Meteohəssas insanlara xəbərdarlıq edildi.
Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.
Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 32-37, Bakıda gecə 24-26 isti, gündüz 35-37 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 20-si axşamadək Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada rütubətliliyin normadan çox olması ilə bürkülü hava şəraitinin yaranması və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.