Əli Kərimli və ətrafı “Yeni Müsavat”a savaş açmağın əməlli-başlı altını çəkir. Hələ başları çox ağrıyacaq və bundan da ağır üzüntülərə tuş gələcəklər, nə qədər ki, hakimiyyət yolunda əsas maneə qismində qəzetimizi və onun baş redaktoru Rauf Arifoğlunu görəcəklər. Buna və özümüzə əminik.
Gerçəkdən də malı itənin imanı olmaz. Adamın böyür-başı ilbəil boşala-boşala gedir, ətrafında demək olar, ciddi, nüfuzlu bir şəxs qalmayıb, o isə günahı ölkənin aparıcı media orqanında görür. Əgər “Yeni Müsavat”, Rauf Arifoğlu bunca güclüdürsə, əstəğfürullah, qüdrət sahibdirsə, demək, bizimlə düşmənçilik yox, dostluq daha caiz deyilmi? Siz necə siyasətçiniz onda?
Amma kimə deyirsən. Azərbaycan müxalifətinin çoxdan metastazına çevrilmiş (nə kəsib atmaq olur, nə də “müalicə” eləmək) “Yurd” hörgütünün öz məntiqi, öz yanaşma və mübarizə prinsipləri var. O prinsiplərin də qayəsində “Kim bizimlə deyil, bizə qarşıdır!” leninçi tezisi dayanır. Ancaq ağlı başında olan insan, az-çox tanınmış ictimai xadim sizinlə, sizin qara güruhunuzla, demokratiya mantiyası altında gizlənən İŞİD təfəkkürlülərlə niyə olsun ki? Başları xarabmı olub?
*****
Xain xoflu olar. İndi də sabiq cəbhəçi funksioner Razi Nurullayevin revanş hərəkatını “Yeni Müsavat”ın baş redaktoru ilə iqtidarın birgə projesi olduğunu ortaya atıb, bu cəfəngiyatı tirajlamağa girişiblər. Guya 10-15 il öncəki güclü AXCP-dən hazırda sanballı nəsə qalıb və bu AXCP qalığının varlığı da “Yeni Müsavat”ı bərk qayğılandırır, hakimiyyətə isə ciddi əngəl yaradır.
Hakimiyyət özü bilər, fəqət bizə nə əngəl ola bilərsiz ki? Biz nə siyasi təşkilat, partiyayıq, nə də hakimiyyətə iddialı qurum. Yəni nəzəri olaraq yollarımız tam ayrı – siz ideoloji olaraq bizə nə rəqib, nə də müttəfiq ola bilərsiniz. Bizim tək hədəfimiz ölkədə, dünyada baş verənlərlə bağlı əlahəzrət oxucuya doğru-dürüst informasiya xidməti göstərmək, o sırada siyasi mühitdə baş verənlərə tər-təmiz güzgü tutmaq və bu zaman əziyyətimizin qarşılığında halal paramızı qazanmaqdır.
Əlbəttə ki, yeri gələndə həm də qəzet olaraq prinsipial, milli mənafeyə söykənən mövqe sərgiləmək də əsas görəvlərimiz sırasındadır. Zira, biz də insanıq, cəmiyyətin parçasıyıq, bu ölkənin vətəndaşıyıq və ölkənin, toplumun gələcəyinə, onu sağdan-soldan, içdən-dışdan gözləyən təhlükələrə laqeyd qala bilmərik.
Bir də axı, zəifi zəiflətməyə nə hacət? Zatən Elçibəy AXCP-sindən nə qalıb ki – şər-böhtan dağarcıqlarından savayı?
*****
Bunları yazırıq, amma fərqindəyik ki, yenə gedib daşa-divara dəyəcək, “möhürlü qəlblər”ə təsir edə, daxil ola bilməyəcək. Nədən ki, cənab Kərimlidən – İŞİD baş kəsənlərini Azərbaycana dəvət edən əmisi oğlu İnqilab Kərimovun timsalında “xəlİfə” əl Bağdadinin mübarizə üsullarına “like” deyən bir partiya sədrindən və onun yanındakılardan ayrı, ağıllı bir şey gözləmək möcüzə olar.
Əslinə qalsa, hakimiyyətə (hakimiyyətəmi?) gəlmək üçün şeytanla müttəfiqliyi, şeytani mübarizə üsullarını normal saymaq deməkdir bu. Hara gedirlər belə qısır təfəkkür, yaraşmayan əda və yerə-göyə sığmayan inadla, bəlli deyil?..
Böyük, güclü siyasətin əsas göstəricisi hakimiyyətə gəlməkdir, ən nüfuzlu, ictimai rəyə ciddi təsir imkanı olan bir mətbu orqana qarşı savaş açmaq yox! Əksinə, sağlam məntiqə görə, iqtidar olmaq istəyən siyasi qüvvə öncə nüfuzlu media orqanları ilə işləməyi, onlarla dost-müttəfiq olmağı, əməkdaşlıq etməyi bacarmalıdır. Yolları da çoxdan bəlli.
İndi sizə qarşı mübarizədə hansısa siyasi qüvvənin təbii müttəfiqinə çevrilmişiksə, bu, bizim günahımız deyil, sizin suçunuzdur. Deməli, sizin hədəfiniz hakimiyyət deyil. Bəs nədir? Bəlkə doğrudan da fürsət düşən kimi, İŞİD metodlarından yararlanıb “mini-xilafət” qurmaqdır – Allah bilir…
*****
Yəni sivil, demokratik mübarizə bunlardan ötrü sadəcə, şirma rolundadır hələ ki. Əks təqdirdə demokratiyaya, demokratik mübarizə üsuluna, sadəcə, insaniyyətə, dinə-imana heç bir aidiyyəti olmayan İŞİD-ə necə haqq qazandırmaq olar?