Qəfildən və müəmmalı şəkildə Azərbaycanın işğal altındakı ərazilərinə köçən, neçə vaxtdır ki, Rusiya mediasının səhifələrindən düşməyən ekstravaqant rusiyalı milyonçu (yaxud keçmiş milyonçu) German Sterliqov Moskvanın Domodedovo aerportunda bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda biznesmenin erməni vəkili Artur Ayrapetov məlumat verib.
Vəkilin bildirdiyinə görə, Sterliqov “hüquq-mühafizə orqanları ilə olduqda taktiki söhbətdən sonra” sərbəst buraxılıb. Onun saxlanılmasının səbəbi isə Azərbaycanın Sterliqovun barəsində MDB ölkələri daxilində axtarışına dair verdiyi sorğu olub. Ayrapetovun sözlərinə görə, polis Sterliqovun Rusiya vətəndaşı olduğuna əmin olduqdan sonra onu azad edib. Bəzi Rusiya KİV-ləri isə Sterliqovun Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını xəbər verir.
Xatırladaq ki, Sterliqov İrəvandan Moskvaya qayıdarkən saxlanılıb. RİA Novosti agentliyinə açıqlmasında vəkil deyib ki, Sterliqov yaxın vaxtlarda Rusiyanı tərk etməyəcək. “O, təsərrüfatına baxacaq, çünki təsərrüfatı uzun müddət başsız qalıb, işləyib boşluğu dolduracaq”-Ayrapetov bildirib. Vəkil qeyd edib ki, Sterliqovun hüquqi müdafiəçiləri onun bir daha sərhədi keçərkən indiki kimi problemlə üzləşməməsi üçün Azərbaycanla məsələni nizamlamaq niyyətindədir.
Biznesmen özü isə FTX-yə yaxın LifeNews kanalına açıqlamasında 3 saat ərzində polis, nəqliyyat prokurorluğu və FTX əməkdaşları tərəfindən sorğu-sual edildiyini deyib. “Və indi mən Rusiya vətəndaşı kimi evə buraxıldım. Rusiya xüsusi xidmət orqanlarının qüsursuz işindən xoş mənada təəcüblənmişəm. Ancaq bizdə nəyisə aydınlaşdırmağın hələ Yeltsin dövründən qalma bürokratikləşmiş proseduru var”-o deyib.
Sterliqov iddia edib ki, saxlanılmasının səbəbi əslində “İvan Qroznıdan Putinə” adlı kitabıdır. “Bu kitab yayın əvvəlindən başlayaraq mənim problemlərimin əsas səbəbidir. Həmin dərslikdə Azərbaycan tərəfinin Dağlıq Qarabağ məsələsinə dair mövqeyi də şübhə altına alınır”-Sterliqov deyib.
Beləliklə, Sterliqova Domodedovo aerportunda başa salıblar ki, Qarabağa qayıtmaq planlarını təxirə salsın. Onun vəkilinin məsələnin Azərbaycan tərəfi ilə nizamlamağa çalışacaqlarına dair açıqlaması isə ancaq bu mənanı verə bilər ki, Sterliqov işğal altındakı ərazilərdə məskunlaşıb müxtəlif avantürist layihələrlə çıxış etmək və beləliklə də erməni təbliğatına xidmət etmək planlarından imtina etməyə razıdır. Yaxud onu buna razı olmaq üçün başa salıblar. Azərbaycan isə ancaq bu halda Sterliqovun beynəlxalq axtarışını, o cümlədən MDB çərçivəsində axtarışını dayandıra bilərdi.
Çünki Qarabağ ətrafında Sterliqov-şou getdikcə daha çox zəhlətökən xarakter alırdı. Bu avantürist rusiyalı kəndli-fermerin Qarabağda məskunlaşması şousu arxasında hansı siyasi maraqların dayandığını sezməmək çətin deyildi. Və ola bilsin ki, Moskvada onun missiyasının bitdiyi qənaətinə gəliblər. Xüsusən də xarici işlər naziri Sergey Lavrovun Bakıya sabahkı mühüm səfəri ərəfəsində…