Qardaş Türkiyə ətrafında situasiya mürəkkəb olaraq qalır. Bir yandan İŞİD, PKK terroru ilə qabaq-qənşər qalmaq və bu təhlükələrdən dolayı daxili sabitliyi və təhlükəsizliyi qorumaq zərurəti, digər yandan da yeni hökumət formalaşdırmaq problemi və Qərbin, ABŞ-ın, Rusiya və İranın Ankaradan gözləntiləri Türkiyəni gerçəkdən də qəliz bir duruma salıb.
Ancaq şükürlər olsun ki, qardaş ölkə bunca köhnə-yeni problemlər və təhdidlər; bunca dərd-sər fonunda da öz dəngəsini saxlayır, xarici və daxili təhlükələrə layiqli, adekvat, çevik cavab verir və eyni zamanda yeni hökumət probleminin varlığını sezdirmir.
Bunun bir səbəbi Türkiyə dövlətçiliyinin tarixdən gələn dərin təcrübəsinə, digəri onun hərbi cəhətdən qüdrətli dövlət olmasına bağlıdırsa, üçüncü və bəlkə də əsas amil sözsüz ki, qardaş ölkədə on illərdir oturuşmuş demokratik sistemin, sivil idarəçiliyin və müasir toplumun varlığına dayanır.
Qəti şübhə yox ki, əgər sonuncu amil olmasaydı, indi Türkiyə də qonşu Suriyanın günündə, hətta ondan betər vəziyyətdə idi. Suriyanın, Bəşər Əsədin başına gələnlər, Əsədin özünün öz xalqının başına gətirdikləri bir daha demokratik idarəçiliyin, azad və ədalətli seçkilərlə vaxtaşırı reallaşan hakimiyyət dəyişikliyinin, prezidentin legitimliyi məsələsinin dövlət və xalq üçün nə dərəcədə taleyüklü olduğunu üzə çıxarır. Bütövlükdə qeyri-demokratik, avtoritar rejimlərin öz xalqı üçün, region üçün daşıdığı potensial risklərin miqyasını əyani nümayiş etdirir.
Bu mənada Suriyada Bəşər Əsədin hakimiyyət hikkəsi üzündən üçüncü ildir davam edən və bitmək bilməyən faciəvi olaylar, yüz minlərlə günahsız insanın qətli və evindən didərgin düşməsi azadlıq, tərəqqi, əmin-amanlıq istəyən xalqlara və siyasilərə ciddi örnək, dərs olmalıdır, çünki bu, “hansı yolla getmək olmaz” sualına ən dürüst, ən inandırıcı, ən aydın, həm də faciələrdən yoğrulmuş bir cavabdır.
Yol əlbəttə ki, sınanmış demokratiya yoludur, zira, demokratiyada heç vaxt çarə tükənməz. Ən azından avtoritarizmin, totalitarzimin tapa bilmədiyi çarələr demokratiyaya var. Bunu son olaraq Çin nümunəsi də təsdiqləyir. Yuanın devalvasiyası ilə bağlı iqtisadi ekspertlərdən biri beləcə də deyib ki, Çin qapalı iqtisadiyyatı ilə bağlı artıq seçimlə üz-üzə qalıb: ya liberallaşmaya getməli, ya da daha dərin böhrana hazır olmalıdır. Demək, dünyanı heyrətə salan “Çin möcüzəsi” də müvəqqəti və sonucda demokratikləşməyə möhtac imiş…
Qayıdaq Türkiyəyə.
“Türkiyədə koalisiya hökumətinin qurulmasının uğursuzluqla nəticələnməsi o demək deyil ki, ölkədə siyasi xaos olacaq”.
Bunu AKP rəsmisi, millət vəkili Məzhər Bağlı deyib. Millət vəkili bildirib ki, Türkiyədə demokratik cəmiyyət mövcuddur və yeni hökumətin qurulmasının uğursuzluqla nəticələnməsi ölkədə risklərə səbəb ola bilməz.
Haqlıdır. Demokratik seçki ənənəsi bəlkə də indi Türkiyəni əsas xilas formulu, bütün problemlərdən yeganə və ən məqbul çıxış yoludur. Çünki söhbət xalqın (çoxluğun, toplumun) iradəsinin reallaşmasından gedir. Xalqın iradəsi olan yerdə isə ən həlledilməz görünən münaqişəli məsələlərin çözümü də xeyli sadələşir.
Bu və digər ümidverici faktorla söyləməyə əsas verir ki, qardaş ölkədə həqiqətən də xaos olmayacaq İnşallah, türk düşmənlərinin arzuları ürəyində qalacaq; türk toplumu və dövləti bu təhlükələri də özünün mandat verdiyi siyasi qüvvələrin, yeni hökumətin vasitəsilə aşa biləcək.
Bu yolda bizdən qardaş xalqa yalnız uğurlar arzu eləmək qalır.