“Sən Allah, xanım, bircə bunu səndən soruşacaqdım ki, görəsən, o kişi kasıbların da ölüsünü dirildir, ya bircə dövlətli adamlarınkını? Vallah, xanım, bu gün o qədər fikir eləmişəm heç bilmirəm nə qayırıram”
(Mirzə Cəlil, “Ölülər”)
Baş prokuror Zakir müəllim heç gözləmədiyimiz bir addım atıbdır. Həvəs yoxdur, hətta bunu dövlətçiliyə xəyanət də adlandırmaq olardı. Sən canın, gör neyləyibdir: Abşeron rayon prokuroru Qənimət Səfərovu işdə yol verdiyi qanun pozuntularına görə qovubdur.
Əlbəttə, zarafat edirəm, bizdə prokurorlar qanun pozuntularına heç vaxt yol vermirlər. Bəzi hallarda qanunlar özləri pozğunluq edirlər, onları da deputatxana üzvlərimiz yol kənarlarında, kolluqda-filanda tutub düzəldirlər, qanunlar olur düzgün.
Bəs Zakir müəllim Qənimət müəllimi niyə işdən çıxarıb? İlin-günün bu vaxtında, neftin qiymətinin 1-ci Avropa Oyunları yox, hətta Biləcəri nərd turniri keçirməyə çatmayacaq qədər düşdüyü günlərimizdə prokuror bəyəm göydən tökülür? Niyə bunu çıxarırsan? Bəs indi bunun uşağı acından ölsünmü? Yeznəsi krediti nə cür verəcək? Qayınanası İspaniya kurortlarına nə təhər gedəcək? Çox əsəbləşdim, Koroğlu körpüsü yaxında olsa bəlkə özümü atardım.
Uzun sözün qısası, Zakir müəllim Qənimət müəllimi… yaş senzinə görə işdən çıxarıbdır. Yox, bunun senzuraya dəxli yoxdur, həmçinin prokuror kreslosunu yaş etməyibdir. Sadəcə, yaşı çox imiş.
Bu nəsə təzə idarəçilik qaydasıdır. Bəyəm adamı yaşın çoxluğuna görə işdən çıxararlar? Maşallah, prokurorun nə qədər ki, azı dişləri insan parçalamaq üçün yetərlidir, gərək onu vəzifədə saxlayasan. Dişləri tökülsə, beli yaltaqlıq eləməkdən bükülsə, şalvarı kresloda oturmaqdan sökülsə (variantlar çox idi, uşaq-muşağın əlinə qəzet keçir deyə hamısını yazmadım) başqa məsələ. O zaman buyur, işdən çıxart. Hətta ulu babalarımız massagetlər kimi istəsən bişir ye. Bilmirəm xəbəriniz var, ya yox, qədim adətə görə massagetlər qocaları yeyirmişlər. Çox faydalıdır. Xüsusən qoca prokuror əti yeyən cavan hakimlər daha potensiyalı olurmuş.
Yaş çoxluğuna qalsa Artur müəllimin 1200 yaşı var, çox gözəl baş nazir işləyir. Tam Avropadakı kimidir – camaatın çoxu heç bilmir belə baş nazir var, ya yoxdur.
Sözgəlişi, dünən xəbər lentində gördüm, bir qaqaş maşını birbaşa ARDNŞ-nin ofisinin içinə sürmüşdü. Ay millət, panikaya düşməyin, hələ neft o qədər ucuzlaşmayıbdır. Bir müraciətim isə neftin ucuzlaşması sayəsində demokratiya quracağımıza ümid edən gənclərədir. Nahaq belə fikirləşirlər, umsuq olacaqlar, çünki neftin bir dəfə ucuz vaxtında bu millət Surət kimi debili gətirib özünə baş nazir qoymuşdusa (hələ başqalarını demirəm), bu dəfəki ucuzlaşmadan sonra böyük ehtimalla Balıq Hafizi xilaskar kimi prezidentliyə dəvət edəcəkdir. Boş-boş xəyallarla yaşamaqdansa vaxtında bayraq dələduzluğu eləyib yaşayın.
Bəli, bizdə Bayraq Meydanının müdirini məhz bu maddə ilə tutublar. Mən hələ də fikirləşirəm ki, bir bayraq müdiri hansı dələduzluq edə bilərmiş. Örnək üçün, bayrağın bir zolağını kiməsə satıbmış? Yaxud külək olmayanda bayrağı üfürüb dalğalandırıb? Bayraqla axı nə dələduzluq eləmək olar?
Eynilə Bakıdakı 55 saylı məktəbin direktoru Vahid Dəmirov kimi. Vahid müəllimə qarşı da dələduzluq ittihamı irəli sürülüb, üstəlik, onu tuta bilməyiblər, hansısa sinifdə gizlənir. (Zakir müəllimə kömək üçün yerini deyirəm: biologiya kabinetində skelet şkafındadır). Haqqında axtarış elan olunub. Axtarış demişkən, normal ölkələrdə məktəb direktoru yazıb Google-da axtarış versən cürbəcür təhsil uğurları çıxır. Bizdə isə “Direktor haqda cinayət işi başladı”, “Məktəb direktoru haqda dəhşətli məlumat”, “Direktor cüpürgəçini döydü” kimi pedaqoji xəbərlər ekrandan bərq vurur.
Vahid müəllimin konkret hansı dələduzluq eləməsi haqda isə hətta Google da bilmir. Gör necə peşəkar olmuşdur!