birinci o məsələdə ki, dünya, Qərb, Rusiya Azərbaycanın öz torpaqlarının itkisi ilə heç vaxt barışmayacağına, haqq işimizə əmin olar.
İkincisi, beynəlxalq birlik Ermənistana hərbi canilərin rəhbərlik elədiyindən nəhayət, duyuq düşər. Üçüncü yandan da sərkisyanlar, ohanyanlar vəzifədə əbədi deyilər. Postlarından gedəndən sonra onların hüquqi təqibi gücləndirilib məntiqi sonluğa çatdırıla da bilər – əlbəttə ki, Bakı israrını davam etdirsə…